İqtisadi

Rusiya qazının Ukrayna üzərindən Avropaya ixracı dayandı: kim uddu, kim uduzdu?

Rusiya qazının Ukrayna ərazisindən keçməklə Avropa ölkələrinə tranziti 1 yanvar 2025-ci tarixdən dayandırılıb və görünən odur ki, heç bir tərəf razılaşmanı davam etdirməyi planlaşdırmır. Ukrayna Prezidenti Volodimir Zelenski qaz tranzitinin dayandırılmasını Moskvanın ən böyük məğlubiyyətlərindən biri kimi ifadə edib. O, Avropaya Amerika qazının tədarükünün artırılmasına ümid etdiyini bildirib.

Rusiyanın “Qazprom” şirkətinin açıqlamasına görə isə təchizatların uzadılması gözləntiləri özünü doğrultmadı. 2025-ci il yanvarın 1-də Moskva vaxtı ilə saat 8:00-da (Bakı vaxtı ilə 9:00) Avropada yeni qaz günü başlayanda Ukraynanın "Naftoqaz" şirkəti ilə müqavilənin müddəti başa çatıb və tranzit dayandırılıb. Ukrayna tərəfinin bu sazişləri yeniləməkdən dəfələrlə və açıq şəkildə imtina etməsi səbəbindən “Qazprom” 2025-ci il yanvarın 1-dən Ukrayna ərazisindən tranzit qaz tədarükü üçün texniki və hüquqi imkandan məhrum edilib.

Rusiya qazının Avropaya ixracının dayandırılmasının bir neçə ciddi və uzunmüddətli təsirləri ola bilər. Qaz ixracının dayandırılması, həm qlobal enerji bazarına, həm də xüsusi olaraq Avropa iqtisadiyyatına və siyasətinə böyük təsir göstərəcək. 

Təbii ki, ilk növbədə, enerji qiymətlərinin artması ehtimalı daha çoxdur. Ona görə ki, Rusiya, Avropanın ən böyük qaz təchizatçılarından biridir. İxracın dayandırılması, qaza olan tələbatı təmin etmək üçün Avropanın digər mənbələrdən qaz almağa yönəlməsinə səbəb olacaq. Bu da qaza olan tələbatın artmasına və nəticədə qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Xüsusən də, qış aylarında bu, daha ciddi problemlərin ortaya çıxması mümkündür. 

Qaz ixracının dayandırılması sənaye istehsalının azaldılmasına da öz təsirini göstərəcəkdir. Aydındır ki, enerji qiymətlərinin artması, kimya sənayesi, metalurgiya sənayesi və s. kimi enerjini intensiv istifadə edən sənaye sahələrində istehsalın azalmasına səbəb ola bilər. Bir addım sonrakı təsirlər isə, daha ciddidir. Belə ki, istehsalın azalması iqtisadi böhrana yol aça və işsizlik səviyyəsini artıra bilər. Digər tərəfdən, enerji qiymətlərinin artması ümumilikdə qiymət artımına təsir göstərə bilər ki, bu halda da inflyasiya səviyyəsinin yüksəlməsi təhlükəsi yaranır. O cümlədən, enerji böhranı, Avropa daxilində sosial və siyasi gərginliklərə səbəb ola bilər. Dövlətlərarası razılaşmaların pozulması, iqtisadi çətinliklər və işsizlik səviyyəsinin artmasının, Avropa İttifaqı daxilində siyasi qarşıdurmalar yaratması mümkündür.

Şübhəsiz ki, Avropa, Rusiya qazından asılılığını azaldaraq, təchizatın şaxələndirilməsi istiqamətində daha da sürətli addımlar atacaq. Bu, təbii qazın digər mənbələrdən, məsələn, Norveç, Qətər, ABŞ (LNG vasitəsilə) və Afrika ölkələrindən idxalını artıra bilər. İlk dövrlərdə, infrastruktur və logistik təchizat zəncirlərində müəyyən problemlər yaransa da, nəticədə ABŞ-ın Avropaya təsirlərini artıra bilər.

Bununla belə, Avropa, bu böhrandan faydalanaraq, bərpa olunan enerji mənbələrinə (günəş, külək, hidroenerji və biokütlə) investisiyalarını artıracaq və qazdan asılılığını azaltmağa çalışacaq. Bu hadisə, Avropanın daha sürətli şəkildə bərpa olunan enerji və enerji effektivliyi texnologiyalarına keçidini sürətləndirə bilər, uzunmüddətli perspektivdə ətraf mühitin qorunmasına müsbət təsir edə bilər.

Bu isə o deməkdir ki, Avropanın itkiləri və çətinliyi qısa müddətli ola bilər. Avropa idxalı şaxələndirməklə və alternativ enerji mənbələrini inkişaf etdirməklə enerji təminatını ödəyə və qazdan asılılığı azalda bilər. Bu prosesdə daha çox zərər çəkənin isə, Rusiya olacağı heç bir şübhə doğurmur.

Əvvəla, Rusiya üçün Avropaya qaz ixracı, müasir sanksiyalar şəraitində, əsas gəlir mənbəyidir. Danılmazdır ki, Avropa bazarını itirmək, Rusiya iqtisadiyyatına ciddi zərbə vuracaq. Bu, dövlət büdcəsində defisiti artıracaq və tədricən sosial problemləri dərinləşdirəcək. Hətta Rusiyanın yeni bazarlara çıxışı da, Avropa bazarını əvəz etməyəcək. Görünən odur ki, Rusiya, qaz ixracını Asiya bazarlarına yönəldə bilər, Çin, Hindistan və digər Asiya ölkələri ilə enerji müqavilələrinin artırılması gözləniləndir. Lakin, yeni bazarlar Avropa bazarının iqtisadi həcmini əvəz etməyəcək, çünki qaz tələbatı və nəqliyyat məsafələri fərqlidir.

Rusiya qazının Avropaya ixracının dayandırılması, qısa və uzunmüddətli dövrdə həm Avropa, həm də qlobal enerji bazarlarında ciddi dəyişikliklərə yol açacaq. Avropa enerji təchizatını şaxələndirməyə, bərpa olunan enerji mənbələrinə daha çox investisiya etməyə, Rusiya isə qaz ixracını alternativ bazarlara yönəltməyə çalışacaq. Eyni zamanda, qiymətlərin yüksəlməsi və siyasi gərginliklər iqtisadiyyata mənfi təsir göstərə bilər. Reuters-in hesablamalarına görə, 2024-cü ildə Rusiya qazının Avropaya bütün marşrutlar üzrə ixracının ümumi həcmi 2023-cü ildəki 28,3 milyard kubmetrdən 32 milyard kubmetrə yüksəlib. Beləliklə, Rusiya hökumətinin proqnozlaşdırdığı qazın 1000 kubmetrinin orta qiymətinin 339 dollar olması halında Moskva bu il Ukrayna vasitəsilə satışdan təxminən 5 milyard dollar qazana bilər.

Rusiya prezidenti isə qaz ixracının dayandırılmasından Avropanın daha çox itirəcəyini iddia edir. Avropa ölkələri üçün Rusiya qaz boru kəmərinin yeganə mənbəyi “Türk axını”ndan keçən “Balkan axını” qalır. Bu kəmər vasitəsi ilə hər il Rumıniya, Yunanıstan, Şimali Makedoniya, Serbiya, Bosniya və Herseqovina və Macarıstana təxminən 14-15 milyard kubmetr qaz verilir. Lakin tranzit müqaviləsinin başa çatması artıq Rusiya qazının Aİ-yə əsas giriş nöqtəsi olan, eləcə də qazı Avstriya, Macarıstan və İtaliyaya nəqlindən tranzit haqqı qazanan Slovakiya ilə ciddi gərginliyə səbəb olub.

Beləliklə, həm təhlillərdən, həm də konkret rəqəmlərdən görünən odur ki, nəqlin dayanmasından Rusiyanın daha çox zərər görəcəyi qaçılmazdır.

Azərbaycan üçün gözləntilər

Məlumdur ki, hələ bir neçə il öncədən, Azərbaycan Avropaya qaz ixracı üçün ciddi addımlar atıb, müvafiq müqavilələr imzalanıb və bu razılaşmalar müasir Avropa üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan qazı, təqribən 2020-ci ilin sonlarından etibarən Avropa bazarına daxil olub və illik ixrac həcmləri dinamik olaraq artmaqdadır.  Bu gün isə, artıq Azərbaycanın mavi qaz ixracı Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Hazırkı şərtlərdə Azərbaycan Avropanın əsas enerji tərəfdaşlarından biri olaraq qalır və bu əməkdaşlığın gələcəkdə daha da dərinləşməsi gözlənilir. Ümumilikdə isə, Ukrayna üzərindən Rusiya qazının Avropaya ixracının dayandılrılması, bir enerji təchizatçısı və Avropanın enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş kimi Azərbaycan Respublikasının nüfuzunu daha da gücləndirir.

Qeyd edildiyi ki, Avropa ölkələri enerji təhlükəsizliyini təmin etmək üçün alternativ mənbələr axtarırlar. Məhz bu kontekstdə Slovakiyanın neft-qaz şirkəti SPP ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında aparılan danışıqlar xüsusi əhəmiyyət kəsb edir. SPP Azərbaycanın təbii qazını əldə etmək üçün SOCAR ilə müzakirələr aparır. Bu, Avropaya qaz tədarükündə mühüm alternativ ola bilər.

Əməkdaşlıq çərçivəsində “Qazprom” və SOCAR arasında mübadilə mexanizmi də nəzərdən keçirilir. Bu mexanizm əsasında SOCAR Rusiya qazını alıb Avropa bazarına tədarük edə bilər. Bu, həm Azərbaycanın, həm də Avropa ölkələrinin maraqlarına uyğun bir addım hesab olunur.
Bununla belə, ixrac üçün Azərbaycanın özünün də kifayət qədər qaz ehtiyatları mövcuddur və Avropa ölkələrinə qaz satışı 3 milyard kubmetr artırılacaqdır. 2024-cü ildə SOCAR Avropa bazarına əlavə qaz həcmi çıxarmaq üçün Türkiyənin BOTAŞ (Neft Boru Kəməri Nəqliyyatı Anonim Şirkəti) şirkəti ilə həmin şirkətə məxsus infrastrukturdan istifadə barədə razılığa gəlib. 2024-cü il iyunun 4-də Azərbaycan və BOTAŞ arasında bununla bağlı saziş imzalanıb. Nəticədə Azərbaycan öz qazını Avropa bazarına iki istiqamətdə ixrac imkanı əldə edib. Bunlardan biri TAP (Trans-Adriatik boru kəməri) kəməri, ikincisi isə Türkiyə-Bolqarıstan kəməridir. Bu isə Azərbaycanın Avropaya qaz ixracını kifayət qədər artırmağa imkan verir. 2026-cı ildə Azəri-Çıraq-Günəşli yatağından qaz hasil ediləcəkdir ki, bu da imkanları daha da genişləndirir. AÇG-nin dərin qatlarında təbii qaz ehtiyatı 120 milyard kubmetrdir. Bu isə Avropa bazarına əlavə həcmləri çıxarmaq üçün yetərlidir.

Beləliklə, proseslərin gedişi onu göstərir ki, Rusiya qazı Avropanı tərk edir və onu Azərbaycan qazı əvəzləyəcəkdir. O cümlədən, AVROPAYA QAZ İXRACINDA UKRAYNANI AZƏRBAYCAN ƏVƏZ EDƏ BİLƏR.  Bütün hallarda isə, prosesin ölkəmiz üçün müsbət tərəfləri daha çox gözləniləndir. Həm Azərbaycan qazının Avropaya ixracı baxımından, həm də Qazpromdan qazı alıb Avropaya ixrac edən tərəf – tranzit ölkə kimi Azərbaycan Avropanın enerji təminatı və təhlükəsizliyində mövqeyini daha da möhkəmləndirir. 

Cross Media Təhlil Mərkəzi

 

06:05 03.01.2025

Oxunuş sayı: 10264

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR