Evinizdəki təhlükə: Sizi öldürə bilər
Məişətdə elektrik cihazlarından düzgün istifadə edilməməsi müxtəlif təhlükələrə, o cümlədən elektrik vurmasına və yanğına səbəb ola bilər. Xüsusilə zədələnmiş kabellərdən, çatlamış rozetka və ştepsellərdən istifadə edilməsi ciddi risk yaradır. Eyni elektrik yuvasına bir neçə güclü cihazın qoşulması da şəbəkənin həddindən artıq yüklənməsinə və təhlükəli halların yaranmasına səbəb ola bilər. Yaş əllə elektrik cihazlarına, açarlara və rozetkalara toxunmaq, həmçinin su ilə təmas ehtimalı olan yerlərdə elektrik cihazlarından istifadə etmək də təhlükəlidir. Bu baxımdan elektrik avadanlıqlarından istifadə zamanı sadə təhlükəsizlik qaydalarına əməl etmək həm insanların sağlamlığının, həm də evlərin təhlükəsizliyinin qorunması baxımından vacibdir.

Təhlükəsizlik eksperti Samir Nəbiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, məişətdə yalnız sertifikatlı və saz elektrik cihazlarından istifadə edilməlidir: “Bəzən məişətdə zədələnmiş kabel və ya rozetkanın izolyasiya lenti ilə bərpa edilərək istifadəsinə davam edildiyinin şahidi oluruq. Qabığı zədələnmiş kabeldən, çatlamış rozetka və ya ştepseldən, yəni elektrik yuvası və elektrik çəngəlindən istifadə etmək olmaz. Eyni zamanda, elektrik yuvasına bir neçə güclü cihazı, məsələn, su qızdırıcısı, kondisioner, ütü və digər avadanlıqları eyni anda qoşmaq olmaz. Bu, həm şəbəkənin yüklənməsinə, həm elektrik vurması riskinə, həm də yanğına səbəb ola bilər. Yaş əllə elektrik cihazlarına, açarlara və rozetkalara toxunmaq olmaz. Vannada telefonun cərəyanda saxlanması da daxil olmaqla, elektrik cihazlarından, xüsusilə fendən istifadə etməkdən çəkinmək lazımdır. Su qızdırıcısı və paltaryuyan maşın mütləq torpaqlanmış xəttə, yəni “zazemleniye” kimi tanıdığımız sistemə qoşulmalıdır. Mənzildə qoruyucu ayırma qurğusu, yəni avtomat kimi tanıdığımız qurğu quraşdırılmalıdır. İstifadədən sonra və evdən çıxarkən ütü, qızdırıcı və digər avadanlıqlar şəbəkədən ayrılmalıdır. Evdə azyaşlı uşaqlar olduqda elektrik yuvalarına, yəni rozetkalara qoruyucu qapaqlar taxılmalıdır. Cihazların təmiri heç vaxt cərəyan altında aparılmamalıdır. Təmir işləri yalnız ixtisaslaşmış peşəkarlar tərəfindən həyata keçirilməlidir”.
Samir Nəbiyev nasaz elektrik cihazları ilə bağlı da diqqətli olmağın vacibliyini vurğulayıb: “Əgər vətəndaş hər hansı nasaz qurğu ilə qarşılaşıbsa, ilk növbədə həmin cihazdan istifadəni dərhal dayandırmalı və onu enerji mənbəyindən ayırmalıdır. Əgər cihazı təhlükəsiz şəkildə cərəyandan ayırmaq mümkün deyilsə, paylayıcı lövhədəki avtomat söndürülməlidir. Qığılcım, yanıq iyi, rozetkanın qızması, işıqların titrəməsi və xüsusilə cihazın gövdəsinə toxunduqda cərəyanın cüzi vibrasiya kimi hiss olunması izolyasiyanın pozulmasından xəbər verir və ciddi siqnaldır. Belə halların öz-özünə aradan qalxacağını düşünmək olmaz.
Powerbanklarda və ya telefonlarda qızma müşahidə olunursa, buna da xüsusi diqqət yetirmək lazımdır. Nasazlığı özümüz aradan qaldırmağa çalışmamalıyıq. Bu iş yalnız ixtisaslaşmış elektrikə həvalə olunmalıdır. Əgər kirayəçisinizsə, yaşadığınız evdə hər hansı nasazlıq aşkarlanarsa, bu barədə ev sahibinə dərhal məlumat vermək lazımdır. Gələcəkdə özünüzü sığortalamaq üçün bu barədə yazılı şəkildə, məsələn, “WhatsApp” vasitəsilə də məlumat vermək məqsədəuyğundur. Hər hansı uyğunsuzluq, qəza, yanma və ya alışma halı aşkarlanarsa, FHN-in və “Azərişıq”ın qaynar xətlərinə mütləq məlumat verilməlidir”.
Zeynəb Həsən
14:30 18.08.2026
Oxunuş sayı: 54