Tranzitdən iqtisadi gücə: Azərbaycanın logistika strategiyası yeni mərhələdə
Azərbaycanın nəqliyyat-logistika potensialının genişləndirilməsi son illərdə ölkənin iqtisadi strategiyasının əsas istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin açıqladığı kimi, Azərbaycan vasitəsilə daşınan yüklərin həcminin 15 milyon tondan iki dəfə artırılması hədəfi regionun tranzit imkanlarının daha da gücləndirilməsi və ölkənin beynəlxalq nəqliyyat qovşağı rolunun möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu hədəf fonunda əsas suallardan biri ondan ibarətdir ki, mövcud geosiyasi və iqtisadi reallıqlar şəraitində yükdaşımaların bu qədər artırılması nə dərəcədə mümkündür? Qonşu dövlətlərlə münasibətlərin sabitliyi, regional əməkdaşlıq mexanizmlərinin inkişafı və beynəlxalq nəqliyyat dəhlizlərində artan maraq bu prosesə müsbət təsir göstərə bilərmi? Digər tərəfdən, bu artımın ölkə iqtisadiyyatına hansı faydalar gətirəcəyi də mühüm müzakirə mövzusudur. Tranzit gəlirlərinin yüksəlməsi, logistika infrastrukturuna əlavə investisiyaların cəlbi, qeyri-neft sektorunun inkişafı və Azərbaycanın regional ticarət mərkəzinə çevrilməsi kimi amillər bu strategiyanın əsas iqtisadi üstünlükləri kimi qiymətləndirilir. Beləliklə, həm geosiyasi amillər, həm də iqtisadi imkanlar fonunda Azərbaycanın tranzit potensialının genişləndirilməsi ölkənin uzunmüddətli inkişaf perspektivləri baxımından strateji əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı iqtisadçı Gündüz Camalzadə Crossmedia.az-a açıqlama verib:

“Prinsip etibarilə bu mümkündür. Azərbaycan son illərdə nəqliyyat-logistika infrastrukturuna ciddi investisiyalar yatırıb və ölkənin coğrafi mövqeyi Şərq-Qərb, həmçinin Şimal-Cənub istiqamətləri üzrə tranzit axınlarının kəsişmə nöqtəsində yerləşdiyini göstərir. Amma, yükdaşımaların həcmini artırmaq təkcə maşın yolu, dəmir yolu, liman və sərhəd-keçid infrastrukturundan asılı deyil. Burada institusional mühit, qonşu dövlətlərlə siyasi-iqtisadi münasibətlər, tarif siyasəti, gömrük prosedurlarının sürəti və logistikanın rəqabətqabiliyyətliliyi də həlledici rol oynayır.
Əgər regionda sabitlik və qarşılıqlı etimad mühiti qorunarsa, Azərbaycan tranzit ölkə kimi daha böyük yük axınlarını cəlb edə bilər. Hesab etmək olar ki, yalnız infrastrukturun deyil, idarəetmə mexanizmlərinin də təkmilləşdirilməsinə tələb var. Yəni, yüklərin həcmini artırmaq texniki baxımdan mümkündür, amma bunun dayanıqlı olması üçün iqtisadi və diplomatik şərtlər eyni vaxtda gücləndirilməlidir.
G.Camalzadə əlavə edib ki, iqtisadi baxımdan bu prosesin faydası çoxşaxəlidir: “Əvvəla, tranzit daşımaların artması dövlətin qeyri-neft gəlirlərini genişləndirir. Belə ki, büdcə üçün əlavə valyuta daxilolmaları, logistika və nəqliyyat sektorunda yeni iş yerləri, xidmət sahəsində canlanma və regionların iqtisadi aktivliyinin artması deməkdir.
İkincisi, tranzit ölkə statusu investorlar üçün mühüm siqnaldır. Yük axınlarının çox olduğu ərazilərdə anbarçılıq, logistika, emal, distributsiya və pərakəndə ticarət sahələri də inkişaf edir. Nəticədə investisiya, kapital qoyuluşu üçün daha cəlbedici mühit yaranır. Başqa sözlə, sənaye istehsalının davamlılığı üçün bazarda dsvamlı tələbat lazımdır, artan tələbat isə istehlakçı rifahı və alıcılıq qabiliyyəti ilə birbaşa bağlıdır.
Burada iqtisadi sistem zəncirvari işləyir. Belə ki, istehsal artdıqca məşğulluq artır, məşğulluq artdıqca gəlirlər yüksəlir, gəlirlər yüksəldikcə istehlak genişlənir, istehlak genişləndikcə pərakəndə ticarət və xidmət sektoru güclənir. Bu da öz növbəsində yenidən istehsala və investisiyaya impuls verir. Yəni proses zəncirvari və multiplikativ təsir yaradır. Nəzərə almaq lazımdır ki, özünütəminetmə həm də iqtisadi müstəqillik və təhlükəsizlikdir. Hiper rəqabət mühitində xarici bazarlara məhsul ixraz etmək kifayət qədər çətindir. Eyni zamanda artıq ölkələr öz daxili bazarlarını qorumaq üçün mühafizə tədbirləri görür. Hesab etmək olar ki, ölkə başçısının müəyyən etdiyi istiqamət üzrə daxili bazarda istehsalın artırılması əsas hədəf olmalı, özünütəminetmə artırırlmalı və bunun üçün pərakəndə ticarət sektorunun inkişaf etdirilməlidir. Çünki, istehsal üçün istehlak zərurətindən yaranır”.
İqtisadçı əlavə edib ki, iqtisadi sistemin təklif tərəfində təchizatçı, sahibkar, biznes subyekti və investor təşviq edilməlidir: “Bunun üçün vergi-gömrük mühiti daha çevik olmalı, logistika xərcləri azaldılmalı, sərhəd-keçid prosesləri sadələşdirilməli, yerli sənaye sahələr üçün sadələşdirilmiş prosedurlar tətbiq edilməli, sənaye təyinatlı icazələr minimumlaşdırılmalı, maliyyə əlçatanlığı təmin edilməli, inzibati proseslər diqqətlə monitorinq edilməlidir. Təklifin güclənməsi rəqabəti artırır, rəqabət isə keyfiyyət və səmərəliliyi yüksəldir.
Tələb tərəfində isə əsas məqsəd istehlakçı, alıcı və müştərinin gəlirlərinin artmasına dəstək verməkdir. Çünki istehlak bazarı genişlənmədən nə istehsal sabit qalır, nə də investor üçün dayanıqlı bazar yaranır. Əhali gəlirləri artdıqca daxili bazarda tələbat dəyişir və bu da sənaye istehsalının dayanıqlığını təmin edir. Qeyd etdiklərim iqtisadi məntiqin digər tərəfidir. Tranzit imkanlarının artması ilə yanaşı, kənd təsərrüfatında özünütəminetmə səviyyəsinin yüksəldilməsi də vacibdir. Ərzaq təhlükəsizliyi təmin olunarsa, idxaldan asılılıq azalır, qiymət şoklarına qarşı dayanıqlıq güclənir, idxal infilyasiyası azalır və daxili bazarda stabillik yaranır. Bu isə həm istehlakçı rifahını, həm də makroiqtisadi sabitliyi dəstəkləyir.
Nəticə etibarilə, Azərbaycan üzərindən yükdaşımaların həcminin artırılması ölkənin tranzit gəlirlərini yüksəldə, logistika və xidmət sektorunu genişləndirə, investisiya mühitini gücləndirə və qeyri-neft sektoruna mühüm töhfə verə bilər. Bunun üçün isə təkcə infrastruktur deyil, həm də qonşu dövlətlərlə sabit münasibətlər, səmərəli tənzimləmə və daxili bazarda istehlak vərdişinin stimullaşdırılması vacib şərtlərdir”.
Ayhan
11:31 20.06.2026
Oxunuş sayı: 65