CROSSMEDIA - Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına dair topoqrafik və kosmik görüntülü rəqəmsal xəritə hazırlanıb
Ekologiya

Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına dair topoqrafik və kosmik görüntülü rəqəmsal xəritə hazırlanıb

“Environmental Protection First” (EPF) Koalisiyası Cənubi Qafqazın və Xəzər dənizinin ekologiyasını zəhərləyən Ermənistanın dağ-mədən sənayesi müəssisələri barədə interaktiv rəqəmsal xəritəni ictimaiyyətə təqdim edib. İnfobank mahiyyətli rəqəmsal xəritə Azərbaycan, ingilis və erməni dillərində hazırlanıb. Rəqəmsal xəritəni tərtib edən Koalisiyaya üzv olan “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov bildirib ki, bu unikal resurs üzərində peşəkar komanda bir ildən çox fəal iş aparıb.

O, “Environmental Protection First” Koalisiyasının 2024-cü ildə Azərbaycan, ingilis və erməni dillərində “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritə də hazırladığını, indiki Coğrafi İnformasiya Sistemləri (CİS) proqramlarına əsaslanan rəqəmsal xəritənin həmin xəritənin bazasında ərsəyə gətirildiyini, lakin materialların xeyli zənginləşdirildiyini diqqətə çatdırıb.

Müəllif əlavə edib ki, interaktiv xəritədə faydalı qazıntıların növləri, yerləşdiyi ərazilər, əsas çirkləndirici müəssisələr, onların hansı maddələrlə hansı çayları çirkləndirməsi barədə məlumatlar təqdim olunur: “Ermənistanda dövlət qurumları bu barədə susmağa üstünlük verir, amma biz xəritələri həm də erməni dilində hazırlayırıq ki, yerli ictimaiyyət ondan gizlədilən ekoloji cinayətlərdən agah olsun. Peşəkar kartoqrafik əsər olan xəritə müasir “WGS-84” koordinat sistemində yığılıb, klikləmə üsulu ilə obyektlər haqqında ətraflı məlumat almaq mümkündür. Xəritənin altlığı həm topoqrafik, həm də kosmik görüntülüdür. İstehsal müəssisələri haqqında məlumatlar kosmik təsvirlərin analizi nəticəsində alınıb. Xəritədə xammal emalı müəssisələrinin, istismar edən şirkətlərin adları, müəssisələrin təyinatı, ətraf mühitə təsirləri haqqında məlumatlar, foto və videolar verilib”.

Qeyd edək ki, “Environmental Protection First” (EPF) Koalisiyasının hazırladığı interaktiv rəqəmsal xəritə yaxın günlərdə Koalisiyanın saytında yerləşdiriləcək.

11:40 27.02.2025

Oxunuş sayı: 915

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR