Yunanıstan və İsrail “Axilles qalxanı” yaradır
Yunanıstan və İsrail ölkənin hava və raketdən müdafiə imkanlarını gücləndirmək üçün “Axilles qalxanı” adlı vahid çoxsəviyyəli müdafiə sistemi yaratmağa hazırlaşır.
Crossmedia.az xəbər verir ki, Yunanıstanın Milli Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Məlumata görə, avqustun 31-də Təl-Əvivdə imzalanması planlaşdırılan sazişin dəyəri təxminən 3,1 milyard avro təşkil edir. Yeni sistem İsrail istehsalı olan SPYDER, Barak MX və “David’s Sling” komplekslərini Yunanıstanın mövcud “Patriot” sistemləri ilə bir şəbəkədə birləşdirəcək.
Sistemin süni intellekt elementlərindən istifadə edən proqram təminatı vasitəsilə idarə olunacağı bildirilir. Proqram təminatı potensial təhdidləri müəyyənləşdirəcək, təsnifləşdirəcək və onların qarşısının alınması üçün uyğun variantları təklif edəcək.
Layihə çərçivəsində 12 Yunanıstan şirkətinin iştirakı nəzərdə tutulur. Onların həyata keçirəcəyi işlərin ümumi dəyərinin 700 milyon avrodan çox olacağı bildirilir. Saziş həmçinin Yunanıstan silahlı qüvvələrinin sistemin elektron alt sistemlərini idarə edən proqram təminatına nəzarətini təmin etmək üçün mənbə kodlarına çıxışı nəzərdə tutur.
“Axilles qalxanı” layihəsi Yunanıstanın “Gündəm 2030” adlı silahlı qüvvələrin modernləşdirilməsi proqramının əsas elementlərindən biri hesab olunur.
20:06 30.08.2026
Oxunuş sayı: 55