Til-Yarvin əlaqəsi təkcə Trampa dəstəkdən ibarət deyil. Milyarder sərmayədar olan Til sonradan yeni növ mühafizəkar “pozucuları” maliyyələşdirməyə və istiqamətləndirməyə başladı. Bu prosesin ən diqqətçəkən nümunəsi, Ohayodan yenicə Senata seçilən C.D. Vensdır. Əslində, “Hillbilly Elegy” adlı xatirəsi ilə tanınan Vens 2016-cı ildə Trampı tənqid etsə də, sonradan onu dəstəklədi. Tilin maliyyə dəstəyi və Trampın təsdiqi nəticəsində Vens Respublikaçıların ilkin seçkisində daha tanınmış namizədləri geridə qoyaraq ABŞ-ın vitse-prezidenti oldu.
Trampın implementasiyasında Yarvinin xarici siyasət plani
“Avropa üçün yeni xarici siyasət” adlı 2022-ci ildə dərc olunmuş bir essesində Yarvin ABŞ-ın xarici siyasəti barədə heyrətləndirici bir baxış ortaya qoyur. O, ABŞ-ın Avropadan tamamilə geri çəkilməsini və bununla da Rusiyanın yaranacaq güc boşluğunu doldurmasını təklif edir. İlk baxışda Yarvin bunu prinsipial bir təcridçilik forması kimi qələmə verir. Ancaq diqqətlə nəzərdən keçirdikdə burada daha geniş və daha radikal bir mövqenin dayandığı aydın olur: liberal demokratiyanın özünə qarşı dərin bir nifrət.
Yarvinin mətnində bir çoxumuzun öz-özlüyündə dəyərli hesab etdiyi məfhumlara—azad və açıq seçkilərə, qanunun aliliyinə və insanların öz hökumətlərini formalaşdırmağa haqqı olduğuna—sonsuz bir nifrətin ifadəsini görmək olur. Onun fikrincə, Ukrayna sadəcə ABŞ Dövlət Departamentinin “xaotik kuklası”dır. Beləliklə, Yarvin bu ölkənin suveren və ya legitim olmasını tamamilə rədd edir. Onun düşüncəsinə görə, bu cür dövlətlər yalnız liberal qaydaların görüntü xatirinə saxlanması üçün var və Rusiya onları yenidən ələ keçirmək istəsə, özünü sərbəst hiss etməlidir.
Yarvinə görə, liberal demokratiyanın ən böyük “cinayəti” fərdi azadlıqları və bərabərlik ideallarını önə çəkməsidir. O, dəfələrlə “anqlo-amerikan liberal” ideyalarını aşağılayır və onların Avropada yeri olmadığını iddia edir. Bunun əvəzində o, avtoritar və hətta monarxik rejimləri daha “orijinal” kimi tərifləyir, demokratiyanı isə ABŞ-ın—yəni 1945-ci ildən sonrakı dünyanın əsas himayədarının—regiondan çəkilməsi baş verərsə, asanlıqla məhv olacaq zəif bir sistem kimi təsvir edir.
Yarvinin arqumentində ən narahatedici cəhət, onun xarici siyasət “reseptini” 2024-cü ildə yenidən seçiləcək (o, bu məqaləsində Trampın 2024-cü il seçkilərində hakimiyyətə qayıdacağını proqnozlaşdırır) “ideal Trampa” güc qazandırmaq planı ilə birlikdə təqdim etməsidir. Yarvin qeyd edir ki, ABŞ Avropadakı təsirini geri çəkərək Dövlət Departamentindəki bürokratiyanı darmadağın edə və beləliklə “ekspert” adlanan şəxsləri təsirsizləşdirə bilər ki, bu da gücün tam şəkildə Ağ Evdə cəmləşməsinə şərait yaradar. Başqa sözlə, o, xarici siyasətə sülhü qorumaq və ya ortaq dəyərləri irəli aparmaq vasitəsi kimi yox, vahid liderin ölkə daxilində siyasi nüfuzunu artırmaq üçün bir alət kimi baxır. Onun iddiasına görə bu, ciddi nəzarət və tarazlıq mexanizmlərindən azad olan “güclü əl” siyasətinin nəticə verə biləcəyinə dair inamı gücləndirəcək.
Səs-küylü ifadələrin arxasında Yarvinin essesi əslində beynəlxalq sistemin liberal dirəklərini silməkdən bəhs edir. NATO, kollektiv müdafiə konsepsiyası və demokratik idarəetmə ilə bağlı onilliklər boyu davam edən ümumi razılıq onun hücumlarına məruz qalır. Yarvinə görə, insan hüquqları, öz müqəddəratını təyinetmə və fərdi azadlıqlar barəsindəki mənəvi arqumentlər “gerçək” siyasətə yaddır.
Yarvin təkcə Avropanı formalaşdıran müharibədən sonrakı prinsipləri inkar etmir, eyni zamanda hökumətin legitimliyinin idarə olunanların razılığından qaynaqlandığını bildirən maarifçilik ideyasını da silib atır. Onun üçün liberal meyilli istənilən dövlət Qərbin dəstəklədiyi bir “komediya”dan ibarətdir. O iddia edir ki, əgər bu dəstək yoxa çıxarsa həmin dövlətin daha güclü, bəlkə də avtoritar bir rejimin təsiri altına düşməsi təbiidir.
Yarvinin düşüncələrində bəlkə də ən narahatedici ünsür, yuxarıdan-aşağıya doğru idarəetmənin doğma və “əsl” olmasına dair inamıdır. Yarvinə görə demokratik iştirak bir sapma və ya ötəri bir mərhələdir ki, ondan tezliklə xilas olmaq lazımdır. Məhz bu məntiq onu monarxiyaya, hərbi xuntaya və ya hər hansı digər mərkəzləşdirilmiş idarəetmə formasına isti baxmağa sövq edir.
Şübhəsiz ki, Yarvinin Ukraynanı “saxta ölkə” adlandırması və ya ABŞ-ın Avropadan kütləvi şəkildə geri çəkilməsini təklif etməsi kimi fikirlər ana xəttə aid deyil. Amma buna baxmayaraq, onun liberal demokratiyaya yönəlik ümumi skeptisizmi bugünkü siyasi mühitin bəzi guşələrində əks-səda doğurur. Gördüyümüz kimi, populist ritorika bəzən “güclü əl” tipli idarəetməyə tələbatla üst-üstə düşür və Yarvinin essesi bu meyillərə vahid (amma təşviş doğuran) bir çərçivə gətirir.
Sonda, “Avropa üçün yeni xarici siyasət” xarici siyasətdən xeyli geniş bir məsələyə toxunur. Bu, müasir liberalizmin dayaqlarını sarsıtmağa, demokratik normaları kənara atmağa və daha iyerarxik, Yarvinin fikrincə isə daha “gerçək” bir idarəetməyə çağırışdır. Bu, qlobal qeyri-müəyyənlik və institutlara inamın azaldığı bir dövrdə antidemokratik düşüncənin necə kök saldığını və bəzilərinin liberal dəyərlərin dağılmasını nə qədər səbirsizliklə gözlədiyini göstərir.
Texno-sağ hərəkat gücləndikcə, onun ənənəvi demokratik strukturlarla toqquşması qütbləşməni daha da dərinləşdirəcək kimi görünür. Artıq Piter Til kimi şəxslər Silikon Vadisinin “pozucu” ruhundan ilhamlanaraq yeni nizamnaməyə malik şəhərlər (charter cities), dənizdə yaşayış məskənləri (seasteading) və ya kripto əsasında idarəetmə modellərini sınaqdan keçirir, hökumət nəzarətindən yayınmağın yollarını axtarırlar. Bu cür təşəbbüslər sürətlənsə, mövcud dövlətlərin legitimliyini sarsıdaraq sabit institutları rəqabət aparan suverenliklərin döyüş meydanına çevirə bilər.