İspaniyada ABŞ-ə ekstradisiya tələbinə təzyiq artır
İspaniyada ABŞ vətəndaşı və solçu, humanitar layihələrə maliyyə dəstəyi ilə tanınan Ceyms “Fergi” Çembersin ABŞ-ə ekstradisiya edilməməsi üçün təzyiq artır.
Crossmedia.az xəbər verir ki, “The Guardian” bu barədə məlumat yayıb.
Hazırda Madriddə həbsdə saxlanılan Çembers ABŞ-nin ekstradisiya tələbi ilə üzləşib. Onun vəkilləri İspaniya Nazirlər Şurasının məsələni nəzərdən keçirəcəyi iclas ərəfəsində müdafiə mövqelərini hökumətə təqdim ediblər.
ABŞ Çembersi bir neçə il əvvəl ABŞ-dəkı bank hesabından Tunisə köçürdüyü 7,5 milyon dolları leqallaşdırmaqda və həmin vəsaitdən Fələstin HƏMAS hərəkatına dəstək məqsədilə istifadə etməkdə ittiham edir. İttiham aktının tam detalları isə hələlik məxfi saxlanılır.
Çembersin müdafiə tərəfi ittihamları rədd edir. Vəkillər ABŞ hökumətinin onunla birbaşa əlaqələndirilə biləcək konkret zorakılıq və ya zərər faktlarını göstərmədiyini bildirirlər. Müdafiə tərəfi həmçinin ABŞ qanunvericiliyində yer alan “iğtişaş törətmək üçün sui-qəsd” ittihamının İspaniya hüququnda ekvivalentinin olmadığını və bunun ekstradisiya prosesinə mane ola biləcəyini qeyd edir.
Çembersin vəkillərinin sözlərinə görə, onun maliyyə dəstəyi humanitar layihələrə və müxtəlif sosial təşəbbüslərə yönəlib. Çembers bir neçə il ərzində 20 ölkədə təxminən 100 layihəyə maliyyə yardımı göstərib. Bu layihələr arasında Qəzzadakı “Sameer Project” də yer alır.
Çembersin tərəfdaşı, aktrisa və fəal Stella Şnabel də onun ekstradisiyasının qarşısının alınması üçün fəaliyyət göstərir. O, ötən həftə İspaniya parlamentinin bir neçə üzvü ilə görüşüb və Baş nazir Pedro Sançesə məktub göndərərək ABŞ-ın tələbini rədd etməyə çağırıb.
İspaniyanın solçu siyasi qüvvələri “Podemos” və “Sumar” da ekstradisiya tələbinin rədd edilməsini istəyib. Çembersə dəstək məqsədilə ölkənin ən azı altı şəhərində aksiyalar keçirilib.
İspaniya Nazirlər Şurasının sentyabrın 22-də məsələ ilə bağlı qərar verməsi gözlənilir. Şura ekstradisiya tələbini rədd edə və ya prosesin məhkəmə mərhələsinə keçməsinə icazə verə bilər.
19:50 13.09.2026
Oxunuş sayı: 48