Makronun zəngi, Bakı-Tehran dialoqu və Naxçıvan sualları
Dünən Fransa Prezidenti Emmanuel Makron əvvəlcə Prezident İlham Əliyev, sonra İranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Daha sonra İlham Əliyev və Pezeşkian arasında birbaşa əlaqə baş tutub. Danışıq zamanı Pezeşkian Naxçıvanın hədəfə alınmasının İranla əlaqəsinin olmadığını bildirib.
İlham Əliyev isə hadisənin araşdırılmasının vacibliyini vurğulayıb. Tərəflər regiondakı gərginliyi azaltmaq və situasiyanı dəqiq qiymətləndirmək niyyətindədirlər. Məsələ ictimaiyyətdə sual doğurur. Bu hadisə İran-Azərbaycan münasibətlərinə isə təsirsiz ötüşmür.
Milli Məclisin deputatı Azər Badamov Crossmedia.az-ın suallarını cavablandırıb.
– Dünən Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Pezeşkian Naxçıvanın hədəfə alınmasının İranla əlaqəsinin olmadığını bildirib. Sizcə, doğrudan da, belədir? İlham Əliyev isə hadisənin araşdırılmasının vacibliyini vurğulayıb. Mümkün nəticə barədə nə düşünürsünüz?

-Maraqların kəskin toqquşduğu bir zamandayıq. Bu baxımdan alınan bütün qərarlar, verilən bütün bəyanatlar beynəlxalq aktorlar qədər regional aktorlara da təsirsiz ötüşmür.
Hər şeydən öncə qeyd edilməlidir ki, coğrafi ərazinin dəyişməzliyi kimi bir reallığımız var. Lakin bu, o demək deyil ki, qonşu dövlətlər bir-birilərinin ərazi bütövlüyü və suverenliyinə hörmət etməməli, siyasi iradəsini görməzdən gəlməli, bir-birilərinin daxili işlərinə qarışmalıdırlar.
Gücün konsolidasiyası, ən azından sayıq yanaşma daha önəmlidir, nəinki qarşı durmaya getmək, emosional davranmaq. Şübhəsiz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Naxçıvana dron hücumi ilə bağlı qətiyyətli yanaşma ortaya qoyması son dərəcə düzgün addım idi.
Bu istiqamətdə Azərbaycan xalqı yenə də öz Liderinin yanında oldu. Zənn edirəm ki, hadisə baş verdikdən dərhal sonra Məsud Pezeşkianın Azərbaycanlı həmkarı cənab İlham Əliyevə telefon zəngi olsa idi münasibətlər bu qədər gərginləşməzdi. Ritorikada və yanaşmada bir qədər təmkin müşahidə oluna bilərdi. Lakin İran bunu etmədi.
Çünki Azərbaycan Lideri o dövlət başçısı idi ki, dərhal İran səfirliyinə gedərək başsağlığı, humanitar yardım göstərməklə bağlı göstəriş verdi. Lakin gec deyil, istənilən halda Məsud Pezeşkianın telefon zəngini müsbət qiymətləndirirəm. Daha dərinləşmədən telefon zəngi baş tutdu.
Çünki telefon zəngi zamanı Pezeşkian həm Azərbaycanın başsağlığı verməsi, həm də humanitar yardımla bağlı cənab Prezident İlham Əliyevə təşəkkür etdi.
Deməli, bu, nəzərdədir, yüksək qiymətə layiq olduğu da bilinir, qəbul edilir. Bu, önəmli məsələdir. Bir digər önəmli məsələ odur ki, Pezeşkian dron atəşinin araşdırılması ilə bağlı məsələni diqqətdə saxladı, vəd verdi.
Düzü, İran Prezidenti yenə öncəki fikrini təkrarladı ki, bunun İranla heç bir əlaqəsi yoxdur. Lakin araşdırılmayla bağlı sözün verilməsinin özü də önəmlidir. Məsələ araşdırılsın, günahkarlar cəzalansın və Azərbaycandan üzr istənilsin.
Azərbaycanın yanaşması da, tələbi də, istəyi də, niyyəti də bundan ibarətdir. Telefon zəngi zamanı cənab Prezident İlham Əliyev bir daha mülki insanların həlak olması ilə bağlı başsağlığı verdi.
Bu, ondan xəbər verir ki, Azərbaycan regionda münaqişənin, müharibənin əleyhinədir, mülki insanlarla bağlı narahatdır. Azərbaycan nəinki İranla, heç bir regional aktorla gərginlik istəmir, maraq bunda deyil.
Əksinə, müharibə bitdikdən dərhal sonra Azərbaycan əməkdaşlıq platformalarını önə sürərək ortaq maraqları bir araya gətirən, fayda vəd edən layihələrdə qətiyyət göstərir.
Məhz bunun nəticəsidir ki, telefon zəngindən sonra Azərbaycan və İran arasında bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması bərpa edildi. Lakin bir daha hiss olunur ki, İranda qurumlararası müəyyən koordinasiya boşluğu var. Sərt və yumşaq yanaşma arasında qərarsızlıq müşahidə olunur.
Ümid edək ki, Pezeşkianın verdiyi sözə, yəni insidentin araşdırılması ilə bağlı verdiyi vədə mane olmayacaqlar. Həm də İranda sərt ritorikayla çıxış edən, sərt qərarlar alan tərəflər anlamalıdırlar ki, vəziyyətin daha da mənfiyə doğru getməməsi üçün region ölkələri ilə daha diqqətli davranmalıdırlar.
Azərbaycana qarşı hər hansı bir sərt ritorika, sərt addım olarsa, Azərbaycan buna cavab verməyə məcburdur.
Türkiyə xarici işlər naziri Hakan Fidan da bildirdi ki, Azərbaycanla Türkiyənin hədəf alınması yolverilməzdir. Ümid edək ki, Naxçıvan hadisəsi araşdırılacaq. Bu, məsələnin bir tərəfidir.
Digər tərəfi ondan ibarətdir ki, hadisə baş verdikdən dərhal sonra demək olar ki, bütün dünya Azərbaycana dəstək ifadə etdi. Şübhəsiz ki, bu məsələdə hər bir tərəfin öz maraqları var. Lakin onu da vurğulayaq ki, xarici aktorlar İranı daxildən parçalamaq, cəmiyyəti üz-üzə qoymaq məqsədi güdürdülər. Hal-hazırda görünən mənzərə ondan ibarətdir ki, İran bu istiqamətdə xarici qüvvələri yaxın qoymamaq üçün parçalanmalara getmir.
– Tərəflər arasında telefon danışığından əvvəl Makron əvvəlcə Prezident İlham Əliyev, sonra Pezeşkianla danışıb. Avropa və Fransanın baş verənlərlə bağlı mövqeyini necə qiymətləndirirsiniz?
-Fransa Prezidentinin cənab Prezident İlham Əliyeva zəngini də şübhəsiz ki, müsbət dəyərləndirirəm, bu, Azərbaycanın nüfuzundan, habelə haqlı yanaşmasının qəbul olunduğundan xəbər verir. Zənn edirəm ki, bu zəng həm də prosesin eskalasiya olunmamasının lehinə hesab edilən zəng idi.
– Bu hadisə İran- Azərbaycan münasibətlərini hansı səviyyəyə qədər gərginləşdirə bilər?
-Düşünürəm ki, İran-Azərbaycan münasibətlərinin gərginləşdirilməsi nə Azərbaycana, nə İrana, nə regiona, bütövlükdə isə İran müharibəsində İrana müsbət heç bir şey verməyəcək.
– Sizcə, Azəbaycan və Türkiyə müharibəyə çəkilir? Bu kimə lazımdır?
-Türkiyə-Azərbaycanın müharibənin mərkəzinə gətirilməyə çalışılması cəhdlərinin qarşısında hər bir tərəf dayanmalıdır. Təmkinli və soyuq yanaşma daha məqsədəmüvafiqdir.
– İki qardaş ölkə indiki durumda necə davranmalıdır?
-Təmkinli və soyuq yanaşma daha məqsədəmüvafiqdir. İran müharibəsi Avropa və Asiya iqtisadiyyatına zərər verir. Hörmüz boğazından neft və qaz tədarükündən böyük miqdarda asılılıq hər dəqiqə bu işdə öz sözünü deyir. Mövcud durum quru və hava daşımalarına ciddi təsir göstərir. Avropa narahatdır, çünki İran müharibəsi ABŞ-dan daha çox Avropa və Asiyaya əhəmiyyətli dərəcədə mənfi təsir edir.
Fatimə Məmmədova
17:49 09.03.2026
Oxunuş sayı: 65