Diplomlar artıq işə yaramır?
Müasir əmək bazarında ali təhsil diplomu artıq təkbaşına uğurlu karyera üçün kifayət etmir. Bu gün universiteti bitirib diplom alan minlərlə gənc iş tapmaqda çətinlik çəkir və ya ixtisasına uyğun işlə təmin oluna bilmir. Bu vəziyyət əmək bazarının tələbləri ilə təhsil sisteminin verdiyi biliklər arasında yaranan fərqləri, eyni zamanda praktiki bacarıqların və şəxsi inkişafın əhəmiyyətini ön plana çıxarır. Bəs gənclərin işsiz qalmasının əsas səbəbləri nələrdir? Bugünkü dövrdə yalnız diplomla kifayətlənməmək üçün hansı bilik və bacarıqlar inkişaf etdirilməlidir?

Mövzu ilə bağlı sosioloq Rəvan Əliyev Crossmedia.az-a açıqlama verib: “Bu gün işsiz qalan gənclərin əsas problemi diplomla əmək bazarının tələbləri arasında uyğunsuzluğun olmasıdır. İşəgötürənlər artıq təkcə diplom deyil, praktik bacarıq, iş təcrübəsi, xarici dil bilikləri və rəqəmsal savadlılıq tələb edirlər. Buna görə də gənclər universitet təhsili ilə kifayətlənməməli, öz üzərlərində davamlı işləməli, yeni bacarıqlar qazanmalı və təcrübə toplamalıdırlar. Müasir dövrdə uğuru müəyyən edən əsas amil diplomdan daha çox bacarıq və çeviklikdir”.
Sosioloq əlavə edib ki, eyni zamanda, peşə seçimi zamanı əmək bazarının real tələblərinin nəzərə alınmaması da bu problemin yaranmasına təsir göstərir: “Bəzi gənclər maraq və bacarıqlarına uyğun olmayan ixtisasları seçir, nəticədə məzun olduqdan sonra həm iş tapmaqda, həm də peşəkar inkişafda çətinlik yaşayırlar. Ona görə də gənclər yalnız ali təhsil almağı deyil, özlərini hərtərəfli inkişaf etdirməyi hədəfləməlidirlər. Bu gün əmək bazarında təşəbbüskar, öyrənməyə açıq və dəyişən şərtlərə uyğunlaşa bilən gənclər daha çox üstünlük qazanırlar. İş dünyası diplomdan çox insanın nə bildiyinə və nə bacardığına diqqət yetirir”.

Təhsil eksperti Elçin Əfəndi də məsələyə münasibət bildirib: "Bu gün real əmək bazarında tələbat olan ixtisas sahələri mövcuddur. Məsələn, kənd təsərrüfatı sahəsində kifayət qədər kadr ehtiyacımız var. Eyni zamanda elektronika, elektrik və avtomobil istiqamətləri üzrə də ciddi tələbat mövcuddur. Amma bilirsiniz ki, bizim gənclərimizə kənd təsərrüfatı istiqamətində təhsil almağı tövsiyə etdikdə, onların əksəriyyəti bu istiqamətə maraq göstərmir. Məsələn, baytarlıq, zootexniklik, aqromühəndislik, aqronomluq, bitkiçilik və bağçılıq istiqamətlərində təhsil almağa maraq aşağıdır. Halbuki əmək bazarında məhz bu istiqamətlər üzrə ehtiyac var. Əmək bazarında ehtiyac olmayan ixtisaslar üzrə təhsil alındığı zaman təbii olaraq xeyli sayda işsiz kütləsi formalaşır".
Ekspert əlavə edib ki, gənclər ixtisas seçimi zamanı mütləq uzun müddət əmək fəaliyyəti və təhsil sahəsində çalışan mütəxəssislərlə məsləhətləşməlidirlər. "Bu, onun üçündür ki, əmək bazarında hansı ixtisaslara real ehtiyac olduğunu və gələcəkdə hansı sahələrə daha çox tələbat yaranacağını müəyyən edə bilsinlər. Bu istiqamətdə dəstək almaları vacibdir. Yəni düşünülməmiş şəkildə edilən seçimlər və nəticədə ixtisasdan uzaqlaşma halları, əslində, vaxtında düzgün qərar qəbul edilməməsi ilə bağlı olur və sonradan peşə dəyişməyə gətirib çıxarır. Əgər belə hallarla üzləşən gənclər varsa, son dövrlərdə onların əlavə təhsil almağa və ya əmək bazarında daha perspektivli sahələr üzrə yenidən ixtisaslaşmağa maraq göstərməsi başadüşüləndir. Əgər mövcud təhsil istiqaməti iş imkanları yaratmırsa, digər sahələr üzrə əlavə təhsil almaq və ya əmək bazarının tələblərinə uyğun bacarıqlar əldə etmək mümkündür. Bununla yanaşı, şəxsi inkişaf üçün ən azı bir xarici dili mükəmməl səviyyədə olmasa belə, ixtisas səviyyəsində bilmək vacibdir. Eyni zamanda kompüter biliklərini inkişaf etdirmək lazımdır. Burada söhbət təkcə ofis proqramlarından getmir. Müxtəlif sistem proqramlarını öyrənmək, proqramlaşdırma bacarıqları əldə etmək və digər rəqəmsal bacarıqları inkişaf etdirmək də vacibdir ki, gələcəkdə onların iş tapmaq imkanlarında məhdudiyyət yaranmasın”.
Ayhan
16:45 05.06.2026
Oxunuş sayı: 53