Münxen Təhlükəsizlik Konfransı - ABŞ sağ göstərib sol vurdu

Münxen Təhlükəsizlik Konfransı, beynəlxalq siyasi arenada mühüm rol oynayan və Qərbin təhlükəsizlik siyasətinin müzakirə olunduğu bir platformadır. Hər il burada dünya liderləri və ekspertlər bir araya gələrək, geosiyasi məsələlərə dair fikir mübadiləsi aparır, gələcək istiqamətlər haqqında qərarlar qəbul edirlər. Lakin 2025-ci ildə keçirilən konfransda, Qərbin birliyi ilə bağlı ümidlər bir daha boşa çıxdı. ABŞ-nin vitse-prezidenti Avropaya qarşı sərt tənqidlər irəli sürdü. Hətta "qoca qitə"min siyasətçilərini aşağılamaqdan belə çəkinmədi.
Bu barədə Crossmedia.az-a açıqlama verən politoloq Qədir Aslanlı Münxen Təhlükəsizlik Konfransından, eləcə də ABŞ-nin xarici siyasətində son dövrlərdə müşahidə olunan qərarsızlıqdan danışıb:
"Münxen Təhlükəsizlik Konfransı növbəti il üçün strateji istiqamətləri müəyyənləşdirir. Adəti üzrə biz burada da Qərbin birlik mesajını görmədik. Qərbdə dərin fikir ayrılığı yaşandı. ABŞ-nin vitse-prezidenti alman torpaqlarında işğalçıya konkret mesaj verməli idi. Hamının gözlədiyi bu idi. O, Putinin Avropadan qoşunlarını çəkməsini deməli idi. Lakin o, Avropanı danladı. Bu, ənənəvi qaydada alışılmış bir münasibət olmadığına görə Avropadan da reaksiya gəldi.
Trampın başçılığı altında "Maqa qanadı" var idi. "Maqa" əvvəl kiçik bir qrup idi. Sonradan yavaş-yavaş onların verdiyi ideyalar bütün Respublikaçı partiyanı yoluxucu xəstəlik kimi ağuşuna aldı. Onlar həmin ideyanı populist tərkibində inkişaf etdirdilər.
Daha çox populistik ideyaları özündə saxlayan seçki platforması yaratdılar. Bununla da həm populyar seçkini həm də "seçilənlərin seçimi"ni uddular. Bu, ABŞ tarixində son dövrdə demək olar ki, olmayan bir hadisə idi.
Nəticə etibarı ilə isə indi heç kimin verilən qərarlardan xoşu gəlmir. Bu, həm cəmiyyətdə, həm də partnyorlarda qarışıq reaksiya yaradır. Xüsusilə də partnyorlarda ABŞ-nin mövqeyi bəlli deyil. Burada iki məqam ola bilər.
ABŞ məqsədyönlü şəkildə bir siyasət aparır. Rəsmi Vaşinqtonun sağ göstərib sol vurmağının pərdə arxasında başqa siyasəti var, ya da ki həqiqətən də Tramp belə düşünür. Ali Məhkəmə və Konqres onun işinə hər an baxa bilər. İmpiçment məsələsi hər zaman qüvvədədir, məhkəmə də öz yerindədir. Tramp da cinayətkar kimi ali məhkəmə tərəfindən hökm oxunmuş adamdır. O, acgöz insanları birinci vitrin kabinetinə gətirib. Bəlkə də onların çoxunu: müdafiə nazirini, dövlət katibini dəyişəcək. Partnyorlarla həmfikir olan xətti qorumaq yolundan çıxıb".
Ekspert sonda Trampın yeni dünyanı öz düşüncəsinə görə ayarlamaq çərçivəsini çizdiyini, lakin bunun hələ ki, uğursuz olduğunu vurğulayıb.
Banuçiçək Kalbalıyeva
23:10 17.02.2025
Oxunuş sayı: 2829