Rusiya işğalçıdır - onunla aparılan danışıqlar hüquqdan kənardır
Krım da daxil olmaqla, Ukraynanın Rusiyadan geri almağı planlaşdırdığı ərazilərdən Moskvanı tamamilə sıxışdırmaq qeyri-real bir məqsəddir. Bu fikri ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri vəzifəsinə namizəd Mayk Uolts səsləndirib.
Uolts bildirib ki, Rusiyanı Ukraynanın hər qarış torpağından, o cümlədən Krımdan çıxarmaq real deyil. Onun sözlərinə görə, Prezident Tramp bu reallığı qəbul edib və bu, irəliyə doğru atılmış böyük bir addımdır. “İndi bütün dünya bu reallığı tanıyır”, - deyə Uolts vurğulayıb. O, münaqişənin diplomatik yolla həllinə diqqət yetirilməsinin vacibliyini qeyd edib: “Gəlin irəliləyək və bu münaqişəni necə dayandıra, onun daha da genişlənməsinin qarşısını ala biləcəyimizi müzakirə edək.” Uoltsun fikrincə, danışıqlar prosesinə və uzunmüddətli həll yoluna aparacaq atəşkəsin təmin edilməsi ilk addım olmalıdır.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Natiq Miri isə vəziyyəti belə dəyərləndirib: “Bütün müharibələr sonda diplomatik yolla, yəni danışıqlar vasitəsilə həll olunur. Hazırkı vəziyyətdə təşəbbüskar ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampdır. Lakin məlumdur ki, Rusiyanın çox ciddi və ağır şərtləri var. Bu şərtlər nə Ukrayna, nə də Ukraynaya dəstək verən Qərb dünyası tərəfindən qəbul edilə biləcək şərtlər deyil. Belə bir şəraitdə Donald Trampın münaqişəni həll etmək üçün çox ciddi bir planı olmalıdır. Əgər Rusiyanın planını qəbul etmirsə, hansı variantların təklif edilə biləcəyi barədə heç bir aydınlıq yoxdur. Yəni qeyri-müəyyənlik var. Fikrimcə, Tramp administrasiyasının gələcək fəaliyyət planı hələlik bəlli deyil. Əgər belə bir plan mövcud olsaydı, bu qeyri-müəyyənlik olmazdı. Buna görə də hazırkı vəziyyətdə münaqişənin diplomatik yolla qısa zamanda həlli mümkün görünmür”.
N.Miri əlavə edib ki, “Rusiyanın işğal etdiyi ərazilərdən çıxarılmasının qeyri-real olduğu açıqlaması da göstərir ki, çox ciddi çətinliklər mövcuddur. Üstəlik, Rusiyanın gələcəkdə hansı tələblərlə çıxış edə biləcəyi və bu məsələdə Donald Trampla hansı müzakirələr aparacağı da gündəmdədir. Bu məsələyə yalnız ABŞ-Rusiya münasibətləri kontekstində baxmaq doğru olmaz. Diplomatik yolla həll prosesi bir qədər zaman alacaq”.
O, məsələnin hüquqi tərəfinə də toxunaraq bildirib: “Ortada beynəlxalq hüquq var və beynəlxalq hüquqa görə, Rusiya işğalçı dövlətdir. Belə bir vəziyyətdə Rusiya ilə aparılan danışıqlar tamamilə hüquqdan kənarda baş verən bir prosesdir. Rusiyanın işğalını tanımaq, ən azından de-fakto tanımaq, digər işğallara yol açacaq bir nümunə yaradır. Beynəlxalq hüquq Rusiyanın işğalını birmənalı şəkildə rədd edir. Burada hüquqdan deyil, qlobal güclərin geosiyasi maraqlarının təmin edilməsindən söhbət gedir”.
Maral Şahverdili
13:41 13.01.2025
Oxunuş sayı: 3107