Frilanserlər də vergi verəcək?
Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, frilanser muzdlu işçi cəlb etmədən, rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində mülki-hüquqi müqavilə əsasında, müstəqil şəkildə və ödənişli xidmət göstərən və ya iş yerinə yetirən, sənaye yaxud texnologiyalar parkının rezidenti olan fiziki şəxsdir.
Frilanserlər vergi orqanında qeydiyyata (uçota) alındıqdan, sənaye yaxud texnologiyalar parkının rezidenti olaraq qeydiyyatdan keçdikdən və qeydiyyat şəhadətnaməsini aldıqdan sonra ölkə ərazisində fəaliyyət (xarici mənbələrdən gəlirin əldə edilməsi) göstərə, eləcə də bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştlərindən və azadolmalardan istifadə edə bilərlər.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Bəşəriyyət tarixində heç vaxt "əmək" anlayışı indiki qədər fərdiləşməmişdi. Artıq intellektual məhsul yaratmaq üçün böyük zavodlara, fabriklərə və ya yüzlərlə işçisi olan korporasiyalara ehtiyac yoxdur; bir noutbuk və rəqəmsal bacarıq bəs edir. Dövlətin bu yeni nəsil işçi qüvvəsini görməzdən gəlməsi mümkün deyil və atılan addımlar tamamilə zamanın tələbidir. Baxmalı olduğumuz əsas nöqtə isə qanunun ruhu ilə onun praktikası arasındakı fərqdir.
Məsələ ilə bağlı Konstitusiya Araşdırmaları Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev Crossmedia.az-a açıqlama verib:

"Hesab edirəm ki, Vergi Məcəlləsinə təklif olunan bu dəyişiklik əmək bazarında artıq mövcud olan bir reallığın hüquqi çərçivəyə salınmasına xidmət edir.
Son illər rəqəmsal texnologiyalar, süni intellekt, kiberbəhlükəsizlik və innovasiya sahələrində minlərlə mütəxəssis klassik əmək münasibətlərindən kənarda, layihə əsaslı fəaliyyət göstərir. Yəni, onlar əmək müqaviləsi deyil, birbaşa sifariş alır və onu icra edirlər. Qanunvericinin bu tendensiyanı nəzərə alması təbii və həm də zəruridir.
Ancaq məsələnin başqa diqqətçəkən tərəfləri də vardır. "Frilanser" (freelancer) anlayışının qanunda təsbit olunması özlüyündə problem deyil, əksinə, bunun gətirilməsi vacibdir. Əsas sual onun praktikada necə tətbiq ediləcəyidir. Dünya təcrübəsi göstərir ki, bəzi hallarda işəgötürənlər əmək müqaviləsi bağlamaq əvəzinə, mülki-hüquqi müqavilələrdən istifadə etməyə üstünlük verirlər. Bu, Azərbaycanda da əvvəllər baş verirdi, indi də davam edir. Belə bir vəziyyət isə işçinin məzuniyyət, sosial sığorta, əmək mühafizəsi və digər təminatlardan faktiki olaraq kənarda qalmasına səbəb ola bilər. Ona görə də həqiqi frilanser fəaliyyəti ilə mövcud əmək münasibətlərinin bir-birinə qarışmasına yol verilməməlidir”.
O bildirib ki, Qanun layihəsinin daha bir diqqətçəkən cəhəti frilanser statusunun sənaye və texnologiyalar parklarının rezidentləri ilə əlaqələndirilməsidir: “Bu yanaşma, əlbəttə ki, innovasiya ekosisteminin inkişafını təşviq edə biləcəkdir. Amma eyni zamanda müəyyən suallar yaranır: eyni peşə ilə məşğul olan, lakin rezident statusu olmayan mütəxəssislər hansı hüquqi və vergi rejimi ilə fəaliyyət göstərəcəklər? Məncə, gələcəkdə bu istiqamətdə də əlavə hüquqi tənzimləmələrə ehtiyac yaranacaqdır.
Ümumiyyətlə, dəyişiklik müasir əmək bazarının tələblərinə cavab verir və rəqəmsal iqtisadiyyatın inkişafına müsbət təsir göstərə bilər. Lakin onun uğuru yalnız yeni anlayışın qanuna daxil edilməsindən asılı olmayacaq. Əsas məsələ odur ki, bu mexanizm həm innovasiyanı təşviq etsin, həm də əmək hüquqlarının zəifləməsinə imkan verməsin. Əgər bu balans qorunarsa, dəyişiklik həm dövlət, həm biznes, həm də yüksəkixtisaslı mütəxəssislər üçün faydalı ola bilər".
Turqut Ansari
18:32 09.07.2026
Oxunuş sayı: 59