Kiyev yaxınlığında anbarı Rusiya PUA-sı vurdu 37 nəfər öldü
Kiyevin qərb ətrafında yerləşən anbara Rusiya PUA-sının zərbəsi nəticəsində baş verən yanğın və partlayışlar azı 37 nəfərin ölümünə səbəb olub, 42 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, "The Guardian" bu barədə məlumat yayıb.
Ukraynanın paytaxtı yaxınlığındakı Buça rayonunun Mıla qəsəbəsində yerləşən anbara PUA zərbəsindən sonra güclü yanğın başlayıb və partlayışlar baş verib. Hadisə nəticəsində ən azı 50 yaşayış binasına, o cümlədən yaşlı və əlillərin yaşadığı sosial müəssisəyə ziyan dəyib.
Kiyev vilayətinin qubernatoru Timur Tkachenko bildirib ki, zərbə nəticəsində 42 nəfər yaralanıb. Yaralananlar arasında 4 uşaq da var.
Ukrayna Prezidenti Volodimir Zelenski 370-dən çox insanın ərazidən təxliyə edildiyini və prosesin davam etdiyini açıqlayıb.
Zelenskinin sözlərinə görə, Mıla qəsəbəsindəki anbara zərbədən sonra partlayış baş verib. O, həmçinin vəzifəli şəxslərin səhlənkarlığı ilə bağlı cinayət işi açıldığını bildirib.
Ukrayna prokurorluğu isə müəssisənin ərazisində PUA zərbəsindən sonra genişmiqyaslı yanğın və partlayışların başladığını açıqlayıb. Hazırda burada partlayıcı maddə və materialların saxlanmasının qanuniliyinin araşdırıldığı bildirilir.
Zelenski bildirib ki, sursatın yaşayış evlərinin və digər yaşayış məntəqələrinin yaxınlığında saxlanmasına yol verilmir.
Ukraynanın Baş naziri Sergey Koretskiy isə iyul ayında Kiyev yaxınlığındakı Vışnevo şəhərində baş vermiş analoji hadisədən lazımi nəticələrin çıxarılmamasından təəssüfünü ifadə edib. Həmin hadisə zamanı 22 nəfər həlak olmuş, yaxınlıqdakı yaşayış evlərində yanğınlar baş vermişdi.
İyul hadisəsi ilə bağlı aparılan araşdırma dövlət şirkətinin yaşayış binalarına yaxın ərazidə sursat saxlanması qaydalarına əməl etmədiyini ortaya çıxarmışdı.
17:07 29.08.2026
Oxunuş sayı: 53