Biznesmen Tramp qlobal iqtisadiyyata necə meydan oxuyur?

ABŞ Prezidenti Donald Trampın tarif siyasəti ilə qlobal iqtisadiyyata meydan oxuması, ölkənin dünya ticarətindəki rolunu yenidən düşünməyə vadar edir. Lakin tarix və siyasi nəzəriyyə göstərir ki, proteksionizm heç vaxt qalib gəlməyib. Bu, XIX əsrin merkantilist düşüncəsindən qidalanan, lakin müasir iqtisadi reallıqlara uyğun gəlməyən bir siyasətdir. Bu məqalədə vurğulandığı kimi, Trampın ticarət divarları qurmaq cəhdi dünyanın qalan hissəsini ABŞ-ni kənarda qoyan yeni ticarət yolları tapmağa vadar edir.
Burada əsas məqam ondan ibarətdir ki, qlobal ticarət təkcə iqtisadi proses deyil, həm də strateji gücün ifadəsidir. Siyasi nəzəriyyəyə uyğun olaraq, liberalizm və sərbəst bazar prinsipləri çərçivəsində ticarətin dövlətlərin gücünü necə artırdığını və ya azaltdığını nəzərdən keçirək.
Şotland iqtisadçısı və filosofu Adam Smitin "Sərvətlərin Təbiəti" əsərində vurğuladığı prinsipə diqqət edək: Azad ticarət istehsalçılar arasında səmərəliliyi artırır və istehlakçılar üçün qiymətləri azaldır. Lakin Tramp administrasiyası azad bazarın bu fundamental prinsipini nəzərə almadan “Amerika üstünlükləri” adı altında əslində ABŞ-ni dünya iqtisadiyyatından təcrid edən bir siyasət yürüdür.
Məqalədə göstərildiyi kimi, Avropa İttifaqı, BRICS, ASEAN və digər iqtisadi bloklar ABŞ-nin tətbiq etdiyi tariflərə alternativ olaraq öz ticarət əlaqələrini möhkəmləndirir. Bu, təkcə iqtisadi diversifikasiya deyil, həm də strateji balansın dəyişməsi deməkdir. ABŞ-nin bu cür özünü izolyasiya edən addımları təkcə iqtisadi baxımdan deyil, geosiyasi cəhətdən də ciddi nəticələr doğura bilər.
Xüsusilə vurğulamalı olduğumuz məqam isə ABŞ-nin proteksionist siyasətinin onu ticarət əlaqələrindən kənarda qoymasıdır. ABŞ-nin müttəfiqləri - Kanada, Meksika, Avropa İttifaqı - yeni yollar tapır və artıq ABŞ-yə alternativ bazarlar qururlar. Bəs bu prosesin nəticəsi nə ola bilər? Ehtimalları nəzərdən keçirək:
1. ABŞ üçün daha bahalı istehsal və inflyasiya gözləniləndir: Yerli istehsalın qorunması adı altında tətbiq edilən tariflər idxal olunan malların qiymətini artırır. ABŞ şirkətləri daha yüksək istehsal xərcləri ilə üzləşir, bu da istehlakçılar üçün qiymətlərin artması ilə nəticələnir.
2. Dünya bazarlarının yeni güc mərkəzləri formalaşması: Çin, Hindistan, Rusiya və digər ölkələr ABŞ-nin boşluğunu dolduraraq qlobal iqtisadi liderliyə iddia edirlər. ABŞ-nin iqtisadi hegemoniyasına alternativlər sürətlə formalaşır.
3. Dünya ABŞ-dən asılılığını azaldır: İstinad etdiyimiz məqalədən də açıq şəkildə görürük ki, Avropa, Latın Amerikası və Asiya ölkələri yeni ticarət blokları qurur və ABŞ-dən daha az asılı olmaq istəyirlər. ABŞ öz müttəfiqlərini cəzalandırdığı zaman onlar alternativlər axtarmağa başlayır.
Bəs ABŞ-nin strateji itkiləri?
Tramp administrasiyasının proteksionist siyasətinin ən böyük problemi onun qlobal geosiyasi balansı pozmasıdır. Qloballaşma sadəcə iqtisadi fenomen deyil, həm də siyasi güc vasitəsidir. ABŞ-nin açıq bazarlar siyasəti II Dünya Müharibəsindən sonra onun beynəlxalq təsirini artırmışdı. Bretton Vuds sistemi, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Ümumdünya Ticarət Təşkilatı ABŞ-nin dünya ticarətinə rəhbərlik etməsinə imkan vermişdi.
İndi isə bu institutlar Trampın iqtisadi millətçiliyi səbəbindən zəifləyir. Avropa İttifaqı, Çin, Hindistan və hətta Latın Amerikası yeni iqtisadi yollar quraraq, ABŞ-ni ticarət oyununda ikinci dərəcəli oyunçuya çevirirlər. Əgər ABŞ ticarət əlaqələrini məhdudlaşdırmağa davam edərsə, yaxın gələcəkdə Çin və Hindistan kimi ölkələr qlobal iqtisadi nizamı formalaşdırmağa başlayacaqlar.
Siyasi iqtisadi kontekstdə bu məqaləyə belə yekun vurmaq olar: dövlət müdaxiləsi nə qədər artarsa, azad bazar o qədər zəifləyir. Trampın ticarət siyasəti iqtisadiyyatı süni şəkildə qorumağa çalışır, lakin nəticədə ABŞ-nin qlobal bazarlardakı rolunu azaldır.
Ticarət su kimidir - qarşısına daş çıxanda yeni yol tapır. ABŞ tariflər tətbiq edirsə, digər ölkələr yeni bazarlar açır. Bu reallıq qarşısında ABŞ-nin seçimi var: ya açıq bazarlara qayıdıb qlobal iqtisadi liderliyini qoruyacaq, ya da proteksionizmə davam edərək dünya ticarətində kənarlaşdırılmış oyunçuya çevriləcək.
Sonda klassik liberal aspektə uyğun bir nəticəyə gəlmək olar: böyük dövlət nəzarəti hər zaman fərdi azadlıqlara və bazar mexanizmlərinə zərbə vurur. ABŞ-nin iqtisadi gücü açıq bazarlara əsaslanırdı və əgər bu siyasət dəyişməsə, nəticədə dünya ticarətində liderliyi başqalarına təhvil vermək məcburiyyətində qalacaq.
Nigar Yahyazadə
15:41 04.02.2025
Oxunuş sayı: 37676