Ukrayna Rusiya ilə sülh danışıqlarına maraqlı deyil
- Ukrayna, ABŞ prezidenti Donald Trampın komandasına Rusiya ilə sürətli danışıqların təhlükələri barədə xəbərdarlıq edib. Rəsmi Kiyev bildirir ki, döyüş meydanında təşəbbüsü ələ keçirmədən sülh danışıqlarına məcbur olmaq fəlakətli nəticələrə səbəb ola bilər. Həm Rusiya, həm də Ukrayna hazırda cəbhədə mövqelərini gücləndirməyə çalışır, lakin heç bir tərəf kompromisə getməyə meyilli görünmür. Ukraynanın hərbi ehtiyat çatışmazlığı və səfərbərlikdəki problemləri isə ölkənin müdafiə imkanlarını çətinləşdirir. Tramp administrasiyasının müharibəni tez bitirmək planının nə qədər real olduğu və ABŞ-nin Ukraynaya dəstək siyasətinin dəyişib-dəyişməyəcəyi isə açıq qalır.
- Mövzuyla bağlı Crossmedia.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, Ukraynanın Rusiya ilə sülh danışıqlarına getməsi hələlik real görünmür. O qeyd edib ki, Ukrayna tərəfi işğal olunmuş ərazilərin Rusiya yurisdiksiyasında qalmasını qəbul etmədiyi üçün sülh danışıqlarına maraq göstərmir. "Rusiyanın işğal etdiyi ərazilərin onun yurisdiksiyasında saxlanması Ukraynanın müharibə aparmasını mənasız edir. Eyni zamanda, Qərbin Ukraynaya böyük maliyyə yatırması və yeni hərbi obyektlərin inşası müharibənin hələ də davam edəcəyinə işarədir," - deyə politoloq vurğulayıb.
- Əli Mustafa həmçinin bildirib ki, danışıqların uğurlu olması üçün Ukraynanın hərbi üstünlük qazanması, Rusiyanın işğal etdiyi ərazilərdən çıxarılması və hətta müəyyən Rusiya ərazilərinin nəzarət altına alınması vacibdir. "Son vaxtlar süni intellekt texnologiyaları ilə təchiz edilmiş pilotsuz uçuş aparatlarının istifadəsi Ukraynaya üstünlük qazandıra bilər. Əgər bu texnologiyalarla Rusiyaya ciddi ziyan vurmaq mümkün olsa, Rusiyanın sülhə məcbur edilməsi real ola bilər," - politoloq əlavə edib.
- Politoloq hazırkı hərbi vəziyyətin dinamik olduğunu vurğulayaraq bildirib ki, Ukrayna arxasında duran 55 dövlətin hərbi və maliyyə dəstəyi ilə mövqeyini gücləndirməyə çalışır. "Ukrayna rəhbərliyi 1991-ci il sərhədlərini bərpa etmək istəyir, lakin Rusiya heç bir güzəştə getmək niyyətində deyil. Əksinə, işğal olunmuş ərazilərdə inzibati idarəetməni gücləndirmək istəyir," - deyə o qeyd edib.
- Əli Mustafa əlavə edib ki, Ukraynanın üstün mövqe əldə etməsi üçün hərbi-sənaye kompleksinin gücləndirilməsi, səfərbərlik yaşının artırılması və ordunun tam komplektləşdirilməsi vacibdir. "Ukraynanın əsgər sayı Rusiyadan xeyli azdır, lakin daha müasir silahlarla üstünlük təmin edə bilər," - deyə o vurğulayıb.
- Çinin mövqeyinə toxunan politoloq bildirib ki, Çinin Rusiya ilə əməkdaşlığı davam etdirməsi münaqişənin gedişatına təsir edə bilər. "Əgər Çin Rusiyanı dəstəkləməkdən imtina etsə, Ukrayna daha müasir silahlarla mövqeyini gücləndirə bilər," - deyə o əlavə edib.
- Sonda politoloq qeyd edib ki, hazırkı vəziyyətdə hər iki tərəf güzəştə getmək niyyətində deyil. "Hər iki tərəf strateji üstünlük əldə etməyə çalışır. Avropa və Amerikanın Ukraynaya dəstəyi davam edərsə, Ukraynanın şansı artacaq. Əgər Çin Rusiyaya dəstəyini davam etdirərsə, Rusiyanın hücumları güclənəcək. Buna görə də vəziyyət olduqca kritik olaraq qalır," - deyə Əli Mustafa bildirib.
- Nihat Tahirov
07:28 22.01.2025
Oxunuş sayı: 591