Paşinyan erməniləri xaricdə “vətən axtarmağı” dayandırmağa çağırıb
Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşlara müraciətində erməniləri ölkədən kənarda “vətən axtarmaq” yanaşmasından imtina etməyə çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, dövlətçilik və sülh belə hadisələrin təkrarlanmamasının əsas təminatıdır. Paşinyanın sözlərinə görə, bu məqsədə çatmaq üçün Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda vətən axtarışı dayandırılmalıdır.
Baş nazir vurğulayıb ki, ölkədə çox sayda yaşayış məntəqəsi boşdur və ümumilikdə əhali azlığı problemi mövcuddur. O qeyd edib ki, Ermənistanın 29 743 kvadrat kilometr ərazisi rifah və inkişaf üçün kifayət qədər potensiala malikdir.
Paşinyan əlavə edib ki, sülhün olmaması və təhlükəsizlik məsələlərinin düzgün anlaşılmaması bu problemlərin əsas səbəblərindəndir. Onun sözlərinə görə, “Əsl Ermənistan” ideologiyası ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı və qonşularla sabit münasibətlər üzərində qurulub.
Baş nazir həmçinin “tarixi sərhədlərin bərpası” kimi ideyaları dəstəkləyən qüvvələrin ölkəni təhlükəli istiqamətə apardığını və bunun dövlətçiliyin itirilməsi ilə nəticələnə biləcəyini bildirib.
16:15 24.04.2026
Oxunuş sayı: 58