CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

11:09 24.09.2026

Distant işləyib xaricdən qazananlara MÜJDƏ

21

Azərbaycanda distant işləyən və gəlirini xaricdən əldə edən əcnəbilər üçün işgüzar səfər vizası və yaşamaq icazəsi ilə bağlı yeni qaydalar təklif olunur. Crossmedia.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Layihədə “rəqəmsal səyyah” anlayışı rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahəsində distant çalışan, gəlirini xarici mənbələrdən əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs kimi müəyyən edilir. Dəyişikliyə əsasən, rəqəmsal səyyaha işgüzar səfər vizası verilərkən dəvət edən tərəfin vəsatəti və dəvətin səbəbini təsdiqləyən sənəd tələb olunmayacaq. Müraciət edən şəxs isə fəaliyyətini və son altı ay ərzində xarici mənbələrdən əldə etdiyi orta aylıq sabit gəlirin minimum aylıq əməkhaqqının azı 13 misli olduğunu təsdiqləyən, apostil edilmiş və ya leqallaşdırılmış sənədlərin surətini təqdim etməlidir. Eyni gəlir tələbi müvəqqəti yaşamaq icazəsi üçün də nəzərdə tutulur. Belə icazə müraciətdə göstərilən müddətə, lakin ən çoxu üç il üçün verilə və müvafiq əsas olduqda hər dəfə üç ilədək uzadıla bilər. Rəqəmsal səyyahın daimi yaşamaq icazəsi üçün müraciətində isə son altı ay üzrə xarici mənbələrdən orta aylıq sabit gəliri minimum aylıq əməkhaqqının azı 26 misli olmalıdır. Layihəyə görə, daimi yaşamaq icazəsi üçün müraciət edən rəqəmsal səyyahların hüquq və vəzifələr, eləcə də dövlət dili üzrə bilikləri yoxlanılmayacaq. Müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi üçün rəqəmsal səyyahın vergi orqanında qeydiyyata alınaraq texnologiyalar parkının rezidenti kimi müvafiq fəaliyyəti həyata keçirməsi də nəzərdə tutulur. “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, rəqəmsal səyyahlar məcburi dövlət sosial sığortası ilə əhatə olunacaq. Qanun qəbul edilərsə, 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR