Məhəmməd Əmin Rəsulzadə: Millətin azadlıq ruhu
Tarixin səhifələrində elə şəxsiyyətlər var ki, onların adları təkcə bir millətin deyil, bütün insanlığın azadlıq və ədalət uğrunda mübarizəsinin rəmzinə çevrilir. Məhəmməd Əmin Rəsulzadə də məhz belə bir lider idi – milli ruhu oyadan, azadlıq idealını reallığa çevirən və Azərbaycan tarixində əbədi iz qoyan bir şəxsiyyət.
1878-ci ilin yanvarında Bakıda dünyaya göz açan bu gənc, sadəcə bir ömür yaşamadı – o, xalqının azadlıq səsini dünyaya çatdıran bir simvola çevrildi. Hələ gənc yaşlarında siyasətə atılan Rəsulzadə, türkçülük və müstəqillik ideyalarını həyat prioritetinə çevirdi.
Fəlsəfə üzrə fəlsəfə doktoru, türkoloq Faiq Ələkbərli Crossmedia.az-a Məhəmməd Əmin Rəsulzadənin “Açıq söz” qəzetindəki fəaliyyətindən danışıb:
“Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqının, Azərbaycan türklərinin, türk-islam dünyasının tarixində böyük rol oynamış bir şəxsiyyətdir. Xüsusilə də onun “Açıq söz” qəzetindəki fəaliyyəti böyük mədəni, ədəbi, tarixi, siyasi, fəlsəfi bir irsdir. Əslində Açıq söz qəzeti həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında böyük rol oynamış mətbuat orqanıdır. Milli şüurun, tarixi, milli fəlsəfəni, milli dövlətçiliyin formalaşmasında çox mühüm rol oynamışdır.
Yəni ilk dəfə Açıq söz qəzetində Məhəmməd Əmin Rəsulzadə, Türkləşmək, İslamlaşmaq və Müasirləşmək adlı məqalələrində vaxtilə Əli bəy Hüseynzadələrin, Ziya Gökalpların və başqalarının bu kimi fikirlərini düstur halına gətirdi və 28 mayda qurulan Cümhuriyyətin əsas ideologiyasına, milli ideyasına çevirdi. Yəni Türklüyümüzü, İslamlığımızı və müasirliyimizin əsas fəlsəfəsi də Açıq söz qəzetində formalaşdı”.
1918-ci ilin 28 may günü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. O gün Rəsulzadə və onun silahdaşları bütün çətinliklərə baxmayaraq, bütün təhlükələri gözə alaraq 3 imperiya arasında Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar. İlk dəfə Azərbaycan xalqı öz dövlətinə sahib çıxdı. Parlamentli respublika, Şərqdə ilk dəfə qadınlara seçki hüququ, milli ordu – bunların hər biri Rəsulzadənin çağdaş və güclü siyasətinin bəhrəsi idi. 1920-ci ildə bolşeviklərin Azərbaycanı işğalı nəticəsində Rəsulzadə ömrünün qalan hissəsini mühacirətdə keçirmək məcburiyyətində qaldı. Lakin o, heç vaxt mübarizəsindən dönmədi. Azərbaycanın azadlıq mübarizəsini dünyanın müxtəlif ölkələrindən davam etdirdi. Türkiyədə, Almaniyada, Polşada, Rumıniyada – harada yaşamasından asılı olmayaraq, o, Azərbaycanın istiqlalı uğrunda mücadiləsini davam etdirdi.
Onun dillər əzbəri olan "Bir kərə yüksələn bayraq, bir daha enməz!" şüarı sadəcə bir cümlə deyil, bir millətin ruhunu ifadə edən amaldır. Rəsulzadə bilirdi ki, azadlıq yolunda çəkilən hər əziyyət, axan hər damla qan bir gün mütləq öz bəhrəsini verəcək və verdidə. 1918-ci ildə Rəsulzadənin qaldırdığı bayraq, bugün suveren Azərbaycan torpaqları üstündə dalğalanır.
Ayhan Ağarzayev
15:41 31.01.2025
Oxunuş sayı: 573