CROSSMEDIA - Trampın yeni tarif planı: Qlobal ticarətə təsirləri nə olacaq?
Amerika

Trampın yeni tarif planı: Qlobal ticarətə təsirləri nə olacaq?

ABŞ prezidenti Donald Tramp Kanada, Çin və Meksikadan idxal edilən məhsullara yeni rüsumlar tətbiq edəcəklərini açıqlayıb. O bildirib ki, bu ölkələr qərarın qarşısını ala bilməyəcək və ABŞ tariflərdə heç bir güzəştə getməyəcək. Trampın sözlərinə görə, bu addım ABŞ-ın ticarət kəsirini azaltmaq məqsədi daşıyır. O, həmçinin Çindən ABŞ-a külli miqdarda fentanil göndərildiyini və Meksika ilə Kanadanın bu narkotik maddənin yayılmasına şərait yaratdığını iddia edib. Yeni tariflərin dünya ticarətinə və diplomatik münasibətlərə necə təsir edəcəyi sual doğurur.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Təbriz Yadigarov bildirib ki, qlobal ticarət 2024-cü ildə əvvəlki illə müqayisədə 1 trilyon dollar artaraq 33 trilyon dollara yaxın rekord səviyyəyə çatıb. 3,3 faiz illik artım əsasən xidmət ticarətindəki 7%-lik artımla bağlıdır. Bu, ümumi genişlənməyə 500 milyard dollar həcmində töhfə verib. Bununla belə, malların ticarəti bu il 2% daha yavaş artaraq 2022-ci ildəki pik həddinin altında qalıb.

Təbriz Yadigarov qeyd edir ki, dünyanın iqtisadi güc mərkəzlərindən biri olan ABŞ-nin qlobal ÜDM-də payı dünya üzrə ÜDM-nin təxminən dörddə birini təşkil etsə də, ölkənin qlobal əmtəə və kommersiya xidmətləri ticarətindəki payı 11%-lə daha aşağıdır. Dünya Bankının məlumatlarına əsasən, 2023-cü il üzrə ABŞ-ın ticarət balansı 773 milyard dollar kəsirlə müşahidə olunub. Bu da 2000-ci illə müqayisədə 2,1 dəfə yüksək göstəricidir.


T.Yadigarov vurğulayır ki, 2023-cü ildə ABŞ-nin ixracı artıb, idxalı isə azalıb. Nəticədə, ölkənin mal və xidmətlər ticarətindəki kəsiri 2022-ci ildəki 951,2 milyard dollardan 2023-cü ildə 773,4 milyard dollara qədər azalıb. Malların kəsiri 121,3 milyard dollar azalaraq 1062 milyard dollara düşüb, xidmətlər balansı isə 56,4 milyard dollar artaraq 288,2 milyard dollara çatıb.

Mal və xidmətlərin ixracı 35 milyard dollar (1,2%) artaraq 3053,5 milyard dollara yüksəlib. Lakin malların ixracı 39 milyard dollar azalıb, xidmətlər ixracı isə 74,2 milyard dollar artaraq iqtisadi balansın qorunmasına kömək edib. Malların ixracının azalması əsasən sənaye təchizatı və materialların (103 milyard dollar) və qida, yem və içkilərin (17,4 milyard dollar) azalması ilə əlaqədardır. Bununla belə, əsas vəsaitlərin (28,5 milyard dollar), avtomobillərin, hissələrin və mühərriklərin (19,3 milyard dollar) və istehlak mallarının (14,7 milyard dollar) artımı bu azalmanı qismən kompensasiya edib.

Xidmətlər ixracında isə artım əsasən səyahət (38,3 milyard dollar), maliyyə xidmətləri (7,4 milyard dollar), nəqliyyat (7,3 milyard dollar), telekommunikasiya, kompüter və informasiya xidmətləri (7 milyard dollar) sahələrində müşahidə olunub.

Eyni zamanda, 2023-cü ildə mal və xidmətlərin idxalı 142,7 milyard dollar (3,6%) azalaraq 3826,9 milyard dollara enib. Əmtəə idxalı 160,5 milyard dollar azalıb, xidmət idxalı isə 17,8 milyard dollar artıb. Əmtəə idxalının azalması əsasən sənaye təchizatı və materialların (131 milyard dollar) və istehlak mallarının (81 milyard dollar) azalması ilə əlaqədardır. Bununla yanaşı, avtomobil, hissə və mühərriklərin idxalı 59,5 milyard dollar artaraq bu azalmanı qismən kompensasiya edib.

Xidmət idxalının artımı əsasən səyahət xidmətlərindəki (34,5 milyard dollar) artımı əks etdirir, lakin nəqliyyatda azalma (15 milyard dollar) bu artımı qismən balanslaşdırıb.

T. Yadigarov bildirib ki, real (inflyasiyaya uyğunlaşdırılmış) statistik göstəricilər də ticarət balansındakı dəyişiklikləri əks etdirir. Real mal kəsiri 2023-cü ildə nominal 9,6% azalma ilə müqayisədə 8% azalıb, real malların ixracı 1,9% artıb, əmtəələrin real idxalı isə 2,1% azalıb.

Ekspert qeyd edib ki, Trampın seçki kampaniyası zamanı Çin mallarına 60%-ə qədər gömrük rüsumları tətbiq edəcəyi ilə bağlı bəyanatları Ağ Evə gəldikdən sonra dərhal həyata keçirilməsə də, son günlərdə Meksikaya 25%, Kanadaya 25% və Çinə 10% tariflər tətbiq ediləcəyi barədə məlumatlar yayılıb.

Tramp açıqlamasında Kanada neftinə 10% daha aşağı tarif tətbiq ediləcəyini və bu dəyişikliklərin fevralın 18-də qüvvəyə minə biləcəyini bildirib. O, həmçinin Avropa İttifaqının (Aİ) ABŞ ilə "pis rəftar etdiyini" iddia edərək gələcəkdə Aİ-yə qarşı da tariflər tətbiq etməyi planlaşdırdığını bəyan edib.

Ağ Evin mətbuat katibi Carolyn Leavitt isə vurğulayıb ki, Kanada və Meksikaya tətbiq edilən tariflər, ABŞ-də qeyri-qanuni fentanil yayılmasına cavab tədbiri olaraq görülüb.

Ekspert hesab edir ki, Çin, Kanada və Meksika ABŞ-nin əsas ticarət tərəfdaşlarıdır və keçən il ABŞ-a idxal edilən malların 40%-ni təşkil edib. Bu baxımdan. yeni tariflərin tətbiqi genişmiqyaslı ticarət müharibəsinə səbəb ola bilər və ABŞ-də qiymət artımını sürətləndirə bilər.

"ABŞ bu tariflərlə iqtisadi balansı düzəltmək niyyətində olsa da, Kanada, Meksika və Çindən idxal olunan mallara yüksək tarif rüsumlarının tətbiqi ölkə daxilində həmin malların bahalaşmasına səbəb olacaq və qiymətlərin yüksəlməsini şərtləndirəcək", – deyə T. Yadigarov bildirib.


Nihat Tahirov

11:35 03.02.2025

Oxunuş sayı: 331

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR