Həqiqətdən heçliyə – Aydın
Cəfər Cabbarlı dramaturgiyasının zirvə nöqtələrindən biri, Azərbaycan ədəbiyyatında modernizm və realizmin romantik boyalarla sintezini yaradan “Aydın” dramı onilliklər keçsə də aktuallığını itirməyən bir insanlıq manifesti kimi yenidən səhnədədir. Akademik Milli Dram Teatrının təqdimatında nümayiş olunan eyniadlı tamaşa klassik irsə müasir rejissor baxışı və bədii həlli ilə teatrsevərlərin diqqətini cəlb etməyi bacarıb.
Quruluşçu rejissor, xalq artisti Firudin Məhərrəmovun səhnələşdirdiyi tamaşa təkcə bir sevgi hekayəsi deyil, həm də cəmiyyətin mənəvi aşınmasına qarşı ucaldılan etiraz səsidir. Səhnə tərtibatı, musiqi və işıq həlli tamaşanın ümumi atmosferini tamamlayaraq, 1919-cu ilin təlatümlü Bakısında mayalanan o amansız dramatizmi izləyiciyə bütün dolğunluğu ilə ötürür.
Ümumiyyətlə, “Aydın” Azərbaycan teatr tarixində mühüm yer tutan, bu gün də öz aktuallığını qoruyan səhnə əsərlərindəndir və cəmiyyətin sosial problemlərini, xüsusilə qadın azadlığı və milli oyanış mövzularını ön plana çıxarır.
Tamaşa boyu hadisələrin inkişafı, obrazların daxili mübarizəsi və emosional gərginlik izləyicilərdə xüsusi maraq doğurur.
Pərdələrin açılması ilə bizi XX əsrin əvvəllərinin neft Bakısı – pulların və ehtirasların tüğyan etdiyi dəbdəbəli kazino qarşılayır. Burada neft milyonçuları, o cümlədən Dövlət bəy (İlyas Əhmədov) kimi varlı və nüfuzlu şəxslər kef məclisində əylənirlər.
Qadınların rəqsi, qədəhlərdə içkilər və şən musiqi fonunda onların dəbdəbəli, eyni zamanda mənəvi boşluqla müşayiət olunan həyat tərzi tamaşaçıya təqdim olunur.
Bu səhnə əslində tamaşanın ümumi ideya xəttini açaraq cəmiyyətin varlı təbəqəsinin laqeydliyini və məsuliyyətsizliyini ön plana çıxarır.
Rejissor yozumunda həmin mühitin təzadları daha qabarıq şəkildə göstərilir və tamaşaçını düşündürən məqamlarla zənginləşdirilir.
Bu səhnədən dərhal sonra Aydının kiçik və sadə evinə keçid olunur. Burada Aydın (Elnar Qarayev) və Gültəkin (Lalə Süleymanova) birlikdə, sadə, lakin səmimi bir həyat yaşayırlar.
Onların evindəki sakitlik və harmoniya, əvvəlki kazinonun dəbdəbəli, amma boş atmosferi ilə kəskin kontrast təşkil edir. Aydın və Gültəkinin bir-birinə qarşı sevgisi və xoşbəxtliyi, səhnədəki detal və jestlər, həmçinin sadə ev şəraiti ilə tamaşaçıya dolğun şəkildə ötürülür.
Bakı... O dövrün Bakısı neft tüğyanlarının, qəfil varlanan milyonçuların və bu dəbdəbənin kölgəsində can verən işıqlı zəkaların məkanıdır. Tamaşada elmi biliklərlə yoğrulmuş gənclərin bu “altun yığını” içərisində necə bir-bir “heç”ə çevrildiyi ustalıqla göstərilir.
Baş qəhrəman Aydın da məhz bu mühitin qurbanıdır. O, xəyalları ilə reallıq arasındakı dəhşətli ziddiyyətin qurbanı olsa da, heç vaxt öz “mən”indən imtina etmir.
Onun “Mən bir həqiqətəm, mən bir heç deyiləm” sözləri əslində amansız mühitə qarşı atılmış ən böyük meydandır. Bu, bir fərdin bütün dünya qarşısında öz varlığını təsdiq etmək üçün çəkdiyi mənəvi nidadır.
C. Cabbarlı yaradıcılığının ilk klassik romantik obrazı olan bu mühəndis gənc tamaşaçını öz daxili dünyasının zənginliyi ilə valeh edir.
O, yenilikçi və maarifçi gəncdir, cəmiyyətə işıq və rifah bəxş etmək istəyən bir qüvvədir. Lakin onun yoxsulluğu bu arzuların qarşısında keçilməz bir sədd kimi dayanır və qurub-yaratmaq istədiyi cəmiyyətdə öz saflığının qurbanına çevrilir.
Hadisələrin gedişatı göstərir ki, təsvir olunan mühitdə saflıq və ləyaqət ən ucuz alqı-satqı vasitəsinə çevrilib. Bu mənəvi aşınmanın mərkəzində dayanan Gültəkinin faciəsi isə pyesin ən ağır və dramatik xəttini formalaşdırır.
Varlı ailənin övladı olan, lüks və maddi imkanlar içində böyüyən Gültəkin həqiqi xoşbəxtliyin pulda olmadığını dərk edən nadir obrazlardandır. Məhz bu dərk etmə onu parıltılı həyatdan imtina edərək sadə, lakin sarsılmaz idealları olan Aydını seçməyə sövq edir. Onların maddi yoxsulluq içində keçən həyatı, əslində səmimiyyət və mənəvi bağlılıq üzərində qurulmuşdur.
Lakin bu saflıq mühit tərəfindən hər addımda sınağa çəkilir. Gültəkinin Dövlət bəyin arvadına rus dili dərsi keçməsi onun bütün fəlakətlərinin başlanğıcına çevrilir. Hər şeyi pulla ölçməyə alışmış Dövlət bəy Gültəkinin iradəsini qırmaq üçün əvvəlcə köməkçisi Qurban vasitəsilə gizli yollara əl atır, daha sonra isə Aydına vəzifə vəd edərək, bu sevgini rəsmən “satın almağa” çalışır. Gültəkinin hər dəfə nümayiş etdirdiyi möhkəm iradə və sarsılmaz sədaqət isə Dövlət bəyin mənəvi boşluğunu daha da qabardır.
Dramatik gərginlik Böyükxanımın (Ləman İmanova) Aydının evinə gəlişi ilə yeni bir müstəviyə keçir. Onun “Arvadına yiyə çıx!” xəbərdarlığı təkcə ailə daxili münaqişənin deyil, həm də varlı təbəqənin alt təbəqəyə olan aşağılayıcı və sərt münasibətinin göstəricisidir. Bu andan etibarən Aydının daxili dünyasında şübhə və qorxu toxumları cücərməyə başlayır.
Tamaşanın kulminasiya nöqtəsi isə Aydının işdən qayıdarkən öz evində rastlaşdığı mənzərədir: Dövlət bəyin Gültəkinə qarşı fiziki təzyiq göstərməyə cəhd etməsi sosial ədalətsizliyin, mənəviyyatın və zorakılığın toqquşduğu ən ağır səhnə kimi yadda qalır.
Tamaşanın ikinci hissəsi yenə kazino mühitini səhnəyə gətirir. Varlı təbəqənin nümayişkaranə həyat tərzi, şən musiqi və rəqslərin müşayiəti ilə təqdim olunan bu mənzərə, əslində mənəvi boşluğun vizual inikasıdır. Dəbdəbəli həyatın fonunda cərəyan edən bu hadisələr cəmiyyətdəki təzadları daha da qabardır.
Üç illik fasilədən sonra yenidən peyda olan Aydın kazinoya daxil olaraq buradakı mühitə qoşulur. Lakin o, hadisələrin pərdəarxası məqamlarından və Dövlət bəyin planlarından xəbərsizdir. Onun bu gözlənilməz gəlişi səhnədəki gərginliyi daha da artırır. Paralel olaraq, Dövlət bəy öz köməkçisi Qurban vasitəsilə Gültəkini müxtəlif yalanlarla aldadaraq kazinoya gətirilməsinə nail olur.
Gültəkinin zala daxil olması ilə yaranan ani sükut tamaşanın ən təsirli məqamlarından biridir. Üç il əvvəl yolları ayrılmış Aydın və Gültəkinin bu məkanda üz-üzə gəlməsi dramatik gərginliyi kulminasiya nöqtəsinə çatdırır.
Aydının sakit, lakin dərin ironiya ilə dediyi “Sonda səni də kazinoya gətirə bildilər…” ifadəsi onun daxilindəki qırılmanın və məyusluğun göstəricisidir.
Vəziyyətin mahiyyətini anlamayan, sadəcə aldadılaraq gətirilən Gültəkinin üzündəki təəccüb və qorxu onun günahsızlığını, eyni zamanda çarəsizliyini əks etdirir. Bu qarşılaşma həm emosional sarsıntı, həm də əsərin ideya xətti baxımından tamaşanın əsas konflikt nöqtəsini formalaşdırır.
Tamaşanın finalı hadisələrin başladığı məkana – Aydının kiçik və sadə evinə qayıdır. Gültəkinin son dəfə bu evə gəlişi əsərin dramatik xəttinin kədərli sonluqla bitəcəyinin xəbərçisidir.
O, son anlarını sevdiyi insanın yanında keçirmək istəyilə Aydını qucaqlayır. Lakin bu səmimi anın arxasında acı bir həqiqət gizlənir: Gültəkin zəhər içmişdir. Aydının çarəsizlik içində sevgilisinin gözləri qarşısında solmasını izləməsi tamaşanın emosional təsir gücünü ən yüksək həddə çatdırır.
Gültəkinin son nəfəsində belə Aydının yanında olduğu üçün xoşbəxtliyini ifadə etməsi mənəviyyatın maddi və sosial sədlər üzərindəki qələbəsi kimi təqdim olunur.
Bu səhnə bir qadının öz ali hissləri uğrunda fədakarlığının ən yüksək təzahürüdür. Səhnədəki sakit işıqlandırma və musiqi fonu obrazların daxili sarsıntılarını tamaşaçıya daha dərindən ötürərək zalda həm kədər, həm də ciddi düşüncə mühiti yaradır.
Bu sonluq C.Cabbarlı dramaturgiyasının əsas qayəsini təşkil edən sevgi, qurban və mənəvi saflıq dəyərlərini zirvə nöqtəsinə daşıyır.
Sonda Aydının qarşılaşdığı haqsızlıqlara, itkilərə və amansız reallığa qarşı üsyanı bütöv bir cəmiyyətə ünvanlanmış etiraz sədası kimi səslənir.
Onun səhnədəki “Nifrət! Hər şeyə nifrət! Artıq mən bir həqiqət deyiləm, mən bir heçəm!” hayqırışı fərdi çarəsizlik, idealları darmadağın edilmiş bir insanın mənəvi fəryadıdır. Bu hayqırışla o, sevgi və insanlıq uğrunda apardığı mübarizədə qarşılaşdığı bütün kədəri və qəzəbi izləyiciyə çatdıraraq tamaşanı sarsıdıcı sonluqla tamamlayır.
“Aydın” təkcə bir dövrün deyil, bütün zamanların faciəsidir. Onu anlamaq Bakının o dövrdəki “qızıl və qan” saçan reallıqlarını, kapitalın insan taleyini oyuncağa çevirdiyi amansız mexanizmi dərk etməkdir. Çünki “Aydın” sadəcə baxılan deyil, hiss edilən və yaşanan bir həqiqətdir.
14:55 08.04.2026
Oxunuş sayı: 687