Müharibənin taleyi həll olunur: “Rusiya bezib, Zelenski öldürüləcək”

Ukrayna Silahlı Qüvvələri (USQ) Kursk, Toretsk və Pokrovsk ərazilərində kontur-hücumlara başlayıb. Bununla da Rusiya ordusunun irəliləyişinin sürətini azaltmağa çalışır. Bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Kiyev təşəbbüsü geri qaytarmağa və mümkün danışıqlar üçün mövqeləri gücləndirməyə çalışır.
Belə ki, kontur-hücumlar taktikasının məqsədi Rusiya üçün taktiki dilemmələr yaratmaqdır. Bu yanaşma Rusiyanı qüvvələrini yaymağa məcbur edir və hücumlarının sürətini azaldır.
ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi ilə üç ildir davam edən müharibənin, nəhayət, başa çatacağına dair ümidlər yaranır. Belə bir vəziyyətdə Ukraynanın əks- hücumları gücləndirməsi maraq doğurur. Məqsəd nədir? Mümkün danışıqlardan yayınmaq, yoxsa danışıqlar masasına “əli güclü” getmək?
Bu barədə Crossmedia.az-a danışan hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, Rusiyanın ehtiyatları tədricən: “Bu, şəxsi heyət, həm də silah- sursat çatışmazlığında hiss olunur. Təsadüfi deyil ki, artıq Şimali Koreya qoşunları da Rusiya tərəfdən müharibəyə qoşulub. Üstəgəl, həbsxanadakı şəxslər müharibədə döyüşmək müqabilində azadlığa buraxılırlar. Təsəvvür edin, ölüm cəzasına lqyiq görülünlər azadlığa buraxılır və qəhrəman olurlar. ABŞ-da Trampın hakimiyyətə gəlməsi ilə Ukrayna üçün müəyyən problemlər yarandı. İndi Vaşinqton Kiyevdən hesab tələb edir. Soruşurlar ki, bizim ayırdığımız 2 milyard hara gedib?”.
Müsahibimizin sözlərinə görə, Ukraynanın fəallaşması təsadüfi deyil: “Ukrayna Prezidenti Volodimir Zelenski başa düşür ki, ölkəsinin geri çəkilməsi onun sonu olacaq. Ona görə də Ukrayna fəallaşır, Qərbin diqqətini çəkmək istəyir. Məqsəd yeni hərbi yardım almaqdır. Ümumiyyətlə, Ukrayna müharibəyə yeni rəng qatır. Kurskdakı əks- hücum, xüsusi xidmət orqanlarının Rusiyada həyata keçirdikləri əməliyyatlar, o cümlədən strateji əhəmiyyətli obyektlərin vurulması və yüksək rütbəli zabitlərin öldürülməsi bunun bariz nümunəsidir. Beləliklə, Ukrayna müharibədə qalib gələ biləcəklərinə dair Qərbə mesaj ötürür. Ümumiyyətlə, bu müharibədə rəsmi Kiyevin taleyi həll olunur. Hərçənd Qərb Ukraynanı o qədər də düşünmür. Onları maraqlandıran öz ambisiyalarıdır. Bu savaş zərgər dəqiqliyi ilə hazırlanmış plan idi. Məhz bu planın nəticəsində iki qardaş xalq düşmən oldu. Hərçənd ruslar həmişə ukraynalılara yuxarıdan- aşağı baxıblar”.
Ekspert Qərbin Ukraynanı aldatdığına diqqət çəkib: “Verilən vədlər icra edilmədi. Vaxtı ilə Ukraynanın NATO-ya üzvlüyündən danışanlar indi onu yarı yolda qoyurlar. Zelenski bununla barışa bilmir.O, çox acıqlıdır. Yəni hər şey oyun idi. Zelenskinin hakimiyyətə gətirilməsi və sonra baş verənlər də bu oyunun bir hissəsi idi. Perspektivdə Zelenskinin öldürülməsi mümkündür. Qərb Zelenskisiz Ukrayna istəsə, ona qarşı sui- qəsd təşkil edəcək. Amma Ukrayna Prezidentinin başqa formada hakimiyyətdən uzaqlaşdırılması, ona siyasi sığınacaq verilməsi isə inandırıcı görünmür. İl ərzində danışıqların başlanması mümkündür. Ukrayna kimi Rusiya da bunu istəyir. Rəsmi Moskva artıq bezib. Rusiyanın kifayət qədər resursları olsa da, bunu realizə edə bilmir. Beləliklə, əslində Kiyev də uduzub, Moskva da. Vaşinqton yaxşı oyun qurdu”.
Kənan Novruzov
15:43 10.02.2025
Oxunuş sayı: 5731