Yüksək təhlükəsizlikdə 93-cü yer - Azərbaycanın sabitlik modelinin anatomiyası
“Global Terrorism Index 2026” hesabatında Azərbaycanın terror riskinə görə 93-cü yerdə qərarlaşması ölkədə formalaşmış sabit və nəzarət olunan təhlükəsizlik mühitinin göstəricisi kimi diqqət çəkir.
Bu nəticə təsadüfi deyil, uzun illər ərzində düşünülmüş, mərhələli və kompleks şəkildə həyata keçirilən dövlət strategiyasının məntiqi nəticəsi kimi qiymətləndirilə bilər.
Azərbaycan həm daxili təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi, həm də regional və qlobal risklərin vaxtında analiz olunaraq qabaqlayıcı tədbirlərin görülməsi baxımından sistemli yanaşma ortaya qoyur.
Bu kontekstdə hüquq-mühafizə orqanlarının koordinasiyalı fəaliyyəti, sərhəd nəzarətinin gücləndirilməsi, radikalizm və ekstremizmə qarşı preventiv tədbirlərin həyata keçirilməsi, eləcə də sosial sabitliyin qorunmasına yönəlmiş siyasət mühüm rol oynayır.
Eyni zamanda, ölkədə ictimai asayişin yüksək səviyyədə təmin olunması, vətəndaşların gündəlik həyatında təhlükəsizlik hissinin möhkəmləndirilməsi bu strategiyanın praktik nəticələrindən biridir.
Bütün bunların fonunda əsas müzakirə mövzusu belə formalaşır: Azərbaycanın təhlükəsizlik strategiyasını bu qədər effektiv edən konkret faktorlar hansılardır və bu model gələcəkdə dəyişən regional və qlobal çağırışlar fonunda necə adaptasiya olunacaq?
Milli Məclisin deputatları mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verib:
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc:

"Prezident İlham Əliyevin beynəlxalq miqyasda qazandığı yüksək siyasi nüfuz ölkəmizin təhlükəsizlik mühiti qorumağa və Azərbaycanın mövqeyini dünya ölkələri sırasında üstün mövqeyə çıxarmağa imkan verir.
30 illik işğaldan sonra bir dövlət qlobal təhlükəsizlik sisteminin əsas təməllərini formalaşdırmaq üçün əldə etdiyi ədalətli qələbənin nəticələrini yeni dünya nizamı kimi irəli sürür.
Hazırda yerləşdiyimiz Cənubi Qaqaz bölgəsi Rusiya-Ukrayna və İsrail-ABŞ və İran arasında gedən müharibələrin, o cümlədən Yaxın Şərqdən idxal olunan qeyri-sabitlik, humanitar və iqtisadi-ticarət embarqolarının güclü riskləri altındadır.
Eyni zamanda, terrorizm bölgəsəl təhlükəsizlik üçün ən ciddi təhdidlərdən biri olaraq qalır. Belə bir şəraitdə hər bir dövlətin təhlükəsizlik modeli və onun effektivliyi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın beynəlxalq qiymətləndirmələrdə, xüsusilə Qlobal Terrorizm İndeksində aşağı riskli ölkələr sırasında yer alması diqqətəlayiq və mühüm nəticədir".
Deputat qeyd edib ki, həmin hesabatlarda terrorizmin səviyyəsi bir neçə əsas meyar üzrə qiymətləndirilir: "Bunlara terror hadisələrinin sayı, insan itkiləri, yaralanmalar və terrorizmin iqtisadi-sosial təsirləri daxildir. Göstəricilər əsasında formalaşan ümumi mənzərə dövlətlərin təhlükəsizlik səviyyəsini obyektiv şəkildə əks etdirir.
Azərbaycanın indeksdə əldə etdiyi mövqe sistemli və ardıcıl siyasətin nəticəsidir.
İlk növbədə, ölkəmizdə güclü dövlət idarəetmə sistemi mövcuddur. Dövlət bütün ərazilər üzərində tam nəzarəti təmin edir və paralel silahlı strukturların yaranmasına imkan verilmir. Bu xüsusiyyət bir çox yüksək riskli ölkələrlə müqayisədə əsas fərqləndirici amillərdən biridir.
Məsələn, Əfqanıstan və ya Nigeriya kimi ölkələrdə dövlət bəzi ərazilərdə tam nəzarəti həyata keçirə bilmir və boşluqdan Taliban-Boko Haram kimi silahlı qruplar istifadə edir. Azərbaycanda isə paralel güc mərkəzləri və kriminal silahlı qruplar mövcud deyil.
İkinci mühüm istiqamət ideoloji və dini mühitlə bağlıdır. Ölkəmizdə dini fəaliyyət yalnız inzibati qaydalarla deyil, həm də insaların etiqad azadlığına yaradılan azad şərait, xaricdən dini radikalizmin məzhəb parçalanmaları və siyasi mübarizədə ondan istifadənin qarşısını maarifləndirici və ictimai mexanizmlərlə almağa çalışır.
Bəzi ölkələrlə müqayisə aparsaq görərik ki, dağıdıcı ideologiyaların geniş yayıldığı regionlarda terror riski daha yüksək olur. Halbuki, Azərbaycanda radikal qrupların sosial bazası formalaşmır".
Deputat əlavə edib ki, digər mühüm məsələ silah dövriyyəsinə nəzarətdir:
"Xüsusilə, İkinci Qarabağ müharibəsi kimi genişmiqyaslı münaqişədən sonra bir çox ölkələrdə nəzarətsiz silah və hərbi sursatların yayılması müşahidə olunur.
Nəticədə, terror və kriminal qruplar hətta, millətçi və sosial şüarları bayraq edərək, daxildə qanusuzluq və silahlı fəaliyyətlərini həyata keçiririlər. XTPD təcrübəsini bir daha xatırlamaq yerinə düşər.
İraq və Suriya kimi ölkələrdə uzunmüddətli münaqişələr nəticəsində silahların geniş yayılması terror riskini artıran əsas faktorlardan biri olub.
Azərbaycanda müharibədən sonra qanunsuz silah dövriyyəsi ciddi nəzarətdə saxlanılıb, qeyri-qanuni silahlı birləşmələrin yaranmasına imkan verilməyib. Ən başlıcası, daxili işlər və təhlükəsizlik-əks kəşfiyyat sistemimiz effektiv, birlikdə peşəkarlıqla çalışıblar, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində daimi təhlükələrə çevik reaksiya veriblər.
Son aylar ərzində məxfi xidmət orqanlarının ictimailəşdirdiyi faktlar ölkəmizin müəyyən dövlətlərin hədəfində olduğunu açıq göstərir və onların planlı hərəkətini sübut edir.
Eyni zamanda, siyasi sabitlik mühüm əhəmiyyət kəsb edir. Bir çox ölkələrdə daxili siyasi qarşıdurmalar terrorizm üçün münbit zəmin yaradır.
Məsələn, Türkiyə güclü dövlət olmasına baxmayaraq, coğrafi mövqeyi və regiondakı münaqişələrə yaxınlığı səbəbindən PKK və on il əvvəl İŞİD kimi terror təşkilatları ilə mübarizə aparır və vaxtaşırı terror hadisələri ilə üzləşir.
Digər tərəfdən, Gürcüstan və Ermənistan kimi region ölkələri ilə müqayisə göstərir ki, aşağı risk qrupuna daxil olsalar da daxili siyasi gərginliklər, sosial narazılıqlar və xarici təsirlər onların təhlükəsizlik mühitinə kəskin təsir edir.
Azərbaycan daha sabit model nümayiş etdirir. Ölkəmizdə kəskin siyasi qarşıdurmaların olmaması, ictimai həmrəyliyin qorunması və dövlətə olan inam terrorizm üçün sosial zəminin formalaşmasına imkan vermir.
Dövlətə inamın aşağı olduğu ölkələrdə terror qrupları alternativ güc kimi qəbul edilir. Azərbaycanda isə əhalinin dövlət siyasətinə dəstəyi və milli birlik hissi daha yüksəkdir.
İkinci Qarabağ müharibəsində əldə olunan parlaq Qələbəmiz milli birliyin gücləndirilməsində və dövlət institutlarına inamı artmasında və daxili sabitliyi möhkəmləndirilməsində rolu misilsizdir.
Beləliklə, müqayisəli təhlil göstərir ki, yüksək terror riski olan ölkələrdə zəif dövlət nəzarəti, radikal ideologiyanın yayılması, silahların nəzarətsiz dövriyyəsi və sosial-siyasi parçalanma əsas faktorlar kimi çıxış edir.
Azərbaycan modelində isə bunun əksi mövcuddur: güclü dövlət idarəçiliyi, ictimai sabitlik, ideoloji nəzarət və təhlükəsizlik mexanizmlərinin effektiv fəaliyyəti.
Bütün bu nailiyyətlərlə yanaşı, biz gələcək riskləri də nəzərə almalıyıq. Müasir dünyada terrorizm yeni formalar alır və texnologiyanın inkişafı ilə daha mürəkkəb xarakter qazanır. Buna görə də, əldə olunmuş sabitliyin qorunması davamlı və sistemli yanaşma tələb edir.
Qarşıdakı dövrdə əsas vəzifələrimiz təhlükəsizlik sisteminin daha da gücləndirilməsi, maarifləndirmə işinin genişləndirilməsi, gənclərin radikal təsirlərdən qorunması və ictimai həmrəyliyin möhkəmləndirilməsi olmalıdır.
Nəticə etibarilə, Azərbaycanın terrorizmə qarşı mübarizədə əldə etdiyi uğurlar həm milli səviyyədə düzgün siyasətin, həm də beynəlxalq çağırışlara adekvat cavab verə bilən dövlət modelinin nəticəsidir".
Milli Məclisin deputatı Aydın Mirzəzadə:

“Azərbaycan 1993-cü ildən bu yana təhlükəsizlik baxımından mühüm inkişaf yolu keçib və bu gün artıq ön sıralarda yer alan ölkələrdən biri hesab olunur. Bu gün Azərbaycan vətəndaşı öz ölkəsində özünü təhlükəsiz hiss edir. Xarici qonaqlar, turistlər və ölkəmizdə yaşamaq üçün gələn insanlar da Azərbaycanda insan həyatı üçün ciddi təhlükənin olmadığını qeyd edirlər. Ölkədə qanunsuz silahlı dəstələr mövcud deyil, mütəşəkkil cinayətkar qruplaşmalar fəaliyyət göstərmir və geniş miqyaslı, oturuşmuş narkotik şəbəkələrinin olmaması da ümumi təhlükəsizlik mühitini gücləndirir".
Deputat qeyd edib ki, bütün bunlar vətəndaşların təhlükəsiz həyatını təmin edən əsas amillərdəndir:
"Bu gün insanlar şəhərlərdə sərbəst şəkildə, həm tək, həm də qrup halında, hətta gecə saatlarında belə rahat hərəkət edə bilirlər. Bu isə dövlətin təhlükəsizliyin təmin olunması istiqamətində atdığı ciddi addımların nəticəsidir.
Eyni zamanda, hüquq-mühafizə orqanlarında mütəmadi islahatlar aparılır və hər bir hüquq-mühafizə əməkdaşı öz vəzifəsinə məsuliyyətlə yanaşmağa çalışır. Bütün bunları nəzərə alaraq, Azərbaycanı təhlükəsizlik baxımından ən ön sıralarda yer alan ölkələrdən biri hesab etmək olar".
11:09 01.04.2026
Oxunuş sayı: 52