Avropa

“Trampın təklifi Rusiya-Ukrayna üçün cəlbedici ola bilər”- ŞƏRH

Son dövrlərdə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Rusya-Ukrayna müharibəsinin həlli ilə bağlı mövqeyi diqqət mərkəzindədir. Münaqişənin gedişi və geosiyasi dəyişikliklər, eləcə də ABŞ-ın xarici siyasətindəki yeni istiqamətlər bu məsələyə xüsusi təsir göstərir. Tramp, bir tərəfdən münaqişənin dayandırılmasını və danışıqlar yolunun seçilməsini təklif etsə də, digər tərəfdən hər iki tərəfin mövqeyinin fərqli olduğu görünür.

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Mətin Məmmədli bildirib ki, 2025-ci ildə Donald Trampın Rusya-Ukrayna müharibəsini dayandırmaq perspektivi real görünür. Çünki yeni administrasiya ümumilikdə müharibənin dayandırılması, hərbi əməliyyatların sona çatdırılması tərəfdarıdır: “Onların mövqeyi ondan ibarətdir ki, hərbi əməliyyatları dayandıraraq münaqişənin həlli üçün danışıqlar yolu seçilməlidir. Tramp və komandası hesab edir ki, müharibəni dayandırmaqla, hərbi əməliyyatları sona çatdırmaqla münaqişənin həllinə nail olmaq mümkündür.

İndi Trampın və komandasının belə bir mövqeyi Ukrayna və Rusiya tərəfindən nə dərəcədə qəbul edilə bilər? Nəzər alsaq ki, Trampın və Rusiya hakimiyyətinin mövqeyi fərqlidir yəni Prezident Cozef Baydendən  fərqli olaraq... Trampın bu təklifi 2025-ci ildə müəyyən mənada Rusiya-Ukrayna üçün cəlbedici ola bilər. Çünki cəbhədə, hərbi əməliyyatlarda tərəflərdən heç biri mütləq üstünlüyə sahib deyil, yəni öz məqsədlərinə nail ola bilməyiblər. Müharibənin başlamasından üç il keçməsinə baxmayaraq. Trampın bu mövqeyi tam şəkildə olmasa da, tərəfləri qane edə bilər.

Bu, onların hərbi əməliyyatları dayandırıb danışıqlar masası arxasında yenidən oturmasına gətirib çıxara bilər. Ancaq bu, təbii ki, bu müharibənin gedişindən asılıdır. Yaxın perspektivdə ciddi dəyişikliklər baş verməzsə, düşünürəm ki, Trampın təklifi həm Rusiya, həm də Ukrayna tərəfindən qəbul edilə bilər”.


Politoloq əlavə edib ki, Zelenskinin bu mövqeyi yeni deyil. Ukrayna hakimiyyəti həmişə bəyan edir ki, bu müharibənin davam etməsi və müharibədə Rusiya üzərində uğur əldə edilməsi tərəfdaşların silah yardımından asılıdır: “ Əgər bu gün Ukrayna üç il ərzində Rusiya hərbi müdaxiləsinə müqavimət göstərə bilirsə, burada əsas amillərdən biri ABŞ, Avropa və digər Qərb ölkələrinin göstərdiyi hərbi, siyasi-iqtisadi yardımlardır. Əlbəttə ki, bu kontekstdən yanaşsaq, Ukrayna prezidentini anlamaq olar.

Mən, məsələn,  belə dəyərləndirərdim: həqiqətən də, əgər Qərb bloku yardımları artırmasa və ya davam etdirməsə, müharibədə Ukraynanın vəziyyəti, perspektivi qalib gəlmək imkanları real görünmür. Üstünlük əldə etmək imkanları da real görünmür”.

Nərgiz Camalzadə

09:18 18.01.2025

Oxunuş sayı: 2331

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR