İctimai nəqliyyat sistemi: dünən, bu gün və sabah
Nəqliyyat sisteminin sosial-iqtisadi mahiyyəti
Müasir qloballaşma və inteqrasiya dövründə nəqliyyat milli təsərrüfatın mühüm sahələrindən biri kimi xüsusi əhəmiyyət kəsb edir. Ayrı-ayrı nəqliyyat növlərini özündə birləşdirən nəqliyyat sistemi milli təsərrüfatların davamlı və dinamik tərəqqisinin zəruri şərtlərindən birinə çevrilib. Təbii ki, hər bir ölkənin nəqliyyat sistemi cəmiyyətin daşımalara olan tələbatını ödəməklə istehsal prosesinin davamlılığını təmin edir. İşçi qüvvəsinin iş yerlərinə və hazır məhsulların istehlakçılara çatdırılması vasitəsi kimi mühüm əhəmiyyət kəsb edir. Başqa sözlə desək, nəqliyyat sektorunun fəaliyyətinin kəmiyyət və keyfiyyət səviyyəsi milli iqtisadiyyatın tərəqqisini səciyyələndirən vacib göstəricilərdəndir. Daşıma xidmətlərinin inkişaf dinamikasını əks etdirən göstəricilər sistemi isə ümumilikdə daşıma proseslərinin çevik və optimal təşkilini, sifarişlərin qəbulu və yerinə yetirilməsi çevikliyi, infrastruktur təminatı, təhlükəsizlik səviyyəsi və s. kimi məsələlər haqqında təsəvvür yaradır. Ümumilikdə, nəqliyyatın başlıca vəzifəsi cəmiyyətin daşınmalara olan tələbatının vaxtında, minimum xərclərlə və itkisiz çatdırılmasından ibarətdir. Bu baxımdan da, daşıma xidmətləri dinamikasını əks etdirən göstəricilər sistemi, həm də nəqliyyat xidmətlərinin qeyd edilən şərtlərə hansı səviyyədə cavab verdiyini özündə əks etdirir.
İctimai nəqliyyat sistemi milli nəqliyyat sisteminin mühüm tərkib hissəsi kimi
İctimai nəqliyyat, özündə, insanların və yüklərin bir yerdən digər yerə daşınmasında istifadə olunan, dövlət və ya özəl sektor tərəfindən idarə olunan kollektiv nəqliyyat vasitələrini birləşdirir. Bu nəqliyyat növü, şəxsi avtomobillərdən fərqli olaraq, bir neçə sərnişinin, eyni anda, daşınmasını təmin edən, ümumilikdə daha əlverişli və səmərəli xidmətlər təqdim edir. İctimai nəqliyyat daşınma vasitələrinə görə (avtomobil, qatar, gəmi, təyyarə), daşınma coğrafiyasına görə (yerli (şəhərdaxili, şəhərlərarası) və beynəlxalq) və daşınma yoluna görə (quru, hava və su) təsnifləşdirilir. Bu yazıda daha çox yerli (şəhərdaxili və şəhərlərarası) AVTOMOBİL DAŞINMALARI təhlil olunacaqdır.
Şəhərdaxili ictimai nəqliyyat sisteminin inkişafı: tarixə ekskurs
Təcrübədən aydın olur ki, avtomobil sənayesinin inkişafı şəhərlərin görkəmini dəyişib. 1939-cu ildə Nyu-Yorkda Ümumdünya sərgisində təqdim edilən müasir şəhərin avtomobil yolları və körpülər ilə qovuşmuş sxemi 1970-ci illərə qədər şəhərsalmanın əsas qayəsini təşkil edib. Şəhərlərdə əsas nəqliyyat vasitəsi olan minik avtomobillərinin komfortlu hərəkəti və yerləşməsinə uyğun şəhər planlaşdırılması aparılıb. Avropada isə əksinə şəhər planlaşdırılmasında şəxsi avtomobilin əsas yer tutmadığı müşahidə olunur və 1970-ci illərdən şəhərsalmaya münasibət dəyişmiş və ilk növbədə Avropa şəhərlərində ictimai nəqliyyatın inkişafına əsaslanan şəhər planlaşması aparılmağa başlanılıb. Məsələn, Niderlandın şəhər inkişafı üzrə planında “ümumi rifah tələb etdikdə avtomobillərin sayının artırılmasına yol verilməsi” nəzərdə tutulurdu. 1990-cı illərdən isə Niderlandda şəhər avtomobil nəqliyyatının 2 dəfə azaldılması kursu əsas götürülüb.
Araşdırmalar göstərir ki, bir sıra qeyri-Avropa ölkələrində də, Braziliyada Kuritibe, ABŞ-da Portlend, Kanadada Vankuver şəhərlərində də belə uğurlu planlama həyata keçirilib. Məhz, belə təcrübələrdən yararlanaraq iri şəhərlərdə şəhərsalma və nəqliyyat siyasətinə kompleks yanaşılması zəruridir.
Eyni zamanda, təcrübə göstərir ki, nəqliyyat sisteminin əsası kimi avtomobilə üstünlük verən ölkələr və şəhərlər adambaşına enerji sərfi hesabı ilə ekoloji cəhətdən daha az dayanıqlıdırlar. Avtomobilə əsaslanan şəhərlərin sosial və iqtisadi ekoloji dayanıqlığı da hazırda böyük şübhələr və narahatlıq doğurur. ŞƏXSİ AVTOMOBİLLƏRDƏN İSTİFADƏYƏ ƏSASLANAN ŞƏHƏRLƏRİN SAKİNLƏRİNƏ NİSBƏTƏN İCTİMAİ NƏQLİYYATDAN İSTİFADƏ EDƏN ŞƏHƏRLƏRİN SAKİNLƏRİ İQTİSADİ CƏHƏTDƏN QƏNAƏT DƏ EDİRLƏR. Məsələn, 2001-ci ildə ABŞ-da təsis edilmiş qeyri-kommersiya qurumu olan “Şəhərlər üçün CEO”nun hesablamalarına görə Nyu-York əhalisi avtomobildən az istifadə hesabına ildə 19 mld. dollara yaxın qənaət edir. Bütün bunlarla yanaşı, araşdırmalar göstərir ki, Aİ əhalisinin 75%-dən çoxu Avropanın şəhər ərazilərində yaşayır, enerji istifadəsinin təxminən 80%-i şəhərlərin payına düşür və Avropanın ÜDM-nin 85%-ə qədərini şəhərlər yaradır. Eyni zamanda, bu tendensiyanın davam edəcəyi, gələcəkdə də şəhər əhalisinin sayının artacağı gözləniləndir. Bu baxımdan şəhərlərdə iqtisadiyyatın və əhalinin rifahının saxlanması üçün səmərəli nəqliyyat sisteminin olması zəruridir. Hələ, 2009-cu ildə Avropa Komissiyası iri şəhərlərdə nəqliyyatın mobil və ekoloji təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə plan işləyib hazırlayıb. İctimai nəqliyyatın inkişaf etdirilməsi, sürətli avtobus nəqliyyatının formalaşdırılması, vahid biletlə müxtəlif növ nəqliyyat vasitələrindən istifadə imkanlarının yaradılması, daşıma xidmətlərinin təşkilində marketinq araşdırmalarından genişmiqyaslı istifadə, ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin davamlı olaraq təkmilləşdirilməsi, pik saatlarında fərqli tariflərin tətbiqi, parklaşmanın səmərəli şəkildə tənzimlənməsi, bir sıra mərkəzi hissələrə girişin müəyyən zaman kəsiyində məhdudlaşdırılması, mümkün yollarda sürət məhdudiyyətinin yumşaldılması və s. kimi məsələlər də planda prioritetlik kəsb edir.
Şəhər ictimai nəqliyyat sisteminə dair beynəlxalq təcrübə
Tədqiqatlar göstərir ki, Seul, Sinqapur, Münhen, Tokio, Paris, London, Frankfurt, Sürix, Berlin, Nyu-York dünyanın ən yaxşı ictimai nəqliyyat sistemi olan 10 şəhəri kimi qəbul edilə bilər. Hər birinin özünəməxsusluğu olan bu şəhərlərdən bəzilərinin təcrübəsi olduqca maraqlıdır. İndi isə, bu şəhərlərin nəqliyyat sisteminə qısaca nəzər salaq:
Dünyanın ən inkişaf etmiş ictimai nəqliyyat sistemi Cənubi Koreyanın paytaxtı Seulda fəaliyyət göstərir. Bəzi mütəxəssislər Tokio nəqliyyat sistemini daha üstün hesab etsələr də, bir sıra cəhətlərinə görə Seulun nəqliyyat sistemi Tokionu üstələyir. İlk növbədə Seulda ictimai nəqliyyatdan istifadə çox ucuzdur, təmizlik yüksək səviyədədir, bütün nəqliyyat vasitələri geniş və rahatdır. Şəhərdə xüsusi kartlar satılır, hansı ki, onun köməyi ilə istər taksi, istərsə də avtobusla hərəkət etmək olar. Eyni zamanda, bütün ictimai nəqliyyat vasitələrində naviqasiya xəritəsi asılmışdır. Müxtəlif dillərdə olan və əcnəbilərin də başa düşəcəyi formada tərtib edilən bu xəritələr şəhərin istənilən nöqtəsinə getməyə yol göstərir.
Sinqapurun ictimai nəqliyyat sistemi də Tokio kimi inkişaf etmişdir, ancaq ondan ucuz və təmizdir. Digər şəhərlərə nisbətən, buranın insanları ictimai nəqliyyatdan istifadə zamanı daha nəzakətlidirlər. Ən təəcüblüsü odur ki, nəqliyyatda insanların çox olmaması şəhər ətrafını çox rahat gəzməyə imkan verir.
Münhendə vahid nəqliyyat sisteminə aid olan şəhərətrafı qatarlar (S-Bahn) və metro (U-Bahn) Münhen şəhərinin ictimai nəqliyyat sisteminin mühüm tərkib hissələridir. Eyni zamanda, sərnişinlərə yüksək səviyyədə xidmət bu şəhərin dünyanın inkişaf etmiş nəqliyyat sistemi olan 10 şəhərindən biri olmasına əsas verir.
İctimai nəqliyyatın iki növü müxtəlif marşrutların vahid qurumunu formalaşdırır. Bu marşrutlar o qədər də çox olmayan məbləğə meqapolisin bir kənarından (tərəfindən) digər kənarına qısa zamanda gedişi təmin edir. Bu çatdırılma avtomobillə gedişdən daha az vaxt tutur. Şəhər ətrafı stansiyaya gediş üçün, təqribən 20 dəqiqə vaxt tələb edilir. Hər hansı gözlənilməz ləğv hallarına da rast gəlinmir. Əgər şəhərin mərkəzinə səyahət etmək istəyirsənsə, hər iki dəqiqədən bir qatar gedir. Eyni zamanda, şəhərdə avtobus və trolleybus marşrutları da geniş şəbəkədə inkişaf etmişdir. Bu marşrutlarda da gediş haqqı yüksək deyil, şəhərdə bütün ictimai nəqliyyat növləri üçün vahid tarif mövcuddur, təqribən 15 avroya 3 günlük, 6 avroya isə 1 günlük biletlər satılır. Bu qiymətə şəhəri üç dəfə dairəvi səyahət etmək mümkündür.
Tokionun ictimai nəqliyyat sistemi, Moskvada olduğu kimi, çox doludur, yəni bu şəhərdə də şərnişin axını olduqca böyük və intensivdir. Lakin Moskvadan fərqli olaraq, Tokioda bu işlər olduqca uğurla yerinə yetirilir. Başlıca fərq təşkilatçılıq və yanaşma ilə bağlıdır. Belə ki, sərnişin axınına baxmayaraq, istənilən nəqliyyat növündə çox təmizlikdir. Hər hansı nəqliyyat növündə, marşrutda gecikmə olduğu halda, bu səsucaldanlar vasitəsilə sərnişinlərə xəbər edilir, hətta dili bilməyənlər bunu xüsusi elektron lövhədən uyğun dildə oxuya bilərlər.
Parisdə ictimai nəqliyyatla istənilən yerə getmək mümkündür. İctimai nəqliyyatın bütün nəqliyyat şəbəkəsi biri-biri ilə yüksək səviyyədə əlaqəlidir. Şəhərdə gəzərkən bir nəqliyyat növünü digərinin əvəz etdiyini, sanki hiss etmirsən. Şəhərin arxitektur vəziyyəti ictimai nəqliyyatla şəhər gəzintisi üçün olduqca əlverişli şərait yaradır. Şəxsi və ya taksi avtomobili ilə gəzmək isə daha çətindir.
İlk baxışda belə nəticəyə gəlmək olar ki, Londonun ikimərtəbəli avtobusları çox yavaş gedir, metro isə həddindən artıq istidir, əslində belə deyildir. Şəhərdə ictimai nəqliyyat sistemi çox inkişaf etmişdir və bu nəqliyyat sistemi ilə tanışlıqdan sonra turistlər avtomobil icarə etmək fikrindən daşınırlar. Bütün maşınlar isə naviqatorla təmin edilmişdir, hətta turistlər heç kimdən heç nəyi soruşmadan şəhərin bütün maraqlı yerlərinə, turistik məkanlarına gedə bilirlər.
Almaniyanın biznes paytaxtı olan Frankfurt ölkənin əsas kapital qoyduğu şəhərlərdən biridir. Avropanın yoxsul ölkələrinə kömək göstərilməsində də Almaniyanın bu şəhəri öndədir. Şəhər nəqliyyatında gediş üçün bilet satılır, bileti alan sərnişin hətta hər hansı maraqlı bir yerdə ictimai nəqliyyatı tərk edirsə, daha sonra səyahəti pulsuz davam etdirə bilir. Son dayanacağa çatana qədər, hətta günün sonunadək bilet qüvvədədir və istifadə edilə bilər.
İctimai nəqliyyat planında, eləcə də dünya xəritəsində o qədər də böyük yer tutmayan İsveçrənin Sürix şəhəri də inkişaf etmiş nəqliyyat sisteminə malik şəhər kimi ilk onluğa daxildir. Şəhərin ictimai nəqliyyat sistemi çox inkişaf etmişdir və insanlar ictimai nəqliyyatdan istifadəyə daha çox üstünlük verirlər. Hətta metroda kommersiya bankının prezidenti ilə yol yoldaşı ola bilərsən. Eyni zamanda, təhlükəsizlik tədbirləri olduqca güclü və əhatəlidir.
Son illər Berlində avtonəqliyyat vasitələrinin sayı bir neçə dəfə artmışdır. Buna baxmayaraq yaxşı yollar və hərəkətin əla təşkili səbəbindən kilometrlik tıxaclara rast gəlinmir. Həmçinin, son illərdə yerli sakinlərin sayı 3 dəfə artıb ki, bu da sərnişin axınını kəskin şəkildə çoxaldıb. Çoxsaylı avtomobil istifadəçiləri ictimai nəqliyyatla hərəkətə daha çox üstünlük verirlər. Ona görə ki, hər hansı məntəqəyə ictimai nəqliyyatla avtomobilə nisbətən daha tez çatmaq mümkündür. Bütün dayanacaqlarda və stansiyalarda növbəti avtobus, trolleybus və ya qatarın nə zaman gələcəyini bildirən informasiya lövhələri asılmışdır. Şəhərdə avtomobillə hərəkət öz yerini tədricən ictimai nəqliyyata verir.
Nyu-York nəqliyyat sisteminin, tez-tez tənqid olunmasına baxmayaraq, əsas üstünlüyü ondadır ki, burada ictimai nəqliyyat sistemi saat kimi dəqiq işləyir və hər hansı təxirəsalmadan söhbət belə gedə bilməz. Hətta uraqan olduqda belə ictimai nəqliyyat sistemi tələb edilən səviyyədə işləyir. Heç bir turist Nyu-York şəhərində ictimai nəqliyyatın fəaliyyətində fasilələrlə rastlaşa bilməz, yəni bu, demək olar ki, rast gəlinməyən bir haldır.
Beləliklə, dünyanın ilk onluğa daxil olan şəhərlərinin müvafiq qabaqcıl təcrübəsi bir sıra tətbiqi məsələləri diqqətə almağı zəruri edir. Xüsusilə, ictimai nəqliyyat sistemində mövcud olan naviqasiya sistemi, diferensial qiytmətlərə malik həftəlik, aylıq, rüblük, illik kartların satılması, ictimai nəqliyyat istifadəçilərinin maarifləndirilməsi və s. diqqəti cəlb edir. Digər bir mühüm məsələ, ictimai nəqliyyat sisteminin şəhərin bütün ərazilərini, küçələrini əhatə etməsi və bu sahədə rels nəqliyyatına üstünlük verilməsidir.
Azərbaycanda ictimai nəqliyyat sisteminin dünəni və bu günü
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra nəqliyyat sistemində silsilə islahatlar, proqram və layihələr həyata keçirilib ki, bu da ictimai nəqliyyat sisteminə öz təsiri göstərib. İnfrastruktur təminatı davamlı olaraq təkmilləşdirilir, daşıma vasitələri mütəmadi olaraq, növbəli şəkildə yenilənir. İctimai nəqliyyat bütün yaşayış məntəqələri üçün zəruri olsa da, meqapolislərdə daha vacib əhəmiyyət kəsb edir. Bu baxımdan da, görülən işlərin Bakı şəhəri timsalında nəzərdən keçirilməsi daha uyğundur.
Demək olar ki, Bakı şəhərində bütün marşrutlar üzrə qeyri-nəğd ödənişlər təmin olunub, mobil tətbiqlər və ödəniş imkanları yaradılıb, 2024-cü ildə elektriklə işləyən avtobuslar istismara verilib. İctimai nəqliyyatın çevikliyi, sərnişinlərin rahatlığı və mənzil başına vaxtında çatdırılması üçün xüsusi hərəkət zolaqları təşkil edilib.
Taksi xidmətləri ilə bağlı müvafiq addımlar atılmaqdadır. Sürücülərin setifikatlaşdırılması, müvafiq yoxlamalardan keçirilməsi, taksi daşınmaları üçün nəqliyyat vasitələrinə dair tələblərin müəyyənləşdirilməsi və s. bu sahənin də dövlət tərəfindən diqqət mərkəzində saxlanıldığını ifadə edir.
Ümumilikdə, sərnişin dövriyyəsində, sərnişin axınında, 1 sərnişinin orta daşınma məsafəsində və s. çoxsaylı statistik göstəricilərdə müsbət dinamika təmin edilib ki, bu da infrastruktur yenilənməsi, avtonəqliyyat parkının inkişafı, tənzimləyici və qanunvericilik aktlarının qəbulu kimi kompleks məsələlərin uğurla həyata keçirilməsinin real nəticələridir.
Avtobusların yenilənməsi, xidmətlərin təkmilləşdirilməsi, onlayn və oflayn bilet satışının təmin olunması kimi istiqamətlərdə əldə olunan dinamikanı, nailiyyətləri şəhərlərarası avtobus daşınmalarında da görmək mümkündür. Sürücü nəzakətindən tutmuş, müasir avtobusların cəlb edilməsindən tutmuş yol mədəniyyətinə qədər ən kiçik detallar belə nəzərə alınmaqla, müsbət dinamikanı görməmək mümkün deyildir. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşma başladıqca, normal həyatın tərkib hissəsi kimi, ictimai nəqliyyat xidmətlərinin də təşkili zəruridir və bu istiqamətdə davamlı işlər aparılır, onda görülən işlərin miqyası daha aydın olar.
Bütün bunlarla yanaşı, təbii ki, təkmilləşdirici və inkişaf etdirici addımlar, qərarlar davamlı xarakter daşımalıdır. Həm də ona görə ki, bütün xidmət sahələri kimi, nəqliyyat xidmətləri də cəmiyyət və sənayenin zövq və tələbatında baş verən dəyişikliklərə uyğun olaraq dəyişir, təkmilləşir, zənginləşir. Bu baxımdan da, müsbət dinamikanın davamlılığı üçün, eləcə də hələ də ictimai nəqliyyat sistemində (xüsusilə taksi daşınmalarında) rast gəlinən problemlərin aradan qaldırılması, xidmətlərin təkmilləşdirilməsi üçün bir sıra addımların atılması da günümüzün əsas tələblərindəndir.
Azərbaycan Respublikasında ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətləri
Aydındır ki, ictimai nəqliyyatın inkişafı və gələcəyi bir neçə amildən asılıdır, o cümlədən texnoloji yeniliklər, əhalinin artması, urbanizasiya və ekoloji məsələlər. Eyni zamanda, bu sahədə davamlı maarifləndirmə, insanların ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılması da zəruridir. İctimai nəqliyyatda əlçatanlığın, şəhər daxilində mobilliyin artırılması, nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılması məqsədilə Bakıda mobilliklə bağlı proqramın icrasına başlanılıb və proqram çərçivəsində müəyyən tədbirlər artıq reallaşdırılıb.
Yol hərəkətinin təşkili ilə bağlı infrastruktur layihələri, taksi xidməti üzrə islahatlar, parklanmanın idarə edilməsi, avtobus marşrutlarının təhlili, mikromobillik infrastrukturunun yaradılması sözügedən layihənin tərkib hissələridir. RİNN-nin məlumatlarına görə mobilliyin təmin olunması ilə bağlı müvafiq məlumat bazası formalaşır, təhlil olunur və bu günədək 60-dan çox təklif nəzərdən keçirilib.
Avtobus daşımaları üzrə:
- Texnoloji yeniliklər və müasir nəqliyyat vasitələri aktual olaraq qalır. Yeni avtobusların xəttə buraxılışı, avtobus və taksi parkının yenilənməsi davamlı xarakter almalıdır. Avtobuslarda müvafiq xəritələrin də olması, sərnişinlər üçün bir bələdçi rolu oynaya bilər. Bununla belə, müvafiq sürücü hazırlığı da diqqətdən yayınmamalıdır. Daşınma məsafəsi, sərnişin sayı və s. nəzərə alınmaqla sürücü hazırlıqları da zəruridir;
- Müasir texnologiyaların imkanlarından yararlanaraq görüntülü və səsli maarifləndirici çarxların hazırlanması, sərnişinlərin mütəmadi olaraq məlumatlandırılması və maarifləndirilməsi;
- Keçmiş SSRİ dövründə iş gününün müşahidəsi, xronometraj kimi metodlarla sərnişin axını müəyyən edilirdi və bunun əsasında da avtobusun sayı, tutumu və hərəkət intervalı planlaşdırlırdı. Bu gün bunun üçün daha geniş imkanlar mövcuddur, qeyri-nəğd ödənişlər nəinki hər marşrut, hətta hər avtobus üçün, günün hər saatı üçün sərnişin axını və dövriyyəsini müəyyən etməyə və beləliklə də daha dəqiq planlaşdırma aparmağa imkan verir. Şərnişin daşınması ilə bağlı cari və strateji planlaşdırmanın həyata keçirilməsi ilə marşrut xəritəsinin daha da genişləndirilməsi;
- Avtobus daşınmalarının şəbəkə inteqrasiyasının təmin olunması. Xüsusilə marşrut xətlərinin elə qurulması ki, sərnişinlərin digər marşrutlara və nəqliyyat növlərinə keçidinə imkan yaransın;
- Yollarda sıxlığın, dayanacaqlarda vaxt itkisinin azaldılması məqsədilə dayanacaqları üst-üstə düşən avtobus marşrutlarında hərəkət intervalları üzrə uzlaşdırmanın aparılması, avtobusların minimum say və zamanla dayanacağa daxil olmasının təmin edilməsi məqsədəuyğun olardı;
- Şəhərlərdə əhalinin sıxlığı artdıqca, ictimai nəqliyyatın rolu daha da əhəmiyyətli olacaq. Şəhər planlaşdırılmasında ictimai nəqliyyatın rolu, infrastrukturun inkişafı və dayanacaq nöqtələrinin artırılması diqqət mərkəzində olacaq. Bakı kimi, yüksək sıxlıqlı şəhərlərdə metrobus və tramvay xətləri daha əlverişli hesab edilir;
- Rəqəmsal xidmətlərin və mobil tətbiqlərin geniş istifadəsi gələcəyin əsas çağırışlarındandır. İctimai nəqliyyat xidmətlərinə daha çox rəqəmsal alətlər və mobil tətbiqlərin əlavə edilməsi zəruridir. Hansı ki, bu əlavələr sərnişinlərə real vaxtda avtobusun və ya metro xəttinin vəziyyətini izləməyə, bilet alışı və digər xidmətləri mobil tətbiqlər vasitəsilə asanlıqla əldə etməyə imkan yaradar;
- BakuBus kartlarının önlayn ödəniş imkanlarının artırılması, eləcə də daha cəlbedici şərtlərlə həftəlik, aylıq, rüblük, illik kartların satışı məqsədəuyğun olardı.
- İctimai nəqliyyatın gələcəyi sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etməyə yönələcək. Bu, daha geniş və komfortlu nəqliyyat vasitələri, daha yaxşı xidmət göstərən stansiyalar və təhlükəsizlik tədbirləri ilə mümkün olacaq. O cümlədən, ətraf mühit məsələləri, ekoloji təmizlik məsələləri də diqqətdə saxlanmalıdır. Elektrikli nəqliyyat vasitələrinin istifadəsinin genişlənməsi, ictimai nəqliyyat sistemlərinin karbon emissiyalarını azaltmaqda müsbət təsir göstərəcək. Bu, həm əhalinin və sənayenin ehtiyaclarını qarşılayacaq, həm də şəhərlərin daha rahat yaşanabilir və davamlı olmasına töhfə verəcəkdir.
Taksi xidmətləri üzrə
- Taksi xidmətlərinin təkmilləşdirilməsi, bu sahədə xaotikliyin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilsə də, məyyən müsbətliklərə nail olunsa da, bir sıra məsələlərin həlli də vacibdir. Xüsusilə, taksi xidmətlərinə ictimai nəqliyyat sisteminin tərkibi kimi yanaşaraq, avtobus zolaqlarından istifadə imkanlarının yaradılması, dayanma-durma qaydalarında taksilər üçün qısamüddətli (10 dəqiqəyədək) güzəştlərin tətbiqi həm təhlükəsizlik, həm də sərnişinlərin şəxsi nəqliyyat vasitələrindən ictimai nəqliyyata doğru axını baxımından məqsədəuyğun olardı;
- Taksilərlə bağlı tələblərin daha da təkmilləşdirilməsi, sürücü və nəqliyyat vasitəsinə dair tələblərin artırılması. Taksi xidməti ölkə haqqında rəy formalaşdıran xidmətlərdən biridir. Ona görə də sürücülərin gigiyenik qaydalara riayət etməsi, nəqliyyat vasitəsinin təmizliyi, sazlığı, taksi xidmətlərində uniformanın tətbiqi (BakuBus sürücülərində olduğu kimi), bütün xidmət göstərənlərin vergi ödəyicisi kimi qeydiyyata alınması məsələlərinin tələblərə daxil edilməsi məqsədəuyğun olardı;
- Taksi sürücülərinin maarifləndirilməsi ilə, sərnişin-sürücü davranışları ilə bağlı müəyyən maarifləndirici bukletlərin, kitabçaların nəşri və yayılması məqsədəuyğun olardı. Eyni zamanda, sürücülərin ildə bir dəfədən az olmayaraq təlimlərə cəlb edilməsi də nəzərdən keçirilə bilər;
- Bakı şəhərindən respublikanın digər bölgələrinə taksi xidmətləri sahəsində vəziyyət daha narahatedici və xaotikdir. Bu “xidmət” avtovağzalların ətrafında bir qarışıqlıq, xaotiklik yaradır. Bunun üçün ayrı-ayrı istiqamətlər üzrə sertifikatların (lisenziyaların), xüsusi nişanların verilməsi mümkündür. Sərnişin kənardan hansı avtomobilin hansı istiqamətə getdiyini bilsin və sərbəst seçim etsin. Əks təqdirdə, rayonlararası taksi xidməti, görülən işləri tam mahiyyəti ilə ifadə etmir, müsbətliklərə xələl gətirir;
- Gələcəkdə taksi xidmətləri daha fərqli və müxtəlif formatlarda təqdim edilə bilər. Məsələn, yüksək səviyyəli xidmətlər (luxury taxis), ev heyvanları ilə səyahət etməyə imkan verən taksilər, yaşlılar və əlillər üçün xüsusi nəqliyyat vasitələri kimi daha ixtisaslaşmış xidmətlər təklif edilə bilər. Bu cür dəyişikliklər, xidmət sahəsinin müxtəlif ehtiyaclara cavab verməsinə kömək edər;
- Taksi xidmətlərinin perspektivləri, texnoloji inkişafların, sosial dəyişikliklərin və ətraf mühitin qorunması məsələlərinin təsiri altında hər zaman inkişaf etməyə davam edəcəkdir. Elektrikləşdirilmə, avtomatlaşdırma, rəqəmsal platformalar və daha çox çevik xidmət modelləri, taksi sənayesini gələcəkdə daha da inkişaf etdirə bilər. Nəticədə, taksi xidmətləri müştərilərin tələblərinə cavab verə, şəhər həyatını daha davamlı və effektiv edə bilər.
Cross Media Təhlil Mərkəzi
06:40 08.01.2025
Oxunuş sayı: 10794