Məkkə sazişinə cavab olaraq yeni ittifaq yarana bilər: İslam həmrəyliyi kimləri narahat edir?
Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının dəyişdiyi bir vaxtda Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Müştərək Müdafiə Sazişi regional əməkdaşlığın yeni mərhələsi kimi diqqət çəkir. Avqustun 7-də imzalanan razılaşma tərəflərdən birinə qarşı hücumun hamısına qarşı hücum kimi qiymətləndirilməsini nəzərdə tutur və müdafiə sahəsində koordinasiyanın gücləndirilməsini hədəfləyir.
ABŞ Prezidenti Donald Trampın sazişi “böyük, cəsarətli və mühüm ilk addım” adlandıraraq dəstəkləməsi isə sənədin yalnız üç ölkənin münasibətləri çərçivəsində deyil, daha geniş regional təhlükəsizlik baxımından da əhəmiyyət daşıdığını göstərir.
Politoloq Oqtay Qasımov Crossmedia.az-a açıqlamasında bildirib ki, dünyada birqütblü sistemdən çoxqütblü sistemə keçid prosesi gedir və bu mərhələdə regional formatların rolu artır.
"Dünya birqütblü sistemdən çoxqütblü sistemə keçməkdədir və bu yeni dövrdə regional formatlar önəmli rol oynamağa başlayacaq. Xüsusilə son altı ayda ABŞ, İran və İsrail arasında baş verən müharibə bunu bir daha əyani şəkildə göstərdi.
Aydın oldu ki, yarım əsrdən çoxdur Körfəz ölkələri öz təhlükəsizliklərinin təminatını ABŞ-yə həvalə ediblər. Yəni Amerika onların təhlükəsizliyinin təminatçısı rolunda çıxış edib. Bu müharibə göstərdi ki, ABŞ-nin təhlükəsizlik təminatları yetərli deyil və məhz bu savaşda Körfəz ölkələri kifayət qədər ciddi zərər gördülər.
Bu baxımdan yeni təhlükəsizlik təminatlarının axtarışı ilə bağlı təşəbbüslər ortaya çıxdı. Bu da göstərir ki, Körfəz ölkələri öz təhlükəsizlik siyasətlərini şaxələndirməyə çalışırlar".
Politoloq qeyd edib ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının imzaladığı Məkkə sazişi yeni müdafiə ittifaqının formalaşması baxımından əhəmiyyətlidir:
"Məhz bu prosesin gedişində Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının imzaladığı Məkkə sazişi ortaya çıxdı. Bu, yeni bir ittifaq deməkdir. Bu ittifaq müdafiə xarakteri daşıyır və sazişin şərtlərinə görə, üzv ölkələrdən birinə hücum digər üzv ölkələrə də hücum kimi qiymətləndiriləcək.

Düşünürəm ki, bu format Yaxın və Orta Şərqdə sabitliyin qurulmasına ciddi töhfə verə bilər. Hər üç ölkə müsəlman dünyasının aparıcı dövlətləri sırasındadır. Bu, müsəlman dünyasında inteqrasiya proseslərinin güclənməsinə də təkan verə bilər.
Eyni zamanda, regionun digər ölkələri də gələcəkdə bu sazişə qoşula bilərlər. Bu isə sazişin bundan sonra şərtlərinin necə həyata keçirilməsindən asılı olacaq".
O.Qasımov hesab edir ki, Məkkə sazişi müdafiə xarakteri ilə yanaşı, çəkindiricilik xüsusiyyətinə də malikdir:
"Bu baxımdan hesab edirəm ki, saziş müdafiə sazişi olmaqla yanaşı, həm də çəkindiricilik xüsusiyyətinə malikdir. Bir daha qeyd edim ki, üzv ölkələrdən birinə qarşı hücum digər üzvlərə hücum sayılacaq. Bu, gələcəkdə digər bu cür ittifaqların yaranmasına da gətirib çıxara bilər.
Nəzərə alsaq ki, Türkiyənin Aralıq dənizi və Yaxın Şərqdə rəqibləri var, xüsusilə İsraili, Yunanıstanı və Cənubi Kipri qeyd etmək lazımdır. Onlar onsuz da bu prosesdə Türkiyəyə qarşı bir ittifaq qurmaq cəhdləri ediblər.
Bundan başqa, Pakistanın Hindistanla münasibətlərini də nəzərə alsaq, gələcəkdə məhz bu ittifaqa qarşı Hindistan, İsrail, Yunanıstan və Cənubi Kipri özündə birləşdirən hansısa formatın da yarana biləcəyini görə bilərik".
Politoloq sonda sazişin regional sabitlik baxımından əhəmiyyətini vurğulayıb:
"Amma ümumən Məkkə sazişini regional təsir və proseslərin müsbət istiqamətdə inkişafı baxımından önəmli saziş hesab edirəm. Müsəlman dünyasının üç böyük və önəmli ölkəsini bir araya gətirən bu saziş regionda, eyni zamanda böyük bir coğrafiyada sabitlik üçün ciddi faktorlardan biri kimi dəyərləndirilməlidir".
Nigar Xəlilli
20:30 18.08.2026
Oxunuş sayı: 56