ADNA terroru ilə bağlı DETALLAR AÇIQLANDI
Bu gün Azərbaycan tarixinin ən ağrılı və sarsıdıcı səhifələrindən birinin – Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktının ildönümüdür. 2009-cu il aprelin 30-da baş verən bu faciə təkcə bir təhsil ocağına deyil, bütövlükdə cəmiyyətin təhlükəsizlik, sabitlik və mənəvi dəyərlər sisteminə yönəlmiş ağır zərbə idi. Gənc həyatların yarımçıq qırılması, ailələrin faciəyə sürüklənməsi və cəmiyyətin kollektiv yaddaşına həkk olunan bu hadisə uzun illər keçsə də aktuallığını və ağrısını itirmir.
Hadisənin mahiyyətinə nəzər saldıqda, bu terror aktının təkcə kriminal hadisə kimi deyil, həm də daha geniş təhlükəsizlik kontekstində qiymətləndirilməsinin vacibliyi ortaya çıxır. Qloballaşan dünyada terrorizm artıq lokal problem deyil; o, siyasi, ideoloji və psixoloji faktorların kəsişməsində formalaşan mürəkkəb təhlükədir. ADNA hadisəsi göstərdi ki, radikal düşüncə və zorakılıq meyilləri nəinki dövlət sərhədlərini, hətta cəmiyyətin ən təhlükəsiz hesab edilən məkanlarını belə hədəfə ala bilir
Baş vermiş hadisə ilə bağlı AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, fəlsəfə doktoru, dosent Şölət Zeynalov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Bildiyimiz kimi, 17 il əvvəl — 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyası-nın Dilər Əliyev küçəsində yerləşən ikinci tədris korpusunda ağır və faciəvi bir hadisə baş verdi. Bu hadisə mahiyyət etibarilə terror aktı idi və Azərbaycan cəmiyyətinə qarşı yönəlmiş qanlı qətliam kimi tarixə düşdü.

Silahlı hücumu həyata keçirən şəxs — 1987-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Fərda Qədirov olmuşdur. O, odlu silahla silahlanaraq inzibati binaya daxil olmuş və birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxan insanlara xaotik şəkildə atəş açmışdır.
Hadisədən dərhal sonra Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən birgə əməliyyat-istintaq qrupu yaradılmış, cinayət işi üzrə geniş araşdırmalara başlanılmışdır. İstintaq nəticəsində müəyyən edilmişdir ki, Fərda Qədirov xaricdə yaşayan erməni əsilli şəxslərlə, o cümlədən Mardun Qumaşyan ilə əlaqədə olmuş və müəyyən istiqamətləndirmə nəticəsində Azərbaycana göndərilmişdir.
Bu terror aktı nəticəsində 12 nəfər həyatını itirmiş, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Həlak olanların sırasında tələbələr, gənclər və ali təhsil müəssisəsinin əməkdaşları da olmuşdur. Bu faciə yalnız ayrı-ayrı şəxslərə deyil, bütövlükdə Azərbaycan cəmiyyətinə qarşı törədilmiş ağır cinayət kimi qiymətləndirilməlidir.
İstintaq və məhkəmə prosesi nəticəsində hadisədə iştirak edən digər şəxslər — Nadir Əliyev, Cavidan Amirov, Nəzif Süleymanov ömürlük azadlıqdan məhrum edilmiş, Arif Qabilov isə 11 il müddətinə həbs cəzasına məhkum olunmuşdur. Eyni zamanda Mardun Qumaşyan barəsində beynəlxalq axtarış elan edilmişdir.
Qeyd edilməlidir ki, 3 sentyabr 2015-ci il tarixli sərəncamla Azərbaycan Dövlət Neft Akademiyası-nın adı dəyişdirilərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılmışdır. Hazırda hər il bu faciənin ildönümündə universitetdə və digər ali təhsil müəssisələrində həlak olanların xatirəsi ehtiramla yad edilir.
Bu hadisə bir daha göstərdi ki, təhlükəsizlik məsələləri yalnız hüquq-mühafizə orqanlarının deyil, eyni zamanda bütün cəmiyyətin, xüsusilə də təhsil müəssisələrinin rəhbərlərinin və əməkdaşlarının diqqət mərkəzində olmalıdır. Təhsil ocaqlarında təhlükəsizlik sistemləri elə qurulmalıdır ki, hər hansı təhlükə əvvəlcədən aşkarlansın və qarşısı alınsın.
Eyni zamanda regional və qlobal proseslər fonunda Azərbaycan sabitlik və təhlükəsizlik baxımından etibarlı məkan kimi seçilir. Dövlət qurumlarının koordinasiyalı fəaliyyəti nəticəsində ölkədə ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunur.
Belə faciələr unudulmamalı, daim xatırlanmalı və gələcək nəsillərə çatdırılmalıdır. Bu, həm tarixi yaddaşın qorunması, həm də cəmiyyətin təhlükəsizlik şüurunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Məsələ ilə bağlı həmçinin təhlükəsizlik üzrə ekspert İlham İsmayılda öz fikirlərini bölüşüb:
"17 il əvvəl Dövlət Neft Akademiyasında baş verən terror aktının müəmmalı tərəfləri bu günə qədər tam aydınlaşdırılmayıb. Baxmayaraq ki, hadisə ilə bağlı 4 nəfər həbs olunmuş, onlardan 3-ü ömürlük, 1 nəfər isə 11 il müddətinə azadlıqdan məhrum edilmişdir, yenə də bir çox suallar açıq qalır.
Hər bir cinayətin müəyyən motivasiyası olmalıdır. Bu baxımdan əsas suallar bunlardır: Səbəb nə idi? Nə üçün məhz həmin akademiya hədəf seçilmişdi? Bu terror aktı ilə hansı mesaj verilmək istənilirdi?

Əvvəlcə qeyd etmək lazımdır ki, terror bir təzyiq vasitəsidir. Yəni bu və ya digər formada dövlətə və onun siyasətinə qarşı yönəlmiş təsir mexanizmidir. İlk baxışda belə görünə bilər ki, hadisə tam araşdırılıb, iştirakçılar saxlanılıb, əsas icraçı isə özünü öldürüb. Lakin buna baxmayaraq, motivasiya tam şəkildə açıqlanmır.
Xüsusilə diqqət çəkən məqamlardan biri odur ki, hadisəni törədən şəxs Gürcüstan vətəndaşı olmuş, müəyyən müddət Rusiyada yaşamış və məhz oradan gəlmişdir. Bu fakt müəyyən suallar doğurur.
Tarixi paralel aparsaq, 1999-cu ildə Ermənistan parlamentində baş verən qətliamı xatırlaya bilərik. Həmin hadisəni törədən şəxs də Rusiyanın Rostov şəhərindən gəlmişdi və öz tələblərini irəli sürmüşdü. Bu baxımdan oxşar məqamların olması şübhələri artırır.
Burada bir məqamı xüsusi vurğulamaq lazımdır: məqsəd konkret olaraq hansısa dövləti ittiham etmək deyil. Lakin həmin dövrdə Azərbaycanın daha müstəqil siyasət yürütməyə başlaması, enerji gəlirlərinin artması və regionda mövqeyinin güclənməsi fonunda belə hadisələrin baş verməsi müəyyən suallar doğurur.
Digər tərəfdən, terror aktını törədən şəxsin sonradan özünü öldürməsi məsələsi də tam aydın deyil. Çünki 12 nəfəri qətlə yetirən bir şəxsin birdən-birə intihar etməsi və ya onun aradan götürülməsi ehtimalı mübahisə doğurur. Hətta hadisənin şahidi olan şəxsin onu sonradan zərərsizləşdirdiyi barədə iddialar da mövcuddur.
Texniki baxımdan da bəzi məqamlar diqqət çəkir. Məsələn, “Makarov” tipli tapançada maksimum 8 patron olur. Bu isə göstərir ki, hücum əvvəlcədən planlaşdırılmış və kifayət qədər hazırlıq görülmüşdür.
Bütün bunlar onu deməyə əsas verir ki, hadisəni törədən şəxs psixoloji baxımdan tam qeyri-sağlam biri olmamış, əksinə müəyyən hazırlıq keçmiş və planlı şəkildə hərəkət etmişdir.
Nəticə etibarilə, cinayətdə iştirak edən şəxslər cəzalandırılsa da, hadisənin arxasında duran motivlər və mümkün əlaqələr hələ də tam şəkildə açıqlanmamış qalır. Bu isə məsələnin müəmmalı tərəflərinin bu gün də müzakirə olunmasına səbəb olur".
Elmir Heydərli
14:47 30.04.2026
Oxunuş sayı: 60