Üç cəbhədə artan gərginlik: Dünya yeni geosiyasi mərhələyə keçir?
Qəzza zolağında vəziyyətin dəyişməsi, Rusiya-Ukrayna müharibəsində qarşılıqlı zərbələrin davam etməsi və ABŞ-İran xəttində yenidən yüksələn gərginlik qlobal təhlükəsizlik və beynəlxalq siyasətdə yeni suallar yaradır.
Crossmedia.az xəbər verir ki, "CNN Türk" bu barədə xüsusi reportaj yayımlayıb.
Mütəxəssislərin fikrincə, müxtəlif regionlarda baş verən bu üç böhran yalnız regional proseslərlə məhdudlaşmır, enerji bazarlarına, beynəlxalq münasibətlərə və dünya təhlükəsizlik sisteminə təsir göstərən daha geniş geosiyasi dəyişikliklərin bir hissəsi ola bilər.
Siyasi elmlər və beynəlxalq münasibətlər üzrə ekspert doktor Cihan Günyel üç münaqişənin ortaq cəhətlərini və mümkün gələcək ssenariləri "CNN Türk" üçün təhlil edib.
Qəzzada İsrailin nəzarət sahəsi genişlənir
Qəzza zolağında atəşkəs qüvvədə olsa da, bölgədə faktiki vəziyyət dəyişməkdə davam edir. Bildirilir ki, İsrail ordusu atəşkəs çərçivəsində geri çəkilməli olduğu və "Sarı xətt" adlandırılan ərazidə beton bloklardan istifadə etməklə nəzarət zonasını mərhələli şəkildə genişləndirir.
İsrailin Baş naziri Binyamin Netanyahu son açıqlamasında Qəzza zolağının təxminən 70 faizinin İsrail ordusunun nəzarətində olduğunu bildirib. Məlumata görə, atəşkəs prosesinin əvvəlində bu göstərici 53 faiz olub, daha sonra 60 faizə və 70 faizə yüksəlib.
Təxminən 365 kvadratkilometr ərazisi olan Qəzza zolağının 255 kvadratkilometrinin İsrail nəzarətinə keçdiyi, təxminən 2,13 milyon fələstinlinin istifadə edə bildiyi ərazinin isə 110 kvadratkilometrə qədər azaldığı qeyd olunur. Bu vəziyyət bölgədə əhali sıxlığını və yaşayış problemlərini daha da ağırlaşdırır.
İsrailin Rəfaha həyata keçirdiyi quru əməliyyatı da böhranın gedişinə təsir edən əsas hadisələrdən biri olub. ABŞ və Birləşmiş Millətlər Təşkilatının (BMT) mülki əhalinin təhlükəsizliyi ilə bağlı xəbərdarlıqlarına baxmayaraq həyata keçirilən əməliyyat nəticəsində təxminən 800 min fələstinlinin yenidən köç etmək məcburiyyətində qaldığı bildirilir.
Rusiya-Ukrayna müharibəsində hədəflər genişlənir
Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hücumlar davam edir.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ordusunun Moskva vilayətində bəzi logistika obyektlərini və neft anbarını hədəf aldığını açıqlayıb. O, həmçinin Qara dənizdə Rusiyanın "kölgə donanmasına" aid iki tanker və dörd quru yük gəmisinin vurulduğunu bildirib.
Rusiya Müdafiə Nazirliyi isə cavab olaraq Kiyevdəki hərbi-sənaye obyektlərinin, pilotsuz uçuş aparatları anbarlarının və Odessa bölgəsindəki liman infrastrukturunun uzaqmənzilli yüksək dəqiqlikli silahlarla hədəfə alındığını açıqlayıb.
Tərəflərin açıqlamaları göstərir ki, müharibə artıq yalnız cəbhə xətti ilə məhdudlaşmır. Enerji obyektləri, logistika mərkəzləri, limanlar və müdafiə sənayesi də əsas hədəflər sırasındadır.
ABŞ-İran xəttində gərginlik artır
Yaxın Şərqdə ABŞ və İran arasında qarşıdurma riski yenidən yüksəlib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni hücum dalğasının başladığını açıqlayıb. Bildirilib ki, əməliyyatların məqsədi Hörmüz boğazında ticarət gəmilərinə qarşı hücumlarda istifadə edildiyi iddia olunan İranın hərbi imkanlarını zəiflətməkdir.
Bölgədə artan hərbi fəallıq enerji təhlükəsizliyi, qlobal ticarət yolları və beynəlxalq münasibətlər baxımından yeni risklər yaradır.
Ekspertlər hesab edirlər ki, Qəzza, Rusiya-Ukrayna və ABŞ-İran xəttində baş verən proseslər ayrı-ayrı böhranlar olsa da, onların eyni dövrdə dərinləşməsi dünya nizamında mühüm dəyişikliklərin baş verdiyini göstərə bilər.
14:02 23.07.2026
Oxunuş sayı: 32