Bakı-Daşkənd münasibətləri yeni mərhələyə keçir - Rəy
Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə sürətlə inkişaf edir. Prezident İlham Əliyevin Özbəkistana üçüncü dövlət səfəri çərçivəsində Daşkənddə keçirilən görüşlər, Ali Dövlətlərarası Şuranın üçüncü iclası, imzalanan sənədlər və təqdim olunan yeni layihələr iki ölkə arasındakı əlaqələrin yeni mərhələyə yüksəldiyini göstərir. Tərəflər arasında strateji müttəfiqlik və əbədi dostluq münasibətlərinin möhkəmlənməsi ilə yanaşı, ticarət dövriyyəsinin artırılması, birgə investisiya layihələrinin həyata keçirilməsi, Orta Dəhlizin inkişafı və yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də gündəmdədir.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin Deputatı Nigar Məmmədova bildirib ki, Azərbaycan və Özbəkistan münasibətləri keçmişin ortaq dəyərləri və gələcəyin ortaq layihələri üzərində qurulur:
"Prezident İlham Əliyevin Özbəkistana üçüncü dövlət səfəri çərçivəsində Daşkənddə keçirilən görüşlər, Ali Dövlətlərarası Şuranın üçüncü iclası, imzalanan sənədlər və yeni layihələrin təqdimatı Azərbaycan–Özbəkistan münasibətlərinin yeni yüksək mərhələyə yüksəldiyini bir daha nümayiş etdirdi.
Son illərdə formalaşan əməkdaşlıq modeli siyasi etimadı konkret hüquqi sənədlər, institusional mexanizmlər, investisiya alətləri, ticarət proqramları, nəqliyyat layihələri və humanitar təşəbbüslərlə genişləndirir.

Münasibətlərin bugünkü səviyyəsini anlamaq üçün 23 avqust 2024-cü ildə Daşkənddə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqaviləni xatırlamaq kifayətdir. Sözügedən sənəd iki ölkənin münasibətlərində tarixi dönüş yaratdı və əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Eyni səfər çərçivəsində Ali Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsi də münasibətlərin əsaslarını gücləndirdi".
Deputat qeyd edib ki, 2026-cı il avqustun 23-də isə bu xətt daha yüksək mərhələyə keçdi: "Belə ki, Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Əbədi Dostluq haqqında Müqavilə imzalandı. Bununla yanaşı, ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılması proqramı, investisiya və ticarət layihələrinin həyata keçirilməsi üzrə yol xəritəsi, turizm, mədəniyyət və sosial təminat sahələrində sazişlər, xarici işlər və ədliyyə nazirlikləri arasında əməkdaşlıq proqramları, həmçinin şəhərlər arasında qardaşlıq münasibətlərinə dair protokollar qəbul edildi.
Beləliklə, münasibətlərin dinamikası qardaşlıq – strateji tərəfdaşlıq – müttəfiqlik – əbədi dostluq trayektoriyası üzrə inkişaf etməkdədir.
Əbədi Dostluq haqqında Müqavilənin əsas siyasi əhəmiyyəti ondan ibarətdir ki, iki ölkə arasında münasibətlərin uzunmüddətli xarakterini təsbit edir. Sənəd Azərbaycan və Özbəkistanın bir-birinə olan yüksək siyasi etimadının hüquqi ifadəsidir. Eyni zamanda, belə sənədlər beynəlxalq münasibətlərdə dəyişən geosiyasi şərait fonunda qarşılıqlı münasibətlərin sabitliyini gücləndirir.
Bu baxımdan müqavilə Azərbaycan–Özbəkistan arasında gələcək onilliklər üçün münasibətlərin siyasi fəlsəfəsini müəyyən edən sənəd kimi qiymətləndirilməlidir.
Azərbaycan–Özbəkistan münasibətlərinin fərqləndirici xüsusiyyətlərindən biri Ali Dövlətlərarası Şuranın fəaliyyətidir. 2023-cü ildə yaradılmış bu mexanizm iki dövlət başçısının sədrliyi ilə fəaliyyət göstərir və münasibətlərin uzunmüddətli prioritetlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır. 2024-cü ildə ilk iclası keçirilən Şuranın 2026-cı ildə artıq üçüncü toplantısının keçirilməsi bu platformanın davamlı olduğunu təsdiqləyir.
Şuranın əsas üstünlüyü ondadır ki, prezidentlərin siyasi iradəsini hökumətlər, nazirliklər, biznes strukturları və regionlar səviyyəsində konkret tapşırıqlara çevirir.
Bu baxımdan Şura Azərbaycan–Özbəkistan münasibətlərində bir növ strateji koordinasiya platforması rolunu oynayır. Təsadüfi deyil ki, üçüncü iclasın yekununda əldə olunmuş razılaşmaların vaxtında və səmərəli həyata keçirilməsi üçün yol xəritəsinin qəbul edilməsi qərara alınıb.
Azərbaycan və Özbəkistan arasında münasibətlərin yeni mərhələsinin ən mühüm göstəricilərindən biri də iqtisadi əməkdaşlığın sürətlə genişlənməsidir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 795 milyon dollar təşkil edib ki, bu da üç dəfədən çox artım deməkdir. 2026-cı ilin yanvar–may aylarında isə ticarət dövriyyəsi 144 milyon dollara çataraq illik müqayisədə 33 faiz artıb. Hazırda qarşıya qoyulan hədəf daha böyükdür: 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması nəzərdə tutulur.
Bu hədəfin reallığını artıran əsas amillərdən biri iki ölkə iqtisadiyyatlarının bir-birini tamamlayan imkanlarıdır. Sənaye, kənd təsərrüfatı, enerji, tikinti, nəqliyyat, turizm, tekstil, mədənçilik və xidmətlər sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti də bu münasibətlərin iqtisadi dayaqlarından biridir. Ümumi kapitalı 500 milyon dollar olan şirkət 2023-cü ildə yaradılıb və iki ölkədə, eləcə də perspektivli üçüncü ölkə layihələrində investisiya imkanlarının reallaşdırılmasına hesablanıb.
Artıq söhbət birgə müəssisələrin yaradılmasından, istehsal zəncirlərinin qurulmasından və iki ölkənin biznes imkanlarının birləşdirilməsindən gedir.
Özbəkistan həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına dəstək verən ilk ölkələrdən biridir. Cənab Prezidentin də bəyan etdiyi kimi, “Azərbaycanda hamı bilir ki, dünyada Qarabağın bərpasında bizə ilk kömək edən Prezident, ilk ölkə Prezident Mirziyoyev və Özbəkistandır.” Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası bu dəstəyin ən mühüm nümunələrindəndir. İndi isə bu əməkdaşlığın coğrafiyası daha da genişlənir.
Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm siyasi və iqtisadi mərkəzlərindən biridir. Bu iki ölkənin yaxınlaşması sözügedən regionların bir-birinə daha sıx bağlanması deməkdir. Burada əsas istiqamətlərdən biri Orta Dəhlizdir. Bu səbəbdən Azərbaycan və Özbəkistan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni iqtisadi-logistika bağlantısıdır.
Nəqliyyat dəhlizlərinin inkişafı ilə yanaşı, limanların, dəmir yollarının, gəmiçilik imkanlarının, logistika xidmətlərinin və rəqəmsal həllərin əlaqələndirilməsi qarşıdakı mərhələdə xüsusi əhəmiyyət daşıyacaq.
Azərbaycan Prezidenti də Daşkənddə Özbəkistanla əməkdaşlıq kontekstində Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionlarının getdikcə vahid geosiyasi məkan kimi formalaşmasına diqqət çəkdi.
Əməkdaşlığın perspektivli istiqamətlərindən biri də enerji sahəsidir. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında “Yaşıl Dəhliz Birliyi”nin yaradılması bərpaolunan enerjinin istehsalı və ixracı baxımından daha geniş regional əməkdaşlıq modelinin formalaşdırılmasına xidmət edir. Bu çərçivədə Azərbaycan–Mərkəzi Asiya yaşıl enerji dəhlizinin inkişafı və gələcəkdə elektrik enerjisinin Xəzər dənizi üzərindən nəqli imkanları nəzərdən keçirilir. Beləliklə, Orta Dəhliz yük daşımalarının marşrutu olmaqla yanaşı, gələcəkdə enerji, rəqəmsal texnologiyalar və yaşıl iqtisadiyyatın da birləşdiyi geniş platformaya çevrilir.
Azərbaycan–Özbəkistan münasibətlərinin bu qədər sürətlə inkişaf etməsində iki dövlət başçısının siyasi iradəsi xüsusi rol oynayır. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış yüksək şəxsi etimad artıq dövlətlərarası münasibətlərin mühüm hərəkətverici qüvvəsinə çevrilib. Cənab Prezidentin də söylədiyi kimi: “Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməzdən əvvəl ölkələrimiz arasında heç bir birgə layihə yox idi. Bu gün biz bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq.”
Ş.Mirziyoyev isə öz növbəsində Prezident İlham Əliyevin siyasi kursunun məqsədyönlülüyünü xüsusi qeyd etdi və bildirdi ki, məhz bu kurs sayəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, çoxdan gözlənilən sülhə və sabitliyə nail olub.
Azərbaycan–Özbəkistan yaxınlaşması Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa da əlavə impuls verir. İki ölkənin iqtisadi və nəqliyyat əlaqələrinin dərinləşməsi Türk dünyasının şərq və qərb hissələri arasında əlaqələrin daha da güclənməsinə xidmət edir.
Bu baxımdan Bakı ilə Daşkənd arasında formalaşan model türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından da nümunəvi xarakter daşıyır.
Yeri gəlmişkən, prezidentlərin siyasi dialoqunu birinci xanımların görüşləri, mədəni tədbirlər, təhsil və humanitar layihələr daha da zənginləşdirir. Bu istiqamət münasibətlərin “yumşaq güc” komponentini gücləndirir".
Zeynəb Həsən
12:00 26.08.2026
Oxunuş sayı: 51