Hərəkətsiz qalmağın yaratdığı xəstəliklər
Müasir həyat tərzində uzun müddət oturmaq, az hərəkət etmək və fiziki aktivliyə kifayət qədər vaxt ayırmamaq geniş yayılıb. Halbuki insan orqanizmi hərəkətə ehtiyac duyur və fiziki aktivliyin azalması zamanla müxtəlif sağlamlıq problemlərinə yol aça bilər. Xüsusilə uzun müddət oturaq həyat tərzi keçirən insanlarda əzələ və sümük sistemi ilə yanaşı, qan-damar sistemi də ciddi təsirlərə məruz qala bilər. Hərəkətsizlik maddələr mübadiləsinin zəifləməsinə, çəki artımına və bir sıra xroniki xəstəliklərin yaranma riskinin yüksəlməsinə səbəb ola bilər.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən terapevt Etibar Süleymanov hərəkətsiz bildirib ki, az hərəkət etdikdə ilk növbədə dayaq-hərəkət sistemində problemlər yaranır. Əzələlər zəifləyir, inkişafdan qalır, sümüklərin möhkəmliyi azalır və bu da gələcəkdə sınıq riskini artırır:
"Hərəkətsizliyin qan-damar sisteminə də ciddi təsirləri var. Qan dövranında durğunluq yarana, ayaqlarda şişkinlik və ödem, eləcə də varikoz genişlənmələri meydana çıxa bilər. Bununla yanaşı, insanda yorğunluq və halsızlıq müşahidə olunur.
Fiziki aktivliyin azalması maddələr mübadiləsinə də təsir göstərir. Metabolizmin zəifləməsi xolesterin səviyyəsinin yüksəlməsinə, aterosklerozun yaranmasına, yüksək arterial təzyiqə və beynin qan təchizatının zəifləməsinə səbəb ola bilər.
Hərəkətsizlik şəkər mübadiləsinə də mənfi təsir göstərir. Belə həyat tərzi insulin müqaviməti və 2-ci tip şəkərli diabet riskini artırır. Eyni zamanda orqanizmdə və qaraciyərdə piylənmə yarana bilər.
Bütün bu amillər immun sisteminə də təsirsiz ötüşmür. Fiziki aktivliyin az olması orqanizmin müqavimətinin zəifləməsinə və insanın müxtəlif xəstəliklərə daha həssas olmasına şərait yarada bilər.
Terapevt sağlamlığı qorumaq üçün gündəlik həyatda hərəkətliliyi artırmağın vacib olduğunu bildirib. Piyada gəzmək, müntəzəm fiziki aktivlik və idmanla məşğul olmaq orqanizmin sağlamlığının qorunmasına kömək edə bilər".
Zeynəb Həsən
15:00 28.08.2026
Oxunuş sayı: 41