“Azəristilik” ləğv ediləcək: ƏHALİ NARAZIDIR
Son dövrlər Azərbaycanda insanların üzləşdiyi əsas problemlərdən biri də məhz “Azəristilik”lə bağlıdır. Qurumun düzgün idarə olunmaması, köhnə qaydalarla fəaliyyət göstərməsi və istilik sistemində yaranan problemlər nəticəsində bir çox vətəndaş evlərin soyuması, lazımi səviyyədə isinməməsi kimi çətinliklərlə qarşılaşır. Bu vəziyyət isə “Azəristilik”lə bağlı bir sıra problemlərin və narazılıqların yenidən gündəmə gəlməsinə səbəb olur.
Qeyd olunan problemlə bağlı Crossmedia.az-a danışan iqtisadçı Elçin Rəşidov vurğulayıb ki, hələ 20 il əvvəl Bakıda fərdi qızdırıcı sistemlər - kombi və s. populyarlaşmağa başlamışdı: “Azəristilik” isə ümumi şəkildə bütün binanı qızdırır və bu zaman ciddi problemlər yaranır. Ümumiyyətlə, “Azəristiliy”in mövcud olmasının iqtisadi səbəbi yoxdur. Əksinə, onun ləğv edilməsinin iqtisadi səbəbləri var. Hazırda “Azəristilik” israfdan ibarət bir sistemdir.

Problemlərə gəldikdə isə onları bir-bir sadalamaq olar. Birincisi, bütün binanı ümumi şəkildə qızdırmaq səmərəsizdir. İnsanlar istifadə etdikləri istiliyə görə deyil, aylıq ödəniş etdikləri üçün çox vaxt pəncərələri açıq qoyurlar və istilik çölə gedir. Bu isə ciddi israfa səbəb olur. Fərdi istilik sistemlərində isə vəziyyət fərqlidir. Hər kəs öz mənzilinin istiliyini özü tənzimləyir, ehtiyac qədər istifadə edir. Evdə olmadığı zaman isə sistemi söndürə və ya minimum rejimə keçirə bilir. İkincisi, bu sistem ciddi israfa səbəb olur. Bununla yanaşı, məsələnin dövlət tərəfindən idarə olunması ilə fərdi şəkildə idarə olunması arasında böyük fərq var. Ümumiyyətlə, dünya təcrübəsində də qəbul olunur ki, dövlət bir çox hallarda səmərəli idarəçi olmur. İstilik məsələsi isə əslində fərdi məsələdir və fərdi şəkildə həll edilməlidir. Bu sahə özəl sektora verilməlidir və bazar prinsipləri əsasında fəaliyyət göstərməlidir.
Fərdi sistemlər o deməkdir ki, hər kəs öz mənzilində istədiyi temperaturu tənzimləyə bilir. Bu isə daha səmərəli yanaşmadır. Bundan əlavə, böyük investisiya xərclərinə də ehtiyac qalmır. Çünki mərkəzi istilikxanalara ehtiyac olmur. Binaların ortasında yerləşən istilikxanalar isə həm böyük yer tutur, həm də həmin sahələrin iqtisadi dəyəri çox yüksək olur.
Mərkəzi sistem üçün çoxlu borular çəkilir, nasoslar, mühərriklər və digər avadanlıqlar quraşdırılır. Halbuki mənzillərdə kombi sistemləri kifayət edir. Fərdi kombinin ilkin quraşdırılması hər mənzil üçün təxminən 1600 manata başa gəlir. Amma bina üçün mərkəzləşdirilmiş sistemin qurulması, istilikxananın tikilməsi və digər infrastrukturun yaradılması milyonlarla vəsait tələb edə bilər. Bundan əlavə, həmin sistemə xidmət göstərmək üçün əlavə işçi qüvvəsi də lazımdır".
Ekspertin sözlərinə görə, digər problem odur ki, bu sistem hər il dövlət tərəfindən subsidiyalaşdırılır. Bu isə o deməkdir ki, mərkəzləşdirilmiş istilik sistemindən istifadə etməyən vətəndaşların ödədiyi vergilər hesabına digər vətəndaşların evləri qızdırılır: "Təsəvvür edin ki, siz bu sistemdən istifadə edirsiniz, mən isə istifadə etmirəm. Amma dövlət büdcəsi hamımızın vergiləri hesabına formalaşdığı üçün mənim ödədiyim vergilər də sizin mənzilinizin qızdırılmasına sərf olunur.
Bu sosial baxımdan ədalətsiz bir vəziyyətdir. Bir qrup vətəndaş digər qrupun xərclərini ödəməli olur. Nəticə etibarilə insanların daha da yoxsullaşmasına səbəb olur. Bundan başqa, Azəristilik sistemi müəyyən günlərdə istilik verir. Amma elə hallar olur ki, həmin günlərdən kənarda da istiliyə ehtiyac yaranır, lakin sistem işləmədiyi üçün insanlar bundan istifadə edə bilmir. Bəzən də əksinə, hava kifayət qədər isti olduğu halda sistem işləyir və boş yerə yanacaq sərf olunur. Nəticədə insanlar pəncərələri açaraq istiliyi çölə buraxırlar. Bu isə həm iqtisadi, həm də ekoloji baxımdan ciddi israfdır. Ümumiyyətlə, “Azəristiliy”in problemləri çoxdur. Lakin bu problemləri həll etmək əvəzinə, bəzi hallarda daha da dərinləşdirən addımlar atılır. Belə ki, dövlət yenidən büdcə vəsaiti hesabına boruların dəyişdirilməsi, avadanlıqların yenilənməsi və digər işlər üçün əlavə vəsait ayırır. Halbuki həmin vəsaitlərdən istifadə etməyən vətəndaşlar da bu xərcləri dolayısı ilə ödəməli olurlar. Bu vəziyyəti izah etmək üçün məşhur bir misal var. Deyirlər ki, "əgər getdiyiniz yolda at ölürsə, ən düzgün strategiya onu dəyişmək və ya bəzəmək deyil, sadəcə ondan düşməkdir". Amma bəzən belə olur ki, ölən atı bəzəyir, ona daha çox yem verirlər, yəhərini dəyişirlər, ətrafına əlavə adamlar qoyurlar və düşünürlər ki, bu yolla sürət artacaq. Halbuki problem dəyişmir.
Hazırda “Azəristilik” də məhz belə bir vəziyyətdədir və bu sistemdən mümkün qədər tez imtina etmək lazımdır. Onun xərclərini artırmaq, idarəetməsini dəyişmək və ya yeni resurslar ayırmaq problemi həll etmir.
Bundan əlavə, maraqlı bir məqam da var ki, bəzi hallarda “Azəristilik”dən istifadə edən vətəndaşlar eyni zamanda evlərində kombi də quraşdırırlar. Çünki onlar daha stabil və rahat istilik istəyirlər. Kombi sistemi vasitəsilə mənzili fərdi və avtonom şəkildə qızdırmaq mümkündür. Bu zaman insanlar istədikləri temperaturu tənzimləyə bilir və istifadə etmədikləri otaqları qızdırmırlar. Nəticədə həm enerji sərfiyyatı azalır, həm də iqtisadi qənaət əldə olunur".
E.Rəşidov əlavə edib ki, mərkəzləşdirilmiş sistemdə insanlar istifadə edib-etməməsindən asılı olmayaraq aylıq ödəniş edirlər. Üstəlik, istilik borularında yaranan itkilər də əlavə xərclərə səbəb olur: "Binalar arasında və ya yollar boyunca keçən borular vasitəsilə də istilik itkisi baş verir.
Bütün bunları nəzərə alaraq, “Azəristilik” sistemindən imtina edilməli və iqtisadi baxımdan daha səmərəli olan fərdi qızdırıcı sistemlərə keçid təmin olunmalıdır. Bu halda hər kəs öz mənzilinin istiliyini özü tənzimləyəcək, enerji daha səmərəli istifadə olunacaq və ümumi iqtisadi baxımdan daha düzgün nəticə əldə ediləcək.
Hazırda isə “Azəristiliy”in mövcudluğu həm iqtisadi baxımdan səmərəsizdir, həm də sosial baxımdan ədalətsiz bölgü yaradır. Çünki bu sistemdən istifadə etməyən vətəndaşlar da faktiki olaraq digər vətəndaşların mənzillərinin qızdırılmasını subsidiyalaşdırmış olurlar".
Fatimə Məmmədova
13:20 09.03.2026
Oxunuş sayı: 3604