İsrail: Yaxın Şərqdə istənilən ssenariyə hazırıq
İsrail Yaxın Şərqdə vəziyyətin istənilən istiqamətdə inkişafına hazırdır və təhlükəsizlik məqsədilə ordusunu mövqelərdə saxlamaqda davam edəcək.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə İsrailin Baş nazirinin müşaviri Dmitri Gendelmana istinadən məlumat yayıb.
O, Livan, Suriya və Qəzza zolağındakı təhlükəsizlik zonaları ilə bağlı sualı cavablandırarkən bildirib ki, İsrail ordusu ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün hazırkı mövqelərində qalacaq.
Məlumata görə, bu həftə KİV-də Türkiyə ilə İsrail arasında Qəzza zolağındakı müharibə, Suriyadakı vəziyyət və Ankaranın F-35 proqramına mümkün qayıdışı ilə bağlı gərginliyin davam etdiyi barədə xəbərlər yayılıb.
Bildirilir ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ istehsalı olan beşinci nəsil F-35 qırıcılarının Türkiyəyə verilməsinə qarşı çıxıb. O, bunun Yaxın Şərqdə qüvvələr balansını poza biləcəyini bildirib.
"Axios" nəşrinin məlumatına görə, Netanyahu bu məsələni ABŞ Prezidenti Donald Trampla şəxsi görüşü zamanı da qaldırıb. Nəşr iddia edir ki, Tramp İsrailin bu məsələyə müdaxilə cəhdlərindən narazı qalıb.
18:27 19.07.2026
Oxunuş sayı: 68