Milli Məclisdə pensiyalarla bağlı məsələ müzakirə edilib
“Hazırda qadınların orta aylıq əməkhaqqı kişilərin orta əməkhaqqının 69,1 faizinə bərabərdir. Qlobal miqyasda isə bu göstərici 77–80 faiz civarındadır”.
Crossmedia.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında Komitənin 2025-ci ildə fəaliyyəti haqqında məlumatının müzakirəsi zamanı bildirib.
“Qadınların ən çox çalışdığı sahə təhsil sektorudur. Əmək müqaviləsi ilə çalışan 722 min 147 qadından 242 min 801 nəfəri məhz bu sahədə fəaliyyət göstərir ki, bu da muzdlu qadın işçilərin 33,6 faizini təşkil edir. Qadınların üstünlük verdiyi ikinci böyük sektor səhiyyə və sosial xidmətlər sahəsidir. Bu istiqamətdə 116 min 976 qadın çalışır və ümumi payda 16,2 faiz təşkil edir. İlk üçlüyü isə ticarət və nəqliyyat vasitələrinin təmiri sektoru tamamlayır. Bu sahədə 95 min 566 qadının əmək müqaviləsi qeydiyyata alınıb.
Qadınların orta aylıq əmək haqqına görə ən yüksək göstərici mədənçıxarma sənayesində qeydə alınır və bu sahədə qadın işçilərin orta maaşı 2915 manatdır. Daha sonra maliyyə və sığorta sektorunda çalışan qadınların orta aylıq əməkhaqqı 1813 manat, informasiya və rabitə sektorunda isə 1353 manat təşkil edir. Təhsil sektorunda çalışan qadınların orta aylıq maaşı isə 731 manatdır.
Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərinə qadın sahibkarların çıxış imkanlarının artırılması üçün iqtisadiyyatın sahələri üzrə prioritet istiqamətlərlə yanaşı, qadın sahibkarlar üçün kvotaların müəyyənləşdirilməsi məqsədəuyğun olardı.
Yaşa görə əmək pensiyası hesablanan zaman qadınların pensiya kapitalına xüsusi əmsalların tətbiq edilməsi və bununla da onların pensiya məbləğlərinin artırılmasına nail olunmasını təklif edərdim”, - deputat bildirib. (Qafqazinfo)
12:40 26.05.2026
Oxunuş sayı: 52