Wikipediaya güvənməyin - məlumatlar tez-tez dəyişdirilir
İnternetdə hər hansı məlumatı axtararkən istifadəçilərin diqqət etdiyi əsas məqamlardan biri onun mənbəsinin göstərilməsidir. Lakin məlumatın altında mənbənin qeyd olunması həmin informasiyanın avtomatik olaraq doğru və etibarlı olduğu anlamına gəlmir. Xüsusilə açıq platformalarda yayılan məlumatların doğruluğunun ayrıca yoxlanılması vacibdir. Son illər geniş istifadə olunan Wikipedia da müxtəlif mövzular üzrə ilkin məlumat əldə etmək üçün ən çox müraciət edilən platformalardan biridir. Platformadakı məqalələr müxtəlif istifadəçilər tərəfindən redaktə olunduğundan burada təqdim edilən məlumatların keyfiyyəti və aktuallığı eyni səviyyədə olmaya bilər. Bu isə Wikipedia-dan əldə olunan informasiyanın başqa etibarlı mənbələrlə müqayisə edilməsinin vacibliyini ortaya qoyur. Xüsusilə elmi, hüquqi, tibbi və digər mühüm məsələlərdə yalnız bir mənbəyə əsaslanmaq yanlış nəticələrə səbəb ola bilər. Bəs mənbənin göstərilməsi məlumatın doğruluğuna nə dərəcədə zəmanət verir və Wikipedia-dakı məlumatlara necə yanaşmaq lazımdır?
Crossmedia.az-a açıqlamasında AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev bildirib ki, məlumatın mənbəyinin göstərilməsi onun avtomatik olaraq doğru və etibarlı olduğunu sübut etmir: "Mənbə yalnız məlumatın haradan əldə edildiyini müəyyənləşdirməyə və onu yoxlamağa imkan verir. Məlumatın etibarlılığını qiymətləndirmək üçün mənbənin nüfuzu, müəllifin səlahiyyəti, məlumatın aktuallığı və digər müstəqil mənbələrlə uyğunluğu nəzərə alınmalıdır. Mənbənin özü də yanlış, köhnəlmiş və ya qərəzli ola bilər. Buna görə məlumat yalnız mənbənin göstərilməsinə görə deyil, onun keyfiyyətinə və sübutlarla əsaslandırılmasına görə qiymətləndirilməlidir".

Ekspert qeyd edib ki, Wikipedia müxtəlif mövzular haqqında məlumat əldə etmək üçün onlayn ensiklopediyadır: "Wikipedia-dakı məlumatlara mütləq və dəyişməz həqiqət kimi yanaşmaq düzgün deyil. Bunun əsas səbəbi məqalələrin açıq şəkildə redaktə edilə bilməsi və məlumatların müxtəlif vaxtlarda müxtəlif istifadəçilər tərəfindən dəyişdirilməsidir. Məqalənin keyfiyyəti mövzudan, istinadların keyfiyyətindən, redaktələrin nə dərəcədə nəzarətdə saxlanılmasından və məlumatın aktuallığından asılı ola bilər. Wikipedia-dan ilkin məlumat əldə etmək üçün istifadə etmək mümkündür. Lakin xüsusilə elmi, hüquqi, tibbi və digər mühüm məsələlərdə məlumatı məqalədə göstərilən etibarlı, rəsmi və ilkin mənbələrlə əlavə olaraq yoxlamaq lazımdır. Mənbənin göstərilməsi məlumatın doğruluğuna zəmanət vermir. Əsas olan mənbənin etibarlılığını və məlumatın digər nüfuzlu mənbələrlə təsdiqlənib-təsdiqlənmədiyini yoxlamaqdır".
Azərbaycan Vikipediyasının patrulu Qədir Quliyev isə açıqlamasında bildirib ki, məlumatın mənbəyə əsaslanması onun doğruluğunun müəyyənləşdirilməsində əsas amillərdən biridir:
“Mötəbər kitablar, elmi jurnallar, universitet dərslikləri və nüfuzlu qəzetlər etibarlı mənbələr sırasında yer alır. Faktçekinqdən keçməyən, şəxsi fikir, şayiə və əsassız iddialara əsaslanan mənbələr etibarlı hesab edilmir.
Şəxsi bloqlar, sosial media paylaşımları və müəllifin özü tərəfindən yayımlanan materiallar isə əsasən etibarlı mənbə kimi qəbul olunmur.
Mənbə əsasdır, amma doğruluğunu təmin etmək üçün əsaslı mənbə lazımdır.
Vikipediyada yayımlanan məlumatlar mənbələrə əsaslanır və məqalələr könüllülər tərəfindən hazırlanır. Etibarlılıq məqalənin hansı mənbələrə əsaslandığından asılıdır”.
Zeynəb Həsən
19:00 29.08.2026
Oxunuş sayı: 109