Çarəsiz və məzlum türklər Türkiyəyə gətirilməli və məskunlaşdırılmalıdırlar
Dünyanın müxtəlif coğrafiyalarında yaşayan türk icmalarının bir qismi fərqli səbəblərdən ciddi çarəsizlik və çətinliklərlə üz-üzədir. Bəzilərinin nəsli əlverişsiz coğrafi və klimatoloji (iqlim) şəraitin mənfi təsirləri nəticəsində tükənmək təhlükəsi altındadır. Digər bir qismi məskunlaşdıqları ölkələrdə assimilyasiya riski daşıyır; mühüm bir hissəsi isə birbaşa zülm, qətliam və sistemli assimilyasiyaya məruz qalaraq tamamilə yox olmaq qorxusu ilə yaşamaq məcburiyyətindədir. Bu cür çarəsizlik və yox olma təhlükəsi ilə qarşı-qarşıya qalan türk icmalarına Pamir qırğızları, Səudiyyə Ərəbistanındakı Əfqanıstan mühacirləri və Şərqi Türkistan türkləri bariz misal ola bilər.
Pamir qırğızları: Pamir türkləri "Dünyanın tavanı" kimi xarakterizə edilən, olduqca sərt iqlimə malik 5200 metr hündürlükdəki Pamir dağlarının ətəklərində məskunlaşıblar. Ağır iqlim və təbiət şəraiti ucbatından uşaqlar hələ 12-13 yaşlarında çox yaşlı görünür və məcburiyyətdən elə bu yaşlarda da evləndirilirlər. Təhsildən, səhiyyə xidmətlərindən və müasir sivilizasiyanın digər imkanlarından tamamilə məhrumdurlar. Əfqanıstanın Pamir bölgəsində sabit və ya səyyar heç bir ambulator müalicə müəssisəsi, yaxud tibb məntəqəsi mövcud deyil. Müalicədə yalnız bitki mənşəli dərmanlara, yabanı köklərə, vəhşi heyvanların yağlarına və ənənəvi xalq təbabəti üsullarına istinad olunur. Geniş yayılmış infeksiyalara qarşı immunitet formalaşmadığından ölüm səviyyəsi olduqca yüksəkdir; yeni doğulan hər 10 uşaqdan 5-6-sı doğum zamanı və ya körpəlik dövründə tələf olur. Xroniki qida çatışmazlığı, eləcə də əsas vitamin və mineral əskikliyi səbəbindən uşaqlar ancaq 4 yaşında yeriməyə və hərəkət etməyə başlayırlar. Temperaturun nadir hallarda 0 dərəcədən yuxarı qalxdığı və kənd təsərrüfatı ilə məşğul olmağın qeyri-mümkün olduğu bu soyuq bölgədə orta ömür müddəti cəmi 40-45 ildir. İnsanlar appendisit, bronxit, sətəlcəm (pnevmoniya), difteriya, hepatit və meningit kimi müasir tibb standartlarına görə asanlıqla sağalan xəstəliklərdən dünyasını dəyişirlər. Əhalinin 34%-ini qadınlar, 66%-ni isə kişilər təşkil edir ki, bu kəskin disbalans da demoqrafik azalmanın mühüm səbəblərindən biridir. 2022-ci ildə təxminən 2.000 nəfər olan əhalinin sayı hər il 6-7% nisbətində azalmaqdadır. Mövcud tendensiya davam edərsə, 10-15 il ərzində Əfqanıstan qırğızlarının bu bölgədə tədricən tamamilə yox olacağı təxmin edilir.
Pamir bölgəsində qırğız türkcəsində təhsil verən məktəblər belə yoxdur və savadlılıq səviyyəsi olduqca aşağıdır. Bölgədə yaşayan 2 000 qırğız türkünün yalnız 14%-i şəxsiyyət vəsiqəsinə sahibdir. Bu isə onların xaricə səfər etməsini, hətta Əfqanıstan ərazisində sərbəst hərəkət etməsini qeyri-mümkün edir.
Buradakı yerli əhali təbii fəlakətlər qarşısında tamamilə müdafiəsizdir və onlardan tez-tez zərər görür. Məsələn, 2004-cü ildə qışın uzun sürməsi nəticəsində heyvanların 30%-i tələf olmuşdur. Pamir qırğızları öz var-dövlətlərini sahib olduqları iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı ilə ölçürlər. Heyvandarlığın onlar üçün yeganə dolanışıq və həyat mənbəyi olduğunu nəzərə alsaq, bu növ fəlakətlərin miqyasını təsəvvür etmək çətin deyil.
Türkiyə Respublikasına edilən müraciətlərdən sonra, 1980-ci illərdə qəbul edilən xüsusi fərmanlar və Nazirlər Kabinetinin qərarı ilə Pamir qırğızlarının bir qrupu Türkiyəyə köçürülmüşdür. Ağsaqqalların Türkiyə dövlətindən iki əsas tələbi var idi: soyuq iqlim və heyvandarlıqla məşğul ola biləcəkləri bir ərazi. Bu şərtlərə ən uyğun yer kimi seçilən Van bölgəsində (hazırda Ərciş rayonunun Ulupamir kəndi) onların məskunlaşması təmin edilmişdir.
Səudiyyə Ərəbistanında yaşayan Əfqanıstan mühacir türkləri: Əfqanıstanda 1980-ci illərdəki xaos və qarışıqlıqlar zamanı Səudiyyə Ərəbistanına köç edən özbək, türkmən, həzarə və uyğur türklərinin sayı təxminən 50 min nəfərdir. Oradakı taciklər də özlərini türk kimi xarakterizə edirlər. Əvvəllər Ərəbistanda onların ali təhsil almalarına qətiyyən icazə verilmirdi; son vaxtlar isə çox məhdud sayda insana bu icazə verilməyə başlandı. Onların övladlarını gətirib universitetimizdə oxudarkən qarşılaşdıqları çətinliklərə şəxsən şahid olduq. Ərəbistandakı iqtisadi çətinliklər, həyat şəraitinin ağırlığı və bir çox insani hüquqlardan məhrum olmaqla yanaşı, həm də assimilyasiya təhlükəsi altındadırlar. Yeni nəsillər öz ana dilini və mədəniyyətini unudur. Zamanla onların varlığı əriyib yox olacaqdır.
Şərqi Türkistan: Çinin Şərqi Türkistanı işğal etdiyi 1949-cu ildən bəri həyata keçirdiyi qətliam, soyqırımı və assimilyasiya siyasətinin tarixi gedişatına burada geniş yer vermədən mövcud vəziyyəti qısaca izah etməyə çalışaq. 1949-cu ildə Şərqi Türkistandakı çinli əhalinin sayı ümumi əhalinin 5%-ni təşkil etdiyui halda, demoqrafik assimilyasiya, qətliam və sürgünlər nəticəsində bu gün 40%-ə çatmışdır. Bu sistemli məhvetmə siyasəti hələ də davam edir. Bölgənin təbii sərvətləri çinli iş adamlarına verilir və onların bura yerləşməsi davamlı olaraq təşviq edilir.
Çin Xalq Respublikasının tərkibinə daxil olan Sincan-Uyğur bölgəsinin Təkləməkan hövzəsindəki Kaşqar və Xotən bölgələrindəki türk əhalisi günümüzdə hələ də çoxluq təşkil edir. Lakin gələcəkdə yox olma təhlükəsi ilə qarşı-qarşıyadır. Çünki bu bölgədə zülm, təzyiq və assimilyasiya daha şiddətli şəkildə tətbiq olunur. Həbsxana, təcridxana, həbs və əsir saxlama mərkəzlərinin xüsusilə türk əhalisinin sıx olduğu Tarım hövzəsindəki Kaşqar, Aksu, Yarkənd və Xotən kimi bölgələrdə yerləşməsi diqqətçəkəndir. İşsiz qalan uyğur türkləri Çinin daxili bölgələrində ucuz işçi qüvvəsi kimi işlədilir ki, bu da assimilyasiyanı asanlaşdırır və sürətləndirir. Cunqariya bölgəsində isə çinli əhali artıq əksəriyyətə çevrilmişdir.
Çin rəsmi mənbələrinə görə, Şərqi Türkistanın əhalisi 25 milyondur. Bunun 15 milyonu yerli əhalidir. Onların da təxminən 12 milyonu uyğur türkü, 2 milyonu qazax türkü, qalanları isə qırğız türkləri və digər türk ünsürləridir. Əhalinin artımı və demoqrafik tərkib davamlı olaraq türklərin əleyhinə dəyişir. Ailələr parçalanır və qadınlar məcburi şəkildə qısırlaşdırılır. Xüsusilə düşərgələrə salınan qadınlar dərmanlarla qısırlaşdırılır, bunu qəbul etməyənlər isə cəzalandırılır. Valideynləri və ailə böyükləri düşərgələrə aparılan uşaqlara qohumları tərəfindən sahib çıxılmasına icazə verilmir. Onlar çinli ailələrə verilərək assimilyasiya prosesi sürətləndirilir. Bu üsulla 1 milyon 170 minə yaxın azyaşlı türk uşağı bir çinli (xitay) kimi yetişdirilir.
Şərqi Türkistanda Çin işğal rejiminin qurduğu həbsxanalar, təcridxanalar, düşərgələr və digər nəzarət müəssisələri daxil olmaqla bütün cəza mərkəzləri yaradılmış xüsusi qruplar tərəfindən müəyyən edilmişdir. 1200 toplama düşərgəsində təxminən 1-3 milyon arasında uyğur türkü saxlanılır. 627 000 uyğur türkü isə 579 həbsxana və təcridxanada məhbusdur. Hər 40 türkdən biri həbsdədir. Həbsxanalardan azad edilənlər də məruz qaldıqları ağır şərait və tətbiq edilən üsulların təsirindən çox qısa müddətdə vəfat edirlər.
Çinin təzyiqi və təhdidi ilə Misirdən deportasiya edilən 160 uyğur türkü olan gənci universitetimizə qəbul etmişdik. Bu uşaqların bir qisminin ana və atası Çin rejimi tərəfindən öldürülmüş, bir qisminin valideynləri isə həbs edilmişdi. Çin rejiminin törətdiyi zülm və qətliama bu mənada, çox məhdud dərəcədə də olsa, şahidlik edirik.
Qeyd edək ki, əlavə olaraq, mühacir uyğur türkləri 4 qitədə, 28 ölkədə yaşayırlar. Təxminən 1 milyonu Qazaxıstanda, 700 mini Özbəkistanda, 200 mini Qırğızıstanda, 30 mini Türkiyədə, 5-6 mini Səudiyyə Ərəbistanında, 10 mini Suriyada və bir o qədəri də Türkmənistanda yaşayır. 50 minə yaxın uyğur türkü isə Avstraliya, Yeni Zelandiya, Yaponiya, ABŞ, Kanada, İngiltərə, Fransa, Almaniya, Norveç, Danimarka, İsveç, Finlandiya və Avstriya kimi ölkələrdə məskunlaşıb. Mühacir soydaşlarımız olduqları ölkələrdə ağır və aşağı statuslu işlərdə çalışdırılırlar; həyat şəraitləri çətin, rifah səviyyələri isə aşağıdır.
Qeyd etmək lazımdır ki, son dövrlər Türkiyədə kənd təsərrüfatı sektorunda çalışan əhalinin sayı getdikcə azalır. Cənub-Şərqi Anadoluda xüsusilə xırdabuynuzlu heyvandarlıq geriləməkdədir. Cənub-Şərqi Anadolu və Cənub bölgələri kənd təsərrüfatı istehsalının ən yüksək səviyyədə saxlanılması vacib olan regionlarımızdır. Həm soydaşlarımızın çarəsizliklərinin (çətinliklərinin) aradan qaldırılması, həm də kənd təsərrüfatı sektorunda arzulanan səviyyəyə nail olmaq üçün Pamir qırğızları Cənub-Şərqi Anadolunun yüksək yaylaqlarına gətirilərək yerləşdirilə bilər.
Səudiyyə Ərəbistanındakı türk icması isə Cənub-Şərqi Anadolunun daha isti iqlimə malik olan Urfa, Diyarbəkir və ətrafı ilə Cənub Anadoludakı yaşayış məntəqələrində məskunlaşdırıla bilər.
Çinlə ticari münasibətlərin və investisiyaların inkişaf etdiyi bu dövrdə bağlana biləcək sazişlərlə toplu düşərgələrində, təcridxanalarda və həbsxanalarda olan türklərin, eləcə də ailələrindən alınaraq çinlilərə verilən uşaqların Çindən Türkiyəyə gətirilməsi təmin edilə bilər. Türkiyədəki siyasi müxalifətin Çinin Şərqi Türkistandakı assimilyasiya və türkləri yox etmə siyasətini gündəmdə saxlaması dövlətin, yəni siyasi iqtidarın bu məsələdəki danışıqlar gücünü artıracaqdır. Dünyanın fərqli ölkələrində yaşamaq məcburiyyətində qalan uyğur türkləri də Türkiyəyə gətirilərək yerləşdirilə bilər. Uyğur türkləri də tarla, bağçılıq və heyvandarlıq işlərinə olduqca meyllidirlər. Onlar şəhərləşmənin sürətləndiyi Cənub-Şərqi Anadolunun kənd təsərrüfatı üçün hər cəhətdən əlverişli olan kənd və çöl hissələrində məskunlaşdırıla bilərlər.
Dünyanın fərqli ölkələrində yaşayan çarəsiz türk icmalarının Türkiyədə təhlükəsiz bir həyat qurmaları həm insani məsuliyyətin yerinə yetirilməsi, həm də türk dünyası üçün mühüm bir qazanc olacaqdır.

11:28 02.07.2026
Oxunuş sayı: 42