CROSSMEDIA - Hesabımızdan və kartlarımızdan pul silinir – Buna qarşı necə müdafiə olunmalıyıq?
Sosium

Hesabımızdan və kartlarımızdan pul silinir – Buna qarşı necə müdafiə olunmalıyıq?

Son aylarda bank müştərilərinin hesablarında qeyri-adi bir tendensiya diqqət çəkməyə başlayıb: müştərilərin kartlarına heç bir xəbərdarlıq və izah olmadan müəyyən məbləğlər çəkilir. Bu tip qəribə əməliyyatlar, təbii olaraq, vətəndaşların ciddi narahatlığına, narazılığına səbəb olur. İnsanlar öz maliyyə təhlükəsizliyi ilə bağlı şübhələr yaşamağa, bir sıra bankların bu hərəkətlərinin səbəbini və hüquqi əsaslarını sorğulamağa başladılar.

Müştərilər bu addımın şəffaflıq, təhlükəsizlik prinsipinə nə dərəcədə uyğun olduğunu sual altına alırlar. Bankın əməliyyat sistemlərində texniki problem, hüquqi uyğunsuzluq və ya bilərəkdən, planlaşdırılmış kibercinayətkarlıqlar ola biləcəyindən narahatdırlar. Həmçinin, bankın bu addımı müştərilərə əvvəlcədən xəbərdarlıq etmədən həyata keçirməsi, ictimaiyyətdə müzakirə mövzusuna çevrilib.

Vətəndaşların narahatlıqlarını daha da artıran əsas amil, onların öz hesabları üzərində tam nəzarəti itirmə hissidir. Maliyyə qurumları müştərilərin hüquqlarını qorumaq, əməliyyatların şəffaflığını təmin etmək və hər hansı bir texniki və ya inzibati problemin yaranmaması üçün məsuliyyət daşıyır. Lakin bu vəziyyət, müştərilərin bank sisteminə olan güvənini sarsıtmaqla yanaşı, maliyyə təhlükəsizliyini də sual altına alıb.

Bəs bu hallarda vətəndaşlar nə etməlidir? Banklar hansısa hüquqi öhdəlik daşıyırmı? Bu halların qarşısını necə almaq olar?

Mövzu ilə bağlı hüquqşünas Əkbər Həsənov Crossmedia.az saytına açıqlama verib: "Burada məsələnin bir neçə aspekti var. Əksər hallarda müştəri özü, kart məlumatlarını  üçüncü şəxslərə verir. Kimsə zəng edir soruşur, aldadır onu, ya da hansısa bir internet saytlarında hansı ki, şübhəli saytlardır, ordan alış-veriş edəndə məlumatları yerləşdirir. Yəni  müxtəlif variantlar var və  sanki özü imkan verir ki, kimsə hesabdan pulu çıxartsın".

Hüquqşünas bəzi hallarda da günahın banklarda olduğunu bildirib: "Bəzi hallarda isə müştəri heç kəsə məlumat verməyib, heç yerə yerləşdirməyib. Amma birdən birə hesabından pul çıxır. Bu hallarda günah təbii ki, birmənalı olaraq bankdadır və buna görə də müştəri bankı məhkəməyə verib, pulunu geri tələb edə bilər. Düzdür burda sübut etmə məsələləri var və ən çətini budur. Buna görə də vətəndaşlara adətən tövsiyə olunur ki, hesabdan pulun silinməsi üçün SMS xidmətlərə qoşulsunlar. Yəni  kodla kiminsə bankda nəyisə təsdiq etməsi kifayət etməsin. Banklarda belə bir xidmət var ki, mən sənədləşməni təsdiq etdim, amma yenə də mənə bankdan sms gəlməlidir, orada şifrə olmalıdır. Mən o şifrəni də yaratmalıyam.  Birmənalıdır ki, bu şifrə gəlməmiş hesabdan pul silinə bilməz. Vətəndaşın bu barədə məlumatı yoxdursa, təbii ki, o da bunu etməyib.  Yəni dediyim  birinci halda, hansı ki, özü verir məlumatları, hətta ola bilər ki, sms də gəlir, onu da təsdiqləyir. Sanki bütün məlumatları, hər şeyi özü köçürtdü. Bu hallarda əgər söhbət  böyük məbləğlərdən getmirsə, vətəndaş bankdan tələb edə bilməyəcək".

Əkbər Həsənov bu hallarda bankların edə biləcəklərini sadalayıb: "Amma böyük məbləğlər olanda, yaxud bu hal hissə-hissə təkrarlananda bank bunu dərhal müəyyən etməlidir. Bankların təhlükəsizlik sistemi hesabı dərhal bloklamalı və müştəriyə məlumat verməlidir. Amma bəzən söhbət çox böyük məbləğlərdən gedir.  Bank əlbəttə ki, bu hallarda stop qoymalıdır. Bir daha onu yoxlanışdan keçirməlidir. Buna görə də vətəndaşlara birinci tövsiyyə budur ki, SMS xidmətlərə qoşulsunlar".

Azərbaycan Kommunikasiya və informasiya texnologiyaları sənayesi assosiasiyasının sədri Elvin Abbasov da məsələ ilə bağlı Crossmedia.az saytına açıqlama verib: "Öncəliklə qeyd etmək lazımdır ki, nə Azərbaycanda, nə də başqa ölkələrdə bank sistemlərinin qırılaraq vətəndaşların pullarının oğurlanması faktı demək olar ki, qeydə alınmır. Adətən pulların oğurlanması halları çox vaxt vətəndaşların manipulyasiya edilərək kart məlumatlarının əldə olunması və daha sonra OTP (təsdiqləyici kod) kodunun ələ keçirilməsi ilə həyata keçirilir".

Elvin Abbasov qeyd edir ki, kartdan pul çəkilməsi halları əsasən sosial şəbəkələr üzərindən aparılır: "Bankların texniki xətaları səbəbindən vəsaitlərin çəkilməsi halları da baş verə bilər. Bu barədə sosial mediada və vətəndaşlar tərəfindən yazılmış məlumatlar mövcuddur. Lakin bu, çox az ehtimaldır və nadir hallarda baş verir. Bankların texniki səbəblərdən vətəndaşların pullarını səbəbsiz yerə çəkməsi qeyri-adi hal olsa da, bu ölkəmizdə də müşahidə edilib. Bir çox istifadəçi bu barədə öz sosial şəbəkə hesablarında məlumat paylaşaraq ictimai rəy formalaşdırıb".

Elvin Abbasov bu hallarla qarşılaşmamaq üçün görülməsi lazım olan tədbirləri vurğulayıb: "Bu kimi xoşagəlməz hadisələrin qarşısını almaq üçün vətəndaşlara tövsiyə olunur ki, alış-veriş saytlarında kart məlumatlarını daimi yadda saxlamasınlar. Yalnız alış-veriş zamanı kartdan istifadə edilməsi daha təhlükəsizdir. Daha yaxşı olar ki, vətəndaşlar öz bank sistemlərində əlavə rəqəmsal (dijital) kart yaratsınlar və yalnız xərcləyəcəkləri məbləği həmin karta köçürərək alış-veriş etsinlər. Əsas kartın, xüsusilə təqaüd, maaş və ya digər vacib hesabların məlumatlarının təhlükəsizliyi təmin olunmalı və paylaşılmamalıdır".


  • Ayhan Ağarzayev

11:51 21.01.2025

Oxunuş sayı: 760

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR