ABŞ 100 mindən çox M14 tüfəngini vətəndaşlara satacaq
ABŞ ordusunun daha əvvəl silahlanmasında istifadə etdiyi 100 mindən çox M14 tüfənginin ölkə vətəndaşlarına satılması planlaşdırılır. Satışların 2027-ci ilin yanvarından başlanacağı və bir tüfəngin qiymətinin 2 min dollardan aşağı olacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, “Military.com”un məlumatına görə, silahların satışı artıq hərbi xidmətdən çıxarılmış avadanlıqları vətəndaşlara təqdim etmək səlahiyyətinə malik olan Civilian Marksmanship Program (CMP) tərəfindən həyata keçiriləcək.
CMP-nin baş direktoru və idarə heyətinin sədri Cerri O’Kifin sözlərinə görə, tüfənglərin yekun qiyməti hələ müəyyən edilməyib. İlkin mərhələdə bir alıcıya ən çox iki ədəd M14 satılması planlaşdırılır, lakin satışların tempindən asılı olaraq bu limitə yenidən baxıla bilər.
Məlumata görə, M14 tüfəngləri vətəndaşlara təqdim edilməzdən əvvəl məcburi modifikasiyadan keçiriləcək. İlkin konstruksiyası həm yarıavtomatik, həm də tam avtomatik atəş imkanına malik olan silahlar satışdan əvvəl yalnız yarıavtomatik rejimdə işləyəcək şəkildə dəyişdiriləcək.
20:33 16.08.2026
Oxunuş sayı: 61