Vəfat edən qızı qorxmasın deyə ananın tikdirdiyi pilləkənli məzar
Missisipi ştatının Natçez şəhərində yerləşən köhnə qəbiristanlıqda qəribə bir məzar var. Bu məzar illərdir həm turistlərin, həm də yerli sakinlərin diqqətini çəkir. Söhbət 10 yaşında vəfat etmiş Florens Irene Ford adlı bir qızın məzarından gedir. Onun hekayəsi zaman keçdikcə təkcə bir ölüm tarixçəsi kimi yox, həm də kədər, ana sevgisi və mistik bir əfsanə kimi yadda qalıb.
Florens 1871-ci ildə sarı qızdırma epidemiyası zamanı həyatını itirib. O dövrdə bu xəstəlik ABŞ-nin cənub ştatlarında çox yayılmış və minlərlə insanın ölümünə səbəb olmuşdu.
Kiçik qızın həyatı isə çox qısa olsa da, onu tanıyanların yaddaşında xüsusilə həssas və qorxaq bir uşaq kimi qalıb. Deyilənlərə görə, Florens xüsusilə şiddətli fırtınalardan və göy gurultusundan çox qorxardı. Hər dəfə hava qaralanda, şimşək çaxanda dərhal anasının yanına qaçar, ondan qucaq və təsəlli istəyərdi. Onun ölümündən sonra anası Ellen Ford dərin bir sarsıntı keçirir. Uşağının yoxluğu ilə barışmaq onun üçün son dərəcə çətin olur. Ən çox da onu düşündürən məqam qızının məzarda belə fırtınalardan qorxa biləcəyi fikri idi. Bu emosional düşüncə tədricən qəribə və qeyri-adi bir məzarın hazırlanmasına səbəb olur.
Məzarın dizaynı adi qəbir abidələrindən tamamilə fərqli idi. Tabutun baş hissəsində kiçik bir şüşə pəncərə yerləşdirilmişdi ki, ziyarət edənlər və ya anası qızını “görə bilsin”. Daha da maraqlısı odur ki, tabuta qədər enən kiçik pilləkən də qazılmışdı. Bu pilləkən xüsusi metal qapaqlarla örtülürdü və ehtiyac olduqda açılırdı. Ən çox yayılan hekayəyə görə, fırtına zamanı ana bu qapaqları açaraq aşağı enir, pilləkənlə tabutun yanına gedir və şüşə pəncərədən baxaraq qızına danışır, ona təsəlli verirdi. Sanki Florens hələ də sağ idi və sadəcə yuxuda yatırdı...
Bu təsvir illər ərzində çox sayda insanın diqqətini çəkib və məzar haqqında müxtəlif rəvayətlərin yaranmasına səbəb olub.
Tarixi qeydlər göstərir ki, Florens Irene Ford həqiqətən mövcud olub və Natçez City Cemeterydə dəfn edilib. Onun məzarı həqiqətən də qeyri-adi dizayna malikdir və digərlərindən fərqlənir.
Fatimə Məmmədova
08:26 30.05.2026
Oxunuş sayı: 72