Ukraynada raket hücumları üçün yeni sistem hazırlanır
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın zərbələrinin dəyişən taktikasına uyğun olaraq ölkədə hava hücumları zamanı reaksiyanın yeni qaydalarının hazırlanacağını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, təhlükə xəbərdarlığı sistemi yenilənəcək və iki səviyyə tətbiq olunacaq: sarı və qırmızı. İlkin plana əsasən, dron hücumları sarı, raket, ballistik və kütləvi hücumlar isə qırmızı təhlükə səviyyəsi kimi müəyyənləşdiriləcək.
Həmçinin hava həyəcanı siqnallarının səs formatları təhlükənin səviyyəsinə uyğun fərqləndiriləcək. Həyəcanların coğrafi olaraq daha dəqiq elan edilməsi də nəzərdə tutulur.
Ukrayna hökuməti və yerli hakimiyyət orqanlarına biznesin və dövlət qurumlarının sarı təhlükə zamanı fəaliyyətini davam etdirməsi üçün aydın meyarlar hazırlamaq tapşırılıb. Şəhərlərdə, o cümlədən mobil sığınacaqların yerləşdirilməsi ilə bağlı qaydalar da yenilənəcək.
Kiyevdə hava həyəcanları zamanı ictimai nəqliyyatın fəaliyyəti də dəyişdiriləcək. Sarı səviyyə zamanı Siretsko-Peçerska metro xəttinin tam fəaliyyət göstərməsi planlaşdırılır. Eyni zamanda, dayandırılan metro xətlərini əvəz etmək üçün yerüstü nəqliyyatın sayı artırılacaq.
Bundan başqa, Kiyevdə komendant saatının müddətinin azaldılması planlaşdırılır. Digər şəhərlərə də komendant saatının real təhlükəsizlik və biznes ehtiyaclarına uyğun yenidən nəzərdən keçirilməsi təklif olunacaq.
Təhsil sahəsində, o cümlədən məktəb və uşaq bağçalarının fəaliyyətində mövcud qaydalar dəyişməz qalacaq. Hökumət həmçinin tibb müəssisələrinə əlavə maliyyə dəstəyi göstərməyi planlaşdırır.
Zelenski bildirib ki, təhlükələrə reaksiya alqoritmlərinin həftəlik auditi və hökumət, yerli hakimiyyətlərlə biznes arasında müntəzəm məsləhətləşmələr keçiriləcək.
18:45 02.09.2026
Oxunuş sayı: 42