Bir millətin yenidən doğulduğu gün-28 May
28 May — Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı, xalqımızın azadlıq və müstəqillik arzusunun gerçəyə çevrildiyi şərəfli bir gündür. Bu tarix yalnız dövlətin yaranması deyil, bir millətin “biz varıq” deyə dünyaya səslənməsinin başlanğıcıdır.1918-ci ilin 28 mayında qurulan Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanın deyil, bütün Şərqin ilk demokratik respublikası idi. O dövrdə dünyanın bir çox ölkəsində qadınlara səsvermə hüququ belə verilmədiyi halda, Azərbaycan qadınlara seçmək və seçilmək haqqı tanıdı.
"Müstəqillik elə bir nemətdir ki, onu qazanmaq nə qədər çətindirsə, qoruyub saxlamaq bir o qədər məsuliyyətlidir". Bu torpağın hər qarışı uğrunda mübarizə aparan insanlar, şəhidlər və qəhrəmanlar müstəqilliyin nə qədər müqəddəs olduğunu öz həyatları ilə göstəriblər.
Bu gün üçrəngli bayrağımız dalğalandıqca biz keçmişimizə ehtiram edir, gələcəyimizə tərəf daha inamlı addımlarla yürüyürük.
28 May Müstəqillik Günü hər bir azərbaycanlının ürəyində qürur hissi yaradır. Bu gün keçmişimizə ehtiram, gələcəyimizə isə ümid günüdür. Azərbaycan xalqı tarix boyu sübut edib ki, azadlığını qorumağı və dövlətinə sahib çıxmağı bacarır.
Mehriban Yariyeva
19:04 28.05.2026
Oxunuş sayı: 45