Süni intellekt dərman hazırlamağa başladı
Çində süni intellektin dərman hazırlanması prosesində tətbiqində mühüm mərhələyə keçilib. Westlake Universiteti, Westlake Laboratoriyası və Westlake Pharmaceuticals tərəfindən hazırlanmış Mprosevir adlı preparat Çinin Milli Tibbi Məhsullar Administrasiyasından şərti satış icazəsi alıb. Yüngül və orta ağırlıqlı COVID-19 xəstələrinin müalicəsi üçün nəzərdə tutulan preparatın hazırlanmasında süni intellektdən namizəd molekulların seçilməsi və optimallaşdırılması mərhələlərində istifadə olunub. Dərmanın ilkin kəşfindən klinik sınaqların tamamlanmasına qədər cəmi 3,5 il vaxt tələb olunması da diqqət çəkir.
Səhiyyə eksperti Aydın Əliyev Crossmedia.az-a açıqlamasında süni intellektlə hazırlanmış dərmanların insan orqanizminə təsirinin hələ uzun müddət yoxlanılmasının vacib olduğunu bildirib: “Müasir dünyada süni intellekt məsələsi getdikcə aktuallaşır. Ancaq belə bir şeyi bilmək lazımdır ki, süni intellekt hələ insan beynində olan neyronlara, yəni sinir hüceyrələrinə tam olaraq çatmayıb. Neyronların əlaqəsi, neyronlarda yaranan düşüncə və fəaliyyət istiqamətləri, bax, bunların hamısının süni intellektdə dərk olunması lazımdır. Yəni süni intellektin buna çatması gərəkdir”.
A.Əliyevin sözlərinə görə, süni intellekt vasitəsilə hazırlanmış dərman maddələrinin insan orqanizmində, xüsusilə sinirlər arasındakı əlaqələrə necə təsir göstərəcəyi zamanla məlum olacaq: “Amma dərman məsələsinə gəldikdə isə belə bir şey deyək: bədənimiz daha çox sudan ibarətdir, Yer kürəsinin də böyük hissəsi sudan ibarətdir. Yer kürəsi, onun havası, ekologiyası, bunların hamısı insan orqanizminə təsir edir. Amma suyun da çoxu, sən deyirsən, dərd verir. Ona görə də sinirlər arasındakı əlaqələrə süni intellektdən yaranmış dərman maddəsinin necə təsir edəcəyini zaman göstərəcək”.
Ekspert vurğulayıb ki, digər qida məhsullarında olduğu kimi, süni intellektlə hazırlanmış dərmanların da insan orqanizminə təsiri baxımından yoxlanılması zəruridir: “Adətən yediyimiz qida məhsulları, meyvə, tərəvəz, ət məhsulları və sair, bunların hamısından bizim bədənimiz formalaşır. Amma bunlarla düzgün qidalanmadıqda xəstəliklər ortaya çıxır. Ona görə də süni intellektdən ortaya çıxan dərmanlar hələ uzun müddət yoxlanılmalıdır. Xüsusən, təbii ki, heyvanlar üzərində yoxlamalar aparılır, eksperimentlər edilir. Dünyada dərman maddələri də sınaqdan keçirilir. Yəni bunlar hamısı həmin yoxlamalardan keçdikdən sonra süni intellektlə hazırlanmış dərman haqqında fikir söyləmək daha asan və məqsədəuyğun olar”.
Nigar Xəlilli
17:00 07.09.2026
Oxunuş sayı: 61