Qəzənfər Paşayev: Kaş bizim vaxtımızda da vahid məktəbli geyimi olardı
Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqi şagirdlər arasında bərabərliyin qorunması, məktəb intizamının möhkəmləndirilməsi və təhsil mühitində vahid yanaşmanın təmin edilməsi baxımından aktual mövzulardan biridir. Nazirlər Kabinetinin 2022-ci il qərarı ilə məktəbli formalarının nümunələri müəyyənləşdirilib, 2026-cı ilin sentyabrında isə geyim qaydalarına dəyişikliklər edilərək formanın vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərinə məhdudiyyət qoyulub. Yeni qaydalara əsasən, valideynlər övladlarının müəyyən edilmiş geyim formasına riayət etməsini təmin etməli, bu məsələlərlə bağlı mübahisələr isə məktəbin Pedaqoji Şurası tərəfindən həll olunmalıdır. Oktyabrın 9-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə geyim qaydalarının icrasına dair monitorinqlərin keçiriləcəyini də açıqlayıb. Bu fonda vahid məktəbli geyiminin şagirdlər arasında sosial fərqlərin təsirini azaltmaqda, məktəb mühitində nizam-intizamı və bərabərlik hissini gücləndirməkdə hansı rol oynadığı yenidən müzakirə olunur.
Akademik Qəzənfər Paşayev Crossmedia.az-a açıqlamasında məktəbli formasına münasibətinin müsbət olduğunu vurğulayıb, eyni zamanda maddi imkanı məhdud ailələrin dəstəklənməsinin və forma satışında vahid qaydaların tətbiqinin vacibliyinə diqqət çəkib.
Akademik məktəbli formasının uşaqlar arasında sosial fərqlərin qabardılmasının qarşısını almağa kömək etdiyini bildirib: “Mənim fikrim məktəbli forması barədə çox müsbətdir. Bizdə məktəbli forması çox gözəl bir şeydir. Uşaqların arasında fərqlənmə olmayanda bəziləri bir-birinə yuxarıdan aşağı baxmır”.
Qəzənfər Paşayev öz uşaqlıq illərini xatırladaraq indiki şagirdlərin vahid forma geyinməsini müsbət hal kimi qiymətləndirib: “Mənim uşaqlığım çox ağır vaxtda keçib. Onda məktəb forması yox idi. İndi arzulayıram ki, kaş bizim vaxtımızda da belə olaydı. Biz bu gözəlliyi görəydik, görməmişik”.
Akademik hesab edir ki, vahid məktəbli formasının tətbiqi ilə yanaşı, maddi imkanı məhdud ailələrin ehtiyacları da nəzərə alınmalıdır. Onun sözlərinə görə, xüsusilə kənd yerlərində və Bakı kəndlərində yaşayan bəzi ailələrin məktəbli forması almaq imkanları məhduddur: “Burada qeyri-hökumət təşkilatları və ictimai təşkilatlar dövlətin dəstəyi ilə ailələrə yardım etməli, kömək göstərməlidirlər. Bu, həmin uşaqların özlərini daha yaxşı hiss etmələrinə də şərait yaradacaq”.
O, məktəbli formasının uşaqlar arasında həm sosial, həm də psixoloji baxımdan bərabərlik hissini gücləndirdiyini qeyd edib: “Uşaqların fərqlənməməsi vacibdir. Biri digərinə ‘bu kasıbdır’ deməməli, yaxud varlı uşağa həsəd aparmamalıdır. Bu baxımdan məktəbli forması çox gözəl bir şeydir”.
Qəzənfər Paşayev forma satışı zamanı yaranan problemlərə də toxunub. O bildirib ki, bəzi işbazlar məktəbli forması məsələsindən istifadə edərək müxtəlif formalar təklif edir və bu da vahidliyin pozulmasına səbəb ola bilər: “Bəzən görürsən ki, işbazlar bu məsələdən istifadə edirlər, bir formanın, o biri formanın satışını önə çəkirlər. Bu cür halların da qarşısı alınmalıdır. Dövlətin vahid qanunu və qərarı olmalı, hamı ona tabe olmalıdır. Məktəbli forması da həmin qaydalara uyğun geyinilməlidir”.
Nigar Xəlilli
17:15 15.10.2026
Oxunuş sayı: 139