Rusiyadan Odessa limanlarına zərbə açıqlaması
Rusiya Müdafiə Nazirliyi Odessa vilayətinin Yujnı və Çornomorsk limanlarında hərbi təyinatlı məhsullar daşıyan quru yük gəmilərinin vurulduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə “Maks” platformasındakı kanalında məlumat yayıb.
Nazirliyin məlumatına görə, Yujnı limanında hərbi təyinatlı yük daşıyan gəmi, Çornomorsk limanında isə Qərb istehsalı silahların olduğu quru yük gəmisi zərbəyə məruz qalıb.
Həmçinin Çornomorskda hərbi-texniki əmlakın saxlandığı anbar və Ukrayna Silahlı Qüvvələri üçün yanacaq ötürülməsi terminalının vurulduğu bildirilib.
Odessa vilayətinin Mirnoye yaşayış məntəqəsində isə Rusiya qüvvələrinin zərbəsinin “Novoodesskaya” elektrik yarımstansiyasına endirildiyi qeyd olunub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, Kiyev vilayətinin Qatnoye yaşayış məntəqəsində yerləşən “EKO-Avtotexniks” logistika mərkəzinə də PUA-larla zərbə endirilib. Nazirlik mərkəzin anbarlarında ikili təyinatlı məhsulların saxlanıldığını bildirib.
Qeyd olunub ki, zərbə sentyabrın 4-nə keçən gecə havadan buraxılan yüksək dəqiqlikli silahlar və zərbə PUA-ları ilə həyata keçirilib.
Bundan əvvəl Rusiyada gecə ərzində 500-ə yaxın PUA-nın vurulduğu bildirilib.
11:17 04.09.2026
Oxunuş sayı: 42