Neft sənayesinə yönələn zərbələr artır
Rusiya və Ukrayna gecə saatlarında qarşılıqlı pilotsuz uçuş aparatı (PUA) zərbələri həyata keçirib. Hücumlar nəticəsində Rusiyada azı iki nəfər ölüb, 12 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Tatarıstanın Nijnekamsk şəhərində Ukrayna PUA-larının hücumu nəticəsində iki mülki şəxs həyatını itirib. Tatarıstan rəhbəri Rustam Minnixanovun aparatının məlumatına görə, PUA park edilmiş avtomobilin yaxınlığındakı ağaca çırpılıb və hadisə nəticəsində iki nəfər ölüb.
Nijnekamsk Rusiyanın əsas neft emalı və neft-kimya mərkəzlərindən biridir. Şəhərin meri Radmir Belyayev hücum nəticəsində müəssisələrdən birində yanğın baş verdiyini açıqlayıb.
Ukrayna son dövrlərdə Rusiyanın neft və qaz infrastrukturunu uzaqmənzilli PUA-larla daha çox hədəfə alır. Kiyev bu obyektlərin Moskvanın müharibə fəaliyyətinin maliyyələşdirilməsində mühüm rol oynadığını bildirir.
Ukraynanın müdafiə kəşfiyyatı isə gecə saatlarında Rusiyanın Krasnodar vilayətinin Slavyansk-na-Kubani şəhərindəki iri neft emalı zavoduna PUA zərbəsi endirildiyini açıqlayıb.
19:43 13.09.2026
Oxunuş sayı: 50