Alimenti dövlət ödəyəcək? - Borclarının ödənilməsi üçün…
Aliment öhdəliyini yerinə yetirməyən şəxslərlə bağlı problemlər uzun müddətdir aktual olaraq qalır. Bəzi hallarda borclunun gəlirinin və ya adına rəsmiləşdirilmiş əmlakının olmaması alimentin vaxtında tutulmasını çətinləşdirir. Bu isə ilk növbədə aliment alan şəxsin, xüsusilə uşaqların maddi təminatına mənfi təsir göstərir.
Belə bir şəraitdə aliment borcunun dövlət tərəfindən müəyyən müddət ərzində ödənilməsi, daha sonra isə həmin vəsaitin müxtəlif mexanizmlərlə borcludan tutulması məsələsi diqqət çəkir. Bu cür mexanizmin tətbiqi alimentin vaxtında ödənilməsini təmin etməklə yanaşı, uşaqların sosial və maddi təminatının fasiləsiz şəkildə davam etdirilməsi baxımından da mühüm əhəmiyyət daşıya bilər.
Bəs bu mexanizm Azərbaycanda tətbiq oluna bilərmi?
Crossmedia.az bu barədə Ədliyyə Nazirliyinə sorğu ünvanlayıb. Nazirlikdən bildirilib ki, aliment borcunun dövlət tərəfindən müəyyən müddətə ödənilməsi və sonradan həmin vəsaitin borcludan tutulması mexanizminin tətbiqi ilə bağlı zaman-zaman müzakirələr aparılsa da, hazırda bu istiqamətdə qanunvericilik səviyyəsində hər hansı dəyişiklik mövcud deyil.
Həmçinin qeyd olunub ki, aliment borclarının ödənilməsinin təmin olunması məqsədilə müxtəlif məcburi icra tədbirləri tətbiq edilir:
“Ümumilikdə, məcburi icra tədbirlərinin tətbiq edilməsi, o cümlədən icra məmurunun qanuni tələblərinə əməl etməkdən yayınan borcluların inzibati qaydada həbs edilməsi, yaxud ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması kimi tədbirlər icra sənədlərinin icra olunmasında böyük rol oynayır”.
Bununla belə, sözügedən tədbirlərin tətbiqindən sonra aliment borclarının nə qədərinin ödənilməsi ilə bağlı ayrıca statistika aparılmır.
Aliment öhdəliyini uzun müddət yerinə yetirməyən, rəsmi gəliri və ya adına əmlakı olmayan şəxslərdən borcun tutulması məsələsinə də aydınlıq gətirilib. Bildirilib ki, bu halda borclunun faktiki əmlak və gəlir vəziyyəti araşdırılır və mümkün olduqda tələb həmin əmlak və ya gəlirlərə yönəldilir:
“İcradan yayınan borclular barəsində isə məsuliyyət tədbirləri görülür”.
Beləliklə, aliment borcunun dövlət tərəfindən əvvəlcədən ödənilməsi və sonradan borcludan tutulmasını nəzərdə tutan xüsusi mexanizmin yaradılması ilə bağlı müzakirələr aparılsa da, hazırda bununla bağlı qanunvericilikdə hər hansı dəyişiklik yoxdur.
Məhəbbət Tərlanoğlu
17:23 18.08.2026
Oxunuş sayı: 51