Hər zaman qalib, hər daim müzəffərsən, Azərbaycan!
Müstəqillik
hər xalqa nəsib və qismət olmayacaq bir lütfdür. Bunu qazanmaq, əldə etmək üçün
qan tökmək, can vermək lazımdır. İstiqlaliyyətini elan edən hər bir xalqın
taleyi də, tarixi də qanla yazılır. Odlar diyarı da məhz bu məmləkətlərdəndir
ki, atəşinin sönməzliyini təmin etmək naminə on minlərlə qığılcımını-vətəndaşını fəda etmişdir. Bu fədakarlıq sadəcə sözdə
deyiləcək və bir müddət sonra unudulcaq bir möhvum deyil, şeirləri, bayatıları,
nəğmələri, dastanları, romanları yazmaq üçün istifadə olunan qanlı mürəkkəbdir. Müstəqillik elə bir sevda ki, onun odunda
yanmaq yenidən doğulmaq, onun naminə ölmək, əbədi yaşamaqdır. Lakin müstəqilliyi
əldə etmək qədər onu qoruyub-saxlamaq da çətin və məşəqqətli bir işdir. Bax,
onu qorumaq, bir miras kimi, bir şərəf kimi vətən daşlarının üzərində gəzdirmək
də ruhunda Babəkin zərrələrini daşıyan xalqın içindən çıxan cəsur, mərd, igid və
şücaətli vətən övladlarının işidir, Azərbaycan adlı eşq ağacının barından bəhrələnən,
daşıdığı silahda Qızılbaş mirasını, o silahın mərmisində barıta bulanmış
cümhuriyyət qoxusunu gəzdirən Azərbaycan ordusnun namus işidir. Bu gün-26 iyun
Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür. Bu namuslu işi icra edən,
vətənin keşiyində duran, qışda ağ örpəkdən yorğana bürünən, yayda qızmar günəşi
müstəqillik atəşinin neməti bilən Azərbaycan ordusunun günüdür bu gün. Şərəfin,
qürurun, iftixarın günüdür bu gün. 1918-ci ilin bu günü Azərbaycan Milli Ordusunun yaradılması haqqında qərar qəbul
edildi və sadəcə günlər sonra avqust ayının 1-də hərbi nazirlik yaradıldı. O zaman general Səməd Bəy Mehmandarov hərbi
nazir kimi fəaliyyətə başladı və general-leytenant Əliağa Şıxlinski nazir
müavini təyin edildi. Cümhuriyyətin qurulmasında mühüm töhfələri olmuş şəxslərin
ordu rəhbərliyinə gətirilməsi Milli Ordunun daha da inkişaf etməsinə və güclənməsinə
təkan vermiş oldu. Sadəcə bir ay öncə öz müstəqilliyini elan edən cümhuriyyətin
belə bir qərar qəbul etməsi, bunu icra etməsi cümlə Qafqaz məmləkətlərində
geniş səs-səda doğurmuş, xislətində küdurət gizləyən mənfurların qəlbinə xof
salmışdı. Çox keçmədən bu şanlı ordu 600
il xilafət sancağını əlində bayraq edib, türklük şanına şan qatan Osmanlı
İmperiyasının Qafaz İslam Ordusu ilə birlikdə Bakını və onun ətraf ərazilərini erməni-bolşevik
mənfurlarından təmziləyir. Bu minvalla türkün ayaq səsləri Bakıdan mavi Xəzərin
o tayına-cahangir Teymurun məmləkətinə, şərqin və qərbin qapısı olan İstanbul
qalalarına qədər səs salır. Milli ordumuz daha sonra cümhuriyyətin mövcudluğunu
həzm edə bilməyən xainlərin də cavabını verir.
Bu da onların aldığı son cavab olur. Belə ki, Milli ordumuz Əsgəran və Muğan
istiqamətində əməliyyat planı cızaraq milli hökumətə qarşı baş verən qiyamları
yatırır. Hərçənd ki, 1920-ci ilin aprel günündə
o qara güruh yenidən tüğyan etdi. Özünü bütün xalqların qanına boyayan
adını “Qızıl ordu” qoyub, qırmızı ordu kimi xalq dilində gəzən bu qara bulud
Odlar diyarına küdurətini yağdırmaq istədi, istədi ki, yağışı ilə məmləkətin
ocağını söndürsün. Bəli, tarix göstərir ki, onlar sərhədləri keçdilər, fiziki,
coğrafi, siyasi xəritələrdə Azərbaycanı öz ucqarları kimi göstərdilər. Amma
tarix onu da göstərir ki, xalqımızın ruhundakı azadlıq eşqi heç vaxt sönmədi. Təəssüflər
olsun ki, bolşevik hökuməti Milli ordunu ləğv etdi və rəhbərlərini Nargin
adasına sürgün edərək edam etdirdi. Lakin onların ruhu hər daim Azərbaycan
igidlərinin mənəviyyatında yaşayacaq.
Sovet dönəmində
uzun müddət təzyiqlərə məruz qalan Azərbaycan ordu quruculuğunu bərpa etməyə
çalışsa da, imperiya rəhbərliyi buna imkan vermirdi. Amma Ulu Öndər Heydər
Əliyev cənablarının təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi
lisey fəasliyyətə başladı və ordu quruculuğu sahəsində yenidən inkişaf hasil
oldu.
1991-ci
ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Birinci Qarabağ müharibəsi
səbəbindən hərbi quruculuq məsələləri irəliləyə bilmirdi. Ancaq 1993-cü ildə
Heydər Əliyevin xalqın kəskin təkidi ilə hakimiyyətə gəlməsi və 1994-cü ildə
Bişkek protokolu ilə atəşkəsə nail olmasından sonra ölkəmizdə ordunun inkişafı
üçün islahatlar həyata keçirildi. Ümumilli liderin təşəbbüsü ilə Silahlı Qüvvələrimiz
Türkiyə, ABŞ, Rusiya, Ukrayna, Böyük Britaniya, Almaniya kimi ölkələrdə hərbi təlimlər
keçmiş, neft sənayesinin inkişafı fonunda dövlət büdcəsində gəlirlərin artması
paralelində Azərbaycan ordusu dövrün müasir silahları ilə təmin edilmişdir. 1998-ci
ildə isə Heydər Əliyevin sərəncamı ilə 26 iyun Azərbaycan Respublikasının
Silahlı Qüvvələri günü kimi elan edildi.
Məhz
Ümumilli Liderin diqqəti və qayğısı, daha sonra isə Müzəffər Ali Baş Komandanın
yürütdüyü hərb siyasəti ordumuzun güclənməsinə,
2016, 2018-ci illərdə öz gücünü göstərməsinə və 2020-ci ildə Azərbaycana qalib
dövlət adını qazandırmasına səbəb oldu. Antiterror əməliyyatları və sentyabr
döyüşlərində də Azərbaycan ordusu öz şücaətini ləyaqətlə nümayiş etdirçişdir.
Sən hər
zaman qalib, hər daim müzəffərsən, Azərbaycan!

Turqut Ansari
13:03 26.06.2026
Oxunuş sayı: 117