Ərzaq təhlükəsizliyindən aqrar modernləşməyə
Azərbaycan Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər ölkənin aqrar siyasətinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Dövlət başçısının çıxışı yalnız mövcud vəziyyətin statistik təhlili ilə məhdudlaşmır, eyni zamanda kənd təsərrüfatının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən strateji proqram xarakteri daşıyır. Çıxışda regional inkişaf, ərzaq təhlükəsizliyi, texnoloji modernləşmə, su təminatı, subsidiya siyasəti və kənddən şəhərə miqrasiyanın qarşısının alınması kimi mühüm məsələlər kompleks şəkildə təhlil edilir.
Prezident İlham Əliyev öz nitqində xüsusilə vurğulayır ki, kənd təsərrüfatının tərəqqisi Azərbaycanda regional inkişaf siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısı 2004-cü ildən həyata keçirilən regional inkişaf proqramlarının nəticələrini xatırladaraq bildirir ki, həmin proqramlar bölgələrin sosial-iqtisadi dirçəlişində mühüm rol oynayıb. Həqiqətən də, son iyirmi ildən artıq müddətdə bölgələrdə qazlaşdırma, elektrik təchizatı, yol infrastrukturu, su anbarlarının tikintisi və sosial obyektlərin yaradılması kənd təsərrüfatının inkişafı üçün fundamental baza formalaşdırmışdır. Bu gün ölkədə qazlaşdırmanın 96 faizə çatdırılması, kənd yollarının yenidən qurulması və müasir suvarma layihələrinin həyata keçirilməsi aqrar sektorun davamlı inkişafına mühüm təkan verir.
Çıxışın diqqət çəkən əsas məqamlarından biri Prezidentin kənd təsərrüfatında müşahidə olunan durğunluqla bağlı açıq və prinsipial mövqeyi oldu. Dövlət başçısı son illərdə aqrar istehsalda dinamikanın onu qane etmədiyini bildirməklə mövcud problemlərin təhlil edilməsi və onların həlli üçün yeni yanaşmaların vacibliyini ön plana çəkdi. Bu baxımdan hazırlanacaq yeni Dövlət Proqramı kənd təsərrüfatının modernləşdirilməsi və məhsuldarlığın artırılması istiqamətində mühüm strateji sənəd kimi qiymətləndirilə bilər.
Müşavirədə Prezident İlham Əliyevin ərzaq təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirməsi təsadüfi deyil. Müasir dünyada müharibələr, geosiyasi qarşıdurmalar, nəqliyyat zəncirlərinin pozulması və iqlim dəyişiklikləri bir çox ölkələrin ərzaq təminatında ciddi problemlər yaratmışdır. Dövlət başçısının vurğuladığı kimi, bu şəraitdə hər bir ölkə daxili istehsal imkanlarını gücləndirməli və strateji məhsullar üzrə özünü təminetmə səviyyəsini artırmalıdır. Xüsusilə buğda istehsalı ilə bağlı səsləndirilən rəqəmlər mövcud problemləri aydın şəkildə ortaya qoyur. Hazırda Azərbaycanın buğda üzrə özünü təminetmə səviyyəsinin 55 faiz olması ərzaq təhlükəsizliyi baxımından ciddi çağırış kimi qiymətləndirilir. Prezidentin bu vəziyyəti “qəbuledilməz” adlandırması aqrar siyasətdə yeni və daha sərt idarəetmə mexanizmlərinin tətbiq olunacağını göstərir.
Çıxışda aqrar sektorun inkişafında texnologiyanın və innovativ yanaşmaların rolu da xüsusi qeyd edilir. Dövlət başçısı torpaq sahələrinin elektron xəritələrinin hazırlanması, süni intellekt və peyk texnologiyalarından istifadə olunması barədə danışaraq aqrar idarəetmədə rəqəmsallaşmanın vacibliyini ön plana çıxardı. Bu yanaşma müasir dünya təcrübəsinə tam uyğundur. Çünki inkişaf etmiş ölkələrdə kənd təsərrüfatında məhsuldarlığın artırılması artıq yalnız ənənəvi üsullarla deyil, yüksək texnologiyaların tətbiqi ilə mümkün olur. Azərbaycanda da torpaqların “pasportlaşdırılması”, yəni hər ərazi üzrə optimal məhsul növlərinin müəyyənləşdirilməsi gələcəkdə daha səmərəli istehsal modelinin formalaşmasına imkan yaradacaq.
Prezident İlham Əliyevin nitqində su təhlükəsizliyi və suvarma məsələlərinə geniş yer ayrılması strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı Taxtakörpü, Şəmkirçay, Suqovuşan, Sərsəng və digər su anbarlarının əhəmiyyətini qeyd etməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yeni layihələrin regionun kənd təsərrüfatı potensialını artıracağını vurğuladı. Xüsusilə Şirvan və Qarabağ kanallarının yenidən qurulması nəticəsində yüz minlərlə hektar torpağın su ilə təmin ediləcəyi gözlənilir. Bu isə kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsinə və yeni əkin sahələrinin istifadəyə verilməsinə ciddi təsir göstərəcək.
Çıxışın mühüm istiqamətlərindən biri də özəl sektorun və xarici investorların aqrar sahəyə cəlb olunması ilə bağlı idi. Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, dövlət dəstəyi ilə yanaşı, sahibkarların da məsuliyyəti artmalıdır. Bu yanaşma dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının səsləndirdiyi statistik göstəricilər investorlar üçün konkret iqtisadi siqnal xarakteri daşıyır. İdxaldan asılı olan məhsulların ölkə daxilində istehsalının artırılması həm iqtisadi təhlükəsizliyi gücləndirəcək, həm də yeni iş yerlərinin açılmasına şərait yaradacaq.
Prezidentin kənddən şəhərə miqrasiyanın qarşısının alınması ilə bağlı fikirləri də xüsusi diqqətə layiqdir. Dövlət başçısı qeyd etdi ki, məqsəd yalnız kəndlərdə infrastruktur yaratmaq deyil, eyni zamanda insanları doğma torpaqlarında yaşamağa həvəsləndirməkdir. Bunun üçün kəndlərdə sosial xidmətlərin, səhiyyənin, təhsilin və məşğulluğun yüksək səviyyədə təşkil olunması vacibdir. Əslində bu yanaşma kənd təsərrüfatını yalnız iqtisadi deyil, həm də sosial inkişaf modeli kimi təqdim edir.
Beləliklə, Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan aqrar sektorda yeni inkişaf mərhələsinə daxil olur. Qarşıya qoyulan məqsədlər yalnız məhsul istehsalının artırılmasına deyil, eyni zamanda kənd təsərrüfatının müasir texnologiyalar əsasında yenidən qurulmasına, ixrac potensialının genişləndirilməsinə və ərzaq təhlükəsizliyinin tam təmin edilməsinə xidmət edir. Yeni Dövlət Proqramının uğurlu icrası Azərbaycanın aqrar sahədə regional liderliyini daha da möhkəmləndirə və ölkənin iqtisadi inkişafında kənd təsərrüfatının rolunu əhəmiyyətli dərəcədə artıra bilər. Və təbii ki, bütün bu islahatların və yeniliklərin təməlində Azərbaycan vətəndaşı və onun sosial rifahının yüksəldilməsi dayanır.
Pərvin Eyvazov
Filologiya elmləri üzrə fəlsəfə doktoru,
BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müəllimi

10:57 01.06.2026
Oxunuş sayı: 47