Düşünməyi də süni intellektə tapşırsaq...
Türk fikir dünyasının ən özünəməxsus simalarından biri olan Cəmil Meriç (1916–1987) ömrünü sözə, kitaba və düşüncəyə həsr etmiş fikir adamı idi. Şərqdən Qərbə, tarixdən ədəbiyyata uzanan geniş fikir dünyasına baxmayaraq özünü sadəcə “fikir işçisi” adlandırırdı. Onun əsas qayğılarından biri insanın hazır qəliblərə təslim olmaması, öz ağlı ilə düşünə bilməsi idi.
Bəlkə elə buna görə illər əvvəl söylədiyi bir cümlə süni intellekt dövründə daha da aktual səslənir:
“Düşünmək savaşmaqdır.”
Meriçin dövründə insan düşüncəsini hazır qəliblərə salan əsas qüvvələr ideologiyalar və siyasi düşərgələr idi. “İzmlər idrakımıza geyindirilmiş dəli köynəkləridir” deyərkən onun əsl etirazı insanın hazır düşüncəyə təslim olmasına idi. Hazır cavab varsa, düşünməyin əziyyətinə nə ehtiyac var?
Bu gün həmin sualın qarşısında tamam başqa miqyasda dayanmışıq. Bir neçə saniyə ərzində mətn yazan, kitabı xülasə edən, arqument quran, müqayisə aparan, hətta bizim üçün mövqe formalaşdıran süni intellekt var.
Problem onun bunları bacarmasında deyil.
Problem bizim tədricən özümüzün görməli olduğumuz işi də ona tapşırmağımızdadır:
düşünməyi.
İnsan həmişə işini yüngülləşdirən vasitələr yaradıb. Maşın fiziki yükümüzü azaltdı, kalkulyator hesablamanı, internet məlumat axtarışını asanlaşdırdı. Süni intellekt isə daha həssas sahəyə – düşüncə və qərarvermə məkanımıza daxil olur.
Bu kontekstdə məşhur tarixçi və futuroloq Yuval Noah Hararinin süni intellektlə bağlı xəbərdarlıqları artıq bir növ həyəcan təbili kimi səslənir. Harari süni intellekti əvvəlki texnologiyalardan, hətta atom silahından da fərqləndirən əsas cəhətin onun yalnız insanın əlində olan bir vasitə deyil, müəyyən hallarda özü qərar verə və yeni ideyalar yarada bilən “agent” olmasında görür. Atom bombası kimi ən dağıdıcı silah belə kimə qarşı istifadə olunacağını özü müəyyən etmir; süni intellekt isə qərarvermə prosesinin özünə daxil ola bilir. Məhz buna görə Harari onun təsir gücünü sivilizasiya üçün ekzistensial təhlükə yarada biləcək səviyyədə qiymətləndirir.
Bu mənzərənin fonunda son illərin bəzi elmi nəticələri düşündürücüdür.
XX əsrin böyük hissəsində inkişaf etmiş ölkələrdə IQ testlərinin nəticələri nəsildən-nəslə yüksəlirdi. Bu hadisə “Flynn effekti” adlandırılmışdı. Lakin son onilliklərdə bir sıra ölkələrdə bu istiqamətin dayanması, bəzi idraki sahələrdə isə geriyə dönməsi müşahidə olunur. ABŞ-da 394 mindən çox insanı əhatə edən geniş araşdırma verbal düşünmə, matris məntiqi və rəqəm-hərf ardıcıllığı kimi göstəricilərin bir neçəsində aşağı istiqamətli tendensiya müəyyən edib. Tədqiqatçılar bunu sadəcə “insanlar daha az ağıllı olur” şəklində şərh etmirlər, amma uzun illər davam edən yüksəlişin bəzi sahələrdə əks istiqamətə çevrilməsi özü ciddi siqnaldır.
2026-cı ilin nəticələri bu narahatlığı başqa istiqamətlərdən də gücləndirir. Stanford Universitetinin yeni araşdırması göstərir ki, ABŞ məktəblərində riyaziyyat və oxu nəticələrində geriləmə pandemiyadan xeyli əvvəl – 2013-cü ildən başlayıb. İki onillik davam edən yüksəlişdən sonra yeddi illik “öyrənmə tənəzzülü” yaranıb; səkkizinci sinif şagirdlərinin oxu göstəriciləri isə artıq 1990-cı ildən bəri ən aşağı səviyyəyə enib.
OECD-nin 2026-cı ilin iyulunda açıqladığı nəticələr də başqa bir xəbərdarlıqdır: inkişaf etmiş iqtisadiyyatlarda təxminən hər üç yetkin şəxsdən biri müasir iqtisadi və ictimai həyatda tam iştirak etmək üçün lazım olan baza oxu-yazı və ya riyazi bacarıqlara sahib deyil. Üstəlik, aşağı baza bacarıqlarına malik insanların payı son on ildə artıb.
Bunların heç biri “süni intellekt IQ-nu aşağı salır” deməyə əsas vermir. IQ-də geriləmə əlamətlərinin bir hissəsi generativ AI dövründən əvvəl başlayıb. Təhsilin keyfiyyəti, sosial media, diqqətin parçalanması, oxuma vərdişlərinin zəifləməsi və başqa səbəblər də var.
Amma məhz bu nöqtədə yeni texnologiyanın hansı mühitə daxil olduğunu düşünmək lazımdır.
Çünki Stanfordun 2026 AI Index hesabatına görə, ABŞ-da orta məktəb və universitet tələbələrinin artıq 80 faizdən çoxu süni intellektdən təhsil işlərində istifadə edir. Başqa sözlə, düşüncə və öyrənmə ilə bağlı bəzi göstəricilərin onsuz da zəiflədiyi bir dövrdə, insanın zehni yükünün mühüm hissəsini öz üzərinə götürə bilən son dərəcə güclü bir texnologiya meydana çıxıb.
Bu vəziyyət bizim kimi ölkələr üçün daha ciddi düşünülməlidir. Belə ki, elmin əsas istehsal mərkəzlərindən müəyyən qədər kənarda yerləşən, elmi məktəbləri və tədqiqat ənənələri hələ daha da güclənməli olan cəmiyyətlərdə süni intellekt həm böyük fürsət, həm də özünəməxsus risk yaradır.
Çünki inkişaf etmiş elmi mühitdə AI mövcud güclü düşüncə və tədqiqat ənənəsini sürətləndirə bilər. Ancaq zəif oxu, müzakirə və müstəqil araşdırma mədəniyyətinin olduğu mühitdə eyni texnologiya hazır biliyə və hazır düşüncəyə alışqanlığı daha da gücləndirə bilər.
Ən təhlükəlisi də budur: elmin mərkəzində süni intellektlə yeni bilik istehsal edilərkən, periferiyada onun hazırladığı biliyi istehlak etməklə kifayətlənmək.
Belə olarsa, texnoloji məsafəni bağlamaq əvəzinə düşüncə məsafəsini böyüdə bilərik.
Cəmil Meriçin “Yığın düşünməz, yalnız məruz qalar” fikri burada başqa məna qazanır.
Süni intellektdən imtina etmək çıxış yolu deyil. Əksinə, ondan daha çox istifadə edəcəyik. Məsələ onu düşüncənin əvəzinə deyil, düşüncənin tərəfdaşına çevirməkdir.
“Mənim yerimə düşün” əvəzinə:
“Mənim fikrimə etiraz et.”
“Başqa hansı baxış mümkündür?”
“Burada nəyi görmürəm?” deməyi öyrənməliyik.
Çünki cavabların getdikcə ucuzlaşdığı dünyada ən qiymətli intellektual qabiliyyət düzgün cavabı əzbərləmək deyil, düzgün sual verə bilmək olacaq.
Süni intellektin inkişafı ilə bağlı proses artıq geri çevrilməsi mümkün olmayan qlobal transformasiyanın bir hissəsidir. Bu prosesə qarşı çıxmaq və ya onu gündəlik həyatın, təhsilin, elmin və peşə fəaliyyətinin xaricində saxlamağa çalışmaq nə real, nə də rasional yanaşmadır. Əsas məsələ texnologiyadan imtina etmək deyil, insanın öz idraki müstəqilliyini qorumasıdır.
Yəni problem süni intellektdən istifadə etməkdə deyil; problem düşünmək, müqayisə etmək, şübhə etmək və qərar vermək məsuliyyətini bütövlükdə ona həvalə etməkdədir. İnsan ağlını texnologiya ilə gücləndirə bilər, amma onu tamamilə texnologiyaya təslim etdiyi anda artıq söhbət yardımçı vasitədən yox, idraki asılılıqdan gedir.
Cəmil Meriç hər məsələdə başqasının ağlına müraciət etməyi ən pis vərdişlərdən biri sayırdı.
Onun dövründə “başqasının ağlı” başqa insan idi. Bu gün onun yerində alqoritm də dayanır.
Ona görə gələcəyin əsas sualı maşınların nə qədər ağıllı olacağı deyil.Əsas sual budur:
Süni intellekt bizim yerimizə düşündükcə, biz özümüz düşünməyə davam edəcəyikmi?
Əbülfəz Süleymanlı
Sosiologiya elmləri doktoru, Türkiyənin Üsküdar Universitetinin Sosiologiya kafedrasının professoru
09:32 07.09.2026
Oxunuş sayı: 307