Cənubi Qafqazda nə baş verir?- Putin Azərbaycan liderinə zəng etdi, İran Ukraynanı hədələdi...
Müharibələrin xəritələri yenidən cızdığı, köhnə müttəfiqliklərin sınağa çəkildiyi və diplomatiyanın nazik bir sap üzərində dayandığı son dərəcə gərgin bir Avrasiya reallığını yaşayırıq. Bəzilərimizə elə gəlir ki, böyük toqquşmalar bizdən uzaqda - Aralıq dənizinin sahələrində və ya Yaxın Şərqdə cərəyan edir. Lakin barıt tüstüsü artıq bilavasitə qapımızın ağzındadır: Xəzərdən atılan raketlər, pozulan logistik zəncirlər və Cənubi Qafqaz üzərində dolaşan diplomatik qeyri-müəyyənlik.
İki alov arasında qalan, xarici siyasətdə Şərqlə Qərb arasında yolları dolaşan və daxili gərginliklərlə silkələnən bir Ermənistan, digər tərəfdən isə regionda hər addımını çevik, konkret və güclü strateji gedişlərlə atan bir Azərbaycan. Bəs Moskvadan İrəvana, Xəzərdən Yaxın Şərqə uzanan bu böyük siyasi şahmat taxtasında bizi nə gözləyir?
Məsələ ilə bağlı politoloq Tofiq Abbasov Crossmedia.az-a açıqlama verib:

"Ümumiyyətlə, Avrasiya məkanının qərb tərəfi böyük bir təlatümlü dövr yaşayır: iki böyük hərbi kampaniya aparılır və onların hər ikisində vəziyyət həddindən artıq gərgindir. Eləcə də bu müharibələr, demək olar ki, Avrasiyanın bu tərəfində-qərbində, hətta mərkəzində vəziyyəti son dərəcə mürəkkəbləşdirir. Çünki istər-istəməz hərbi əməliyyatlar kommunikasiyaların fəaliyyətinə dağıdıcı təsir göstərir, daşımalara mənfi təsirini vurur və nəhayət, münaqişə ocaqlarından bir qədər uzaqda yerləşən ölkələr bile çətinliklər yaşamağa başlayırlar. Bütün bunlara görə də dövlətlər bir çox məsələləri razılaşdırılmış şəkildə tənzimləməlidirlər.
Ermənistanla bağlı, əlbəttə ki, problemlər çoxdur. Birincisi, Ermənistanın özünün ətalət vəziyyətində olması ölkə daxilində son dərəcə gərgin bir durum yaradıb. Digər tərəfdən, Ermənistan inteqrasiya proseslərində nə qədər var? Bu məsələdə o kadar da çevik və dinamik tərpənmir. Xarici siyasət vektorlarının müəyyən edilməsində də müəyyən çətinliklər yaşayır. Yəni bir yandan deyir ki, "Biz Avropa İttifaqına inteqrasiya olunmaq istəyirik", digər tərəfdən də bildirir ki, "Biz Avrasiya İqtisadi İttifaqından çıxmaq istəmirik, hələlik bu vəziyyət bizi qane edir" və s".
Ekspertin sözlərinə görə, seçkilərdən əvvəl bir çox mütəxəssislər və siyasətçilər ümid edirdilər ki, Ermənistandakı parlament seçkiləri bir çox məsələlərin həllini yüngülləşdirəcək, amma belə olmadı: "Biz görürük ki, ölkə daxilindəki ictimai-siyasi durum yenə də əvvəlki tək qarışıqdır. Digər tərəfdən də Nikol Paşinyan artıq repressiya metodlarına əl atır: həbslər var, təqiblər var və s.
Belə olduğu halda, maraqlı tərəf kimi Rusiya da çalışır ki, rəsmi İrəvanla münasibətlərdə etibarlılıq fonu yaratsın. Çünki etimad varsa, məsələlərin həlli də asanlaşır. Nəhayət Kreml rəhbəri Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefonla danışıb. Bu məsələlərin hamısı bilavasitə Cənubi Qafqaz regionu ilə bağlıdır.
Ukrayna da burada onsuz da asan olmayan vəziyyəti bir qədər də çətinləşdirməyə çalışdı. Xəzər dənizində vurulmuş gəmi ilə bağlı dəhşətli xəbərlər bizə çatır. Çox güman ki, cavab tədbirləri də olacaq. Çünki İran bu məsələlərdə son dərəcə prinsipial görünür və qarşı tərəflərin səhvinə göz yummur. Biz hətta Suriya böhranı zamanı da Xəzər dənizindən atılan raketlərin şahidi olmuşuq. Yəni bəzilərimizə elə gəlir ki, bu proseslər bizdən çox uzaqda -Aralıq dənizi sahələrində, Fars körfəzində yaşanır, amma bunların hamısı bizim bilavasitə yaxınlığımızdadır".
Müsahibimizin sözlərinə görə, Rusiya aparıcı qüvvə olaraq, əlbəttə ki, bu proseslərdən kənarda durmur: "Onun İranla bizimlə müttəfiqliyi, Ermənistanla münasibətləri var. Düşünürəm ki, bu problemlər iqtisadi zəmində olan mexanizmlərin fəaliyyətini də bir növ pozur. Fəsadlar və itkilər daha böyük olmasın deyə, dövlət rəsmiləri davamlı təmasda olurlar ki, vəziyyət böhran həddinə keçməsin. Təbii ki, ikitərəfli format da var, yəni Moskva ilə İrəvan arasında danışıqlar daima baş tutur. Ermənistanın siyasi rəhbərliyi, şəxsən Paşinyan mövcud çağırışlara adekvat cavablar vermək iqtidarındadırmı? Hər halda ondan gözlənilən budur ki, birincisi, qeyri-müəyyənlik şəraitinin yaranmasına yol verməsin, ikincisi də konkretsəslənən sualların cavablarını vaxtı-vaxtında versin. Mənə elə gəlir ki, bu vəziyyətin özündə müxtəlif dilemmalar var”.
Həmsöhbətimiz əlavə edib ki, indiki zamanda "3+3" formatı yenidən gündəmə gəlir, bununla bağlı müxtəlif yeni fikirlər meydana çıxır: “Ermənistan da bu proseslərdən özünü kənara çəkməməli, əksinə, mərkəzdə olmalı və iştirakı ilə hansı məramın daşıyıcısı olduğunu beynəlxalq birliyə göstərməlidir. Təbii ki, Rusiya ilə ikitərəfli formatda həllini gözləyən məsələlər də var: bura daşımalardır, tranzit imkanlarıdır. Bunlar müharibə şəraitində daha strateji mahiyyət daşımağa başlayır. Hesab edirəm ki, Rusiya Prezidenti ilə Nikol Paşinyanın danışıqlarında da məhz bu konkret məsələlər müzakirə olunub və gələcəkdə bununla bağlı qərarların şahidi olacağıq".
Turqut Ansari
19:30 28.07.2026
Oxunuş sayı: 52