Avropa

Zelenski dövründə sülh olmayacaq - POLİTOLOQ

ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin "The New York Times" qəzetində Ukraynadakı müharibənin dayandırılması və davamlı sülhün təmin edilməsi üçün güc vasitəsilə diplomatik danışıqların vacibliyini vurğulayıblar. Məqalədə ABŞ-nin və müttəfiqlərinin Ukraynaya dəstəyinin önəmi, həmçinin Rusiyanın ciddi çıxılmaz vəziyyəti ətraflı təhlil edilib. ABŞ rəsmilərinin vəzifələrinin sonlarına yaxın yazdıqları məqalədə verdikləri mesajlar ciddi ajiotaj yaradıb. Bu, onların Kiyevə "son sözləridir".

Rəsmilərin məqaləsindəki mesajları Crossmedia.az-a açıqlamasında təhlil edən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu qeyd edib ki, ABŞ-nin hazırkı hökumətinin planı Ukraynanın ərazi bütövlüyünü qorumaq və ya NATO-ya üzvlüyünü təmin etmək deyil. Məqsəd Ukraynanı bir vasitə kimi istifadə edərək Rusiyanı zəiflətməkdir. Onun sözlərinə görə, Ukraynada müharibənin başlaması məhz bu strategiya çərçivəsində həyata keçirildi: "Rusiya  Ukrayna ərazilərini işğal etməyə təhrik edildi və bu, baş verdi.

Müharibənin sonrakı mərhələsində əsas məqsəd Ukrayna xalqının və dövlətçiliyinin hesabına Rusiyaya qarşı uzunmüddətli təzyiqlər yaratmaq və bununla ölkə daxilində qeyri-sabitliyə səbəb olaraq hakimiyyət dəyişikliyinə nail olmaq idi. ABŞ Rusiyada marionet bir hökumət qurmağı planlaşdırırdı. Lakin bu planlar gözlənilən nəticəni vermədi. Əksinə, Avropa İttifaqı (Aİ) və ABŞ ciddi iqtisadi-siyasi problemlərlə üzləşdi, həmçinin dövlətlərarası münasibətlər sistemində dərin böhranlar ortaya çıxdı. Bunun nəticəsində ABŞ-nin özünə qarşı yeni ittifaqlar yarandı, məsələn, Çin-Rusiya-Şimali Koreya yaxınlaşmaları".

Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi | 1news.az | Xəbərlər

Politoloq qeyd edib ki, Bayden administrasiyasının siyasəti ABŞ daxilində də ciddi tənqidlərə məruz qalıb: "Xüsusilə, yeni prezident Donald Tramp və tərəfdarları bu siyasəti Birləşmiş Ştatlara qarşı yeni ittifaqların yaranmasına səbəb olmaqda ittiham ediblər. Tramp isə seçkiöncəsi hakimiyyətə gələcəyi təqdirdə Rusiya ilə münasibətləri normallaşdırmağa və Ukraynaya maliyyə yardımını azaltmağa söz verib. Tramp səlahiyyətlərinin icrasına bşlayanda bu vədləri yerinə yetirəcək, əks halda həm tərəfdarlarının etimadını itirəcək, həm də Respublikaçıların növbəti dönəmdə hakimiyyətdə qalması çətinləşəcək”.

Politoloq hesab edir ki, ABŞ-ın növbəti hakimiyyəti Rusiya ilə münasibətləri normallaşdırmaq üçün Ukraynaya verilən dəstəyi azalda bilər və diqqət daha çox Çinlə iqtisadi mübarizəyə yönələcək:  

“Bu səbəbdən Ukraynanın sülhə məcbur edilməsi ehtimalı artır. Prezident Zelenskinin hakimiyyətdə olduğu dövrdə Ukrayna-Rusiya sülh danışıqlarının baş tutacağı ehtimal edilmir. Zelenski hakimiyyətdən uzaqlaşdırılandan sonra Ukrayna ya ərazi itkiləri ilə barışmalı olacaq, ya da böyük güzəştlərə getməyə məcbur qalacaq".

Əli Zülfüqaroğlu vurğulayıb ki, Ukraynaya dəstək yalnız onun təslim olmaması üçün verilir, əsas məqsəd isə Rusiyanın zəiflədilməsini davam etdirməkdir: "Lakin bu plan baş tutmadı və növbəti mərhələdə Zelenskinin hakimiyyətdən getməsi və təslimçi danışıqların başlaması ola bilər”.

Nihat Tahirov

13:03 17.01.2025

Oxunuş sayı: 3345

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR