Süni intellekt silahlanma yarışını pik həddə çatdırıb
Kosmosun hərbi məqsədlərlə istifadəsi və süni intellekt texnologiyalarının təhlükəsizliyi beynəlxalq gündəmin mühüm məsələlərindən birinə çevrilir. Şanxay Əməkdaşlıq Təşkilatı kosmosda silahlanma yarışının qarşısının alınması və yeni texnologiyalardan məsuliyyətli istifadənin təmin edilməsi üçün hüquqi baxımdan məcburi beynəlxalq sənədin hazırlanmasını təklif edib.
Mövzu ilə bağlı politoloq Fikrət Sadıqov Crossmedia.az-a açıqlamasında bildirib ki, silahlanma yarışı münaqişələrin genişlənməsinə və dərinləşməsinə səbəb ola biləcək təhlükəli prosesdir:
“Ümumilikdə, silahlanma yarışı çox təhlükəli prosesdir və münaqişələrin genişlənməsinə, dərinləşməsinə gətirib çıxaran amillərdən biridir. Biz görürük ki, hazırda silahlardan müxtəlif münaqişələrdə geniş şəkildə istifadə olunur. Burada yüksək texnologiyalara malik müasir silahlardan da söhbət gedir. Təbii ki, kosmosda süni intellektdən və bu texnologiyalardan istifadə silahlanma yarışını pik həddə çatdıra bilər. Bu da olduqca təhlükəli məsələdir. Şanxay Əməkdaşlıq Təşkilatı tamamilə haqlı olaraq bunun qarşısını almaq üçün müəyyən addımlar atır. Əmin deyiləm ki, Şanxay Əməkdaşlıq Təşkilatının bu istiqamətdə atdığı addımlar mütləq digər böyük dövlətlər tərəfindən nəzərə alınacaq. Amma hər halda belə addımların atılması vacibdir. Bunun qarşısını almaq üçün ölkələr birgə addımlar atmalı və ictimaiyyət geniş şəkildə bilməlidir ki, belə bir yarış müsbət nəticələrə gətirib çıxara bilməz. Çünki bu, ölkələr və xalqlar üçün ciddi təhlükə yaradan prosesə çevrilə bilər”.
Nuray Mehtiyeva
17:30 16.09.2026
Oxunuş sayı: 47